Əfqanıstan İslam Respublikası
Azərbaycan Respublikası və Əfqanıstan İslam Respublikası arasında ikitərəfli münasibətlər
Əfqanıstan Azərbaycanın müstəqilliyini 21 dekabr 1991–ci ildə tanımışdır.İki ölkə arasında diplomatik münasibətlər 16 noyabr 1994-cü ildə qurulmuşdur. Əfqanıstanın Azərbaycanda səfirliyi 2012-ci ilin noyabr ayından fəaliyyət göstərir.
Prezident Məhəmməd Əşrəf Qani 1 dekabr 2017-ci il “Asiyanın ürəyi-İstanbul prosesi”nin 7-ci Nazirlər Toplantısında iştirak üçün Azərbaycana səfər etmişdir.
Xarici işlər naziri Səlahuddin Rəbbani 1 dekabr 2017-ci il “Asiyanın ürəyi-İstanbul prosesi”nin 7-ci Nazirlər Toplantısında iştirak məqsədilə Azərbaycana səfər etmişdir.
5-6 aprel 2018-ci il Xarici işlər naziri Səlahuddin Rəbbani “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında iştirak məqsədilə Azərbaycana səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Musa Qasımlıdır.
O cümlədən, Əfqanıstan Parlamentində Əfqanıstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Atiqullah Ramindir.
Müqavilə hüquq bazası
Azərbaycan Respublikası ilə Əfqanıstan İslam Respublikası arasında 15 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupun birinci iclası 16 iyul 2019-cu ildə Bakıda keçirilmişdir.
Qeyd: 1 dekabr 2017-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq haqqında Saziş”in müvafiq müddəaları ilə iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupu yaradılmışdır. İşçi qrupunun Azərbaycan tərəfindən həmsədri vəzifəsi vakantdır. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov başqa vəzifəyə təyin edilmişdir, Əfqanıstan tərəfindən isə maliyyə naziri səlahiyyətlərini icra edən Abdul Hadi Arqandivaldır.
İqtisadi əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)
İl |
İxrac |
İdxal |
Dövriyyə |
2017 |
52 239.6 |
0.5 |
52 240.0 |
2018 |
71 537,94 |
1.60 |
71 539,54 |
2019 |
82,7 |
59.000 |
82,759 |
2020 |
30.69 (min) |
30.69 (min) |
|
Yanvar -Mart 2021 |
489,04 |
0,00 |
489,04
|
Azərbaycanın ixrac etdiyi məhsullar:
Reaktiv mühərriklər üçün kerosin yanacağı, yüngül distilyatlar, qazoyllar, butan qazı, şəkər və saxaroza, süd və qaymaq.
Azərbaycanın idxal etdiyi məhsullar:
Qurudulmuş ərik, plastik kütlədən hazırlanmış digər məmulatlar.
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 30 dekabr 2020-ci ildə AR-in Əfqanıstan İslam Respublikasında səfirliyi təsis edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 28 iyul 2021-ci ildə İlham Nəriman oğlu Məmmədov Azərbaycanın Əfqanıstan İslam Respublikasında səfiri təyin edilmişdir.