Protokol qaydaları

Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklər, konsulluq müəssisələri və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditə olunma qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasındakı diplo­ma­­tik nümayəndəliklər, konsulluq müəssisələri və bey­nəl­­xalq təşkilatların nümayəndəliklərinin (bundan sonra – diplo­matik nümayəndəlik) əməkdaşlarının və onların ailə üzv­lərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazir­liyində (bundan sonra – Nazirlik) qeydiyyatını (bun­dan sonra - akkreditə olunmasını) tənzimləyir.

1.2. Akkreditə olunma Nazirliyin Dövlət Protokolu İdarəsi tərə­findən həyata keçirilir.

1.3. Nazirlik tərəfindən akkreditə olunmuş şəxslər diplo­matik nümayəndəliklərin heyət üzvləri kimi tanınır.

1.4. Nazirlik tərəfindən aşağıda göstərilən kateqoriyalara aid şəxslər akkreditə olunur:

1.4.1. Diplomatik heyətin üzvləri, onların ailə üzvləri;

1.4.2. İnzibati-texniki heyətin üzvləri, onların ailə üzvləri;

1.4.3. Xidmətçi heyət, heyət üzvü olmayan özəl ev işç­i­­ləri, Azərbaycanda daimi yaşayan və diplomatik nüma­yən­­­dəliklərdə çalışan xarici ölkələrin diplomatik və xid­mə­ti pasportlara malik olmayan vətəndaşları, üçüncü döv­­­lət­lərin vətəndaşları;

1.4.4. Diplomatik nümayəndəliklərdə çalışan Azərbaycan Respublikasının vətəndaşları;

1.4.5. Fəxri konsullar.

1.5. Ailə üzvləri qismində diplomatik nümayəndəliyin dip­lo­­matik və ya inzibati-texniki heyət üzvünün həyat yol­da­şı və 18 yaşına çatmamış uşaqları nəzərdə tutulur. Dip­lo­­­­­matik nümayəndəliyin heyət üzvü ilə rəsmi nikahda olan şəxs həyat yoldaşı kimi qəbul olunur. Partnyor mü­na­­­sibət­lərində olan şəxslər və eynicinsli nikahda olan şəxs­lər həyat yoldaşı kimi qəbul olunmur.            

1.6. Qarşılıqlılıq prinsipi əsasında diplomatik nüma­yən­də­lik­lərin  heyət üzvlərinin onlarla birlikdə yaşayan vali­deynlərinin və 18-25 yaşlarında olan uşaqlarının Nazirlik tərəfindən akkreditə olunması məsələsinə baxıla bilər.

 

2. Vəsiqələrin növləri

 

2.1. Nazirlik tərəfindən diplomatik nümayəndəliklərin diplomatik və inzibati-texniki heyət üzvlərinə, onların ailə üzvlərinə, xidmətçi heyətə, heyətin üzvü olmayan özəl ev işçilərinə, diplomatik nümayəndəliklərdə çalışan Azər­bay­­canda daimi yaşayan xarici ölkələrin diplomatik və xid­məti pasportlara malik olmayan vətəndaşlarına, üçün­cü dövlət­lərin vətəndaşlarına, diplomatik nüma­yən­də­lik­lər­də çalı­şan Azərbaycan Respublikasının vətən­daş­la­rına və fəxri konsullara aşağıda göstərilən növlərdə akkreditə vəsiqə­ləri verilir:

2.2. Diplomatik vəsiqə:

2.2.1. Diplomatik heyətin üzvlərinə və onların ailə üzv­lərinə;

2.2.2. İqamətgahı Bakı şəhərində olmayan diplomatik nü­mayəndəliklərin başçılarına, həmin diplomatik nüma­yən­­dəliklərin diplomatik heyətinin bir nəfər üzvünə, hərbi (müdafiə, polis və ya sərhəd) məsələlər üzrə attaş­eləri­nə;

2.2.3. BMT-nin və onun ixtisaslaşmış qurumlarının Azər­baycan Respublikasındakı nümayəndəliklərində ça­lı­şan və BMT-nin "Laissez-Passer" sənədinə malik olan əmək­daşlarına (Azərbaycan Respublikasının vətən­daş­ları və ya Azərbaycan Respublikasında daimi yaşayan şəxslər istisna olunmaqla) və onların ailə üzvlərinə;

2.2.4. Azərbaycan Respublikası ilə müqavilə bağlamış və onun müddəalarına əsasən diplomatik statusa, imtiyaz və immunitetlərə malik olan beynəlxalq təş­kilat­ların Azərbay­can Respublikasındakı nümayən­dəliklərinin başçılarına, diplomatik pasporta malik əməkdaşlarına (Azərbaycan Respublikası vətəndaşları istisna olun­maqla) və onların ailə üzvlərinə.

2.3. Xidməti vəsiqə:

2.3.1. Diplomatik nümayəndəliklərin xidməti pasporta malik olan əməkdaşlarına və onların ailə üzvlərinə;

2.3.2. BMT-nin və onun ixtisaslaşmış qurumlarının Azər­baycan Respublikasındakı nümayəndəliklərində çalışan və BMT-nin "Laissez-Passer" sənədinə malik olmayan əməkdaşlarına (Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşa­yan şəxslər istisna olunmaqla) və onların ailə üzv­lərinə;

2.3.3. Azərbaycan Respublikası ilə müqavilə bağlamış və onun müddəalarına əsasən imtiyaz və immunitetlərə malik olan, lakin xidməti pasporta malik olmayan bey­nəl­xalq təşkilatların Azərbaycan Respublikasındakı nüma­yən­də­lik­­lərinin inzibati-texniki heyətinə (Azərbaycan Respub­likası vətəndaşları və ya Azərbaycan Res­pub­likasında daimi yaşayan şəxslər istisna olunmaqla) və onların ailə üzvlərinə.

2.4. Vəsiqə:

2.4.1. Diplomatik nümayəndəliklərdə çalışan xidməti və ya xüsusi pasporta, eyni zamanda imtiyaz və immunitet­lə­rə malik olmayan, xarici dövlətlərin vətəndaşları olan inzibati-texniki heyətinin və xidmətçi personalın üzv­ləri­nə;

2.4.2. Diplomatik nümayəndəliklərin heyət üzvü olmayan özəl ev işçilərinə;

2.4.3. Azərbaycan Respublikasında daimi yaşayan və dip­­lomatik nümayəndəliklərdə çalışan xarici ölkələrin dip­lo­­matik və xidməti pasportlara malik olmayan vətən­daşlarına, üçüncü dövlətlərin vətəndaşlarına;

2.4.4. Diplomatik nümayəndəliklərin Azərbaycan Res­pub­likasının vətəndaşları olan inzibati-texniki heyətinin və xidmətçi personalının üzvlərinə;

2.5.   Fəxri konsul vəsiqəsi:

2.5.1. Xarici ölkələrin Azərbaycan Respublikasındakı fəx­ri konsullarına.

2.5.2.  Diplomatik nümayəndəliklərin heyətinin bu bənd­də qeyd olunan üzvlərinə 1963-cü il tarixli "Konsulluq Əlaqələri haqqında” Vyana Konvensiyasında fəxri kon­sullara münasibətdə nəzərdə tutulmuş imtiyaz və immunitetlər şamil olunur.

2.5.3. Fəxri konsulların ailə üzvləri akkreditə olunmur.

2.6. Pasportunun növünə və tutduğu vəzifəyə görə dip­lomatik nümayəndəliyin heyət üzvünün qeyd olunan kateqoriyalardan hər hansı birinə uyğun gəlməsinə baxmayaraq, qarşılıqlılıq prinsipi əsasında Nazirlik diplo­matik nümayəndəliyin heyət üzvünün statusunu aydın­laşdırmaq və ona verilən vəsiqənin kateqoriyasını müəy­yən etmək hüququna malikdir.

2.7. Bütün vəsiqələr 2 il müddətinə  etibarlıdır.

2.8. Diplomatik nümayəndəliklərin heyət üzvlərinin imtiyaz və immunitetləri 18 aprel 1961-ci il tarixli  Dip­lo­matik əla­qələr, 24 aprel 1963-cü il tarixli Konsulluq əla­qələri haq­qında Vyana konvensiyalarına və Azər­baycan Respub­lika­sının tərəfdar çıxdığı digər müvafiq beynəl­xalq müqavilə­lərə uyğun olaraq müəyyən edilir.

 

3. Vəsiqələrin verilməsi

 

3.1. Diplomatik nümayəndəliklərin heyət üzvlərinə akkreditə vəsiqələrinin verilməsi üçün Nazirliyə aşağıda göstərilən sənədlər təqdim olunur:

3.1.1. Verbal nota;

Ölkəyə daxil olduqdan və ya işə qəbul olunduqdan sonra 10 iş günü ərzində akkreditə haqqında verbal nota gön­də­rilir. Notada, akkreditə olunan şəxsin adı, soyadı, nü­ma­­yən­dəlikdə tutduğu xidməti vəzifə, diplomatik rütbə (oldu­ğu təqdirdə) qeyd olunur.

3.1.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;

3.1.3. Xarici ölkə vətəndaşının pasportunun onun sahibi haq­­qında başlıca  məlumatı əks etdirən səhifələrinin (adı, soyadı, fotoşəkli, pasportun növünü göstərən) su­rəti, Azərbaycan Respublikası vətəndaşının isə şəx­siy­yət vəsiqəsinin surəti;

3.1.4. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Akkreditasiya kartı üçün anket” (Application for identity card) (əlavə 1).

3.2. Anket doldurularkən ev ünvanının olmadığı təqdirdə, ev ünvanı məlum olduqdan sonra və ya ünvan dəyiş­dirildiyi zaman bu barədə məlumat 15 iş günü ərzində verbal nota ilə Nazirliyə bildirilməlidir.

3.3. Akkreditə vəsiqəsinin etibarlılıq müddəti bitdiyi və ya akkreditə vəsiqəsinin sahibinin vəzifəsi dəyişdiyi zaman, həmin vəsiqənin yenilənməsi üçün Nazirliyə aşağıda göstərilən sənədlər təqdim edilir:

3.3.1. Verbal nota; Verbal notada, akkreditə olunan şəxsin adı, so­yadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə, diplo­matik rütbə (olduğu təqdirdə) qeyd olunmalıdır.

3.3.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;

3.3.3. Etibarlılıq müddəti bitən və ya dəyişdirilən vəsi­qənin surəti;

3.3.4. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Akkreditasiya kartı üçün anket” (Application for identity card) (əlavə 1).

3.4. Akkreditə vəsiqəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar sənədlər həmin müddətin bitməsinə ən azı 10 iş günü qalmış təqdim edilir.

3.5. Yeni akkreditə vəsiqələri təhvil alındığı zaman, etibarlılıq müddəti bitmiş və ya  dəyişdirilən akkreditə vəsiqə­lərinin əsli Nazirliyə təhvil verilir.

3.6. Akkreditə vəsiqəsinin itirildiyi, oğurlandığı və ya yararsız vəziyyətə düşdüyü təqdirdə, yeni vəsiqənin əldə olunması üçün Nazirliyə aşağıda qeyd olunan sənədlər təqdim edilir:

3.6.1. Verbal  nota: verbal notada, akkreditə vəsiqəsinin sahibinin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə, dip­lomatik rütbə (olduğu təqdirdə) qeyd olunmalı, akkreditə vəsiqəsinin itirilmə, oğurlanma və ya yararsız vəziyyətə düş­mə hallarından biri göstərilir.

3.6.2. 3x4 ölçülü 2 ədəd rəngli (ağ fonda) fotoşəkil;

3.6.3. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş iki nüsxədə “Akkreditasiya kartı üçün anket” (Application for identity card) (əlavə 1).

3.7. 3.1 – 3.6 bəndlərində qeyd edilən sənədlər Nazirliyə rəsmi olaraq təhvil verildikdən sonra akkreditə vəsiqələri 15 iş günü ərzində hazırlanaraq, aşağıda göstərilən qaydada verilir:

3.7.1. Diplomatik nümayəndəliyin diplomatik heyət üzv­lərinə məxsus akkreditə vəsiqələri şəxsən özləri və ya diplomatik nümayəndəliyin müvafiq verbal notası əsa­sında səlahiyyətli diplomat əməkdaşı tərəfindən təhvil alınır;

Onların ailə üzvlərinə məxsus akkreditə vəsiqələrinin ailə başçısı və ya diplomatik nümayəndəliyin müvafiq verbal notası əsasında səlahiyyətli diplomat əməkdaş tərə­findən təhvil alınması mümkündür.

3.7.2. Diplomatik nümayəndəliyin inzibati-texniki heyət üzvlərinə məxsus akkreditə vəsiqələri şəxsən özləri tərəfindən təhvil alınır;

Onların ailə üzvlərinə məxsus akkreditə vəsiqələrinin ailə başçısı tərəfindən təhvil alınması mümkündür;

3.7.3. Diplomatik nümayəndəliyin xidmətçi personalına, heyətinin üzvü olmayan özəl ev işçilərinə, diplomatik nümayəndəliklərdə çalışan Azərbaycan Respublikasında daimi yaşayan xarici ölkələrin diplomatik və xidməti pasportlara malik olmayan vətəndaşlara, üçüncü dövlət­lərin vətəndaşlarına məxsus akkreditə vəsiqələri şəxsən özləri tərəfindən  təhvil alınır;

3.7.4. Fəxri konsullara məxsus akkreditə vəsiqələri şəxsən özləri tərəfindən  təhvil alınır.

 

4. Vəsiqələrin qaytarılması

 

4.1. Diplomatik nümayəndəliklərin heyət üzvlərinin Azər­baycan Respublikasındakı fəaliyyət müddəti başa çatdığı və ya diplomatik nümayəndəlikdəki iş fəaliyyəti bitdiyi gündən 10 iş günü ərzində həmin şəxsə məxsus akkreditə vəsiqəsi aşağıda qeyd olunan sənədlərlə birlikdə mütləq qaydada Nazirliyə qaytarılır:

4.1.1. Verbal nota: verbal notada, fəaliyyət müddəti başa çatmış şəxsin adı, soyadı, nümayəndəlikdə tutduğu xidməti vəzifə qeyd olunmalıdır.

4.1.2. Müvafiq qaydada doldurulmuş, nümayəndəliyin möhürü və başçısının imzası ilə təsdiqlənmiş bir nüs­xədə “Missiyanı tərk etmə haqqında bildiriş” (Notification form of departure) (əlavə 2).

4.2. Akkreditə vəsiqələri Nazirliyə qaytarılmadığı təq­dirdə, diplomatik nümayəndəliklərin yeni heyət üzvlərinə akkreditə vəsiqələrinin verilməsi üçün müraciətlərə baxıl­mır.

 

Azərbaycan Respublikasında hərbi attaşelərin təyin olunmasına dair protokol təcrübəsi

 

Azərbaycan Respublikasında hərbi attaşelərin (hərbi, hərbi-hava, hərbi-dəniz, polis və onların kömək­çiləri) təyin olunması Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə hərbi attaşenin təyinatına razılıq verilməsi  barədə notanın göndərilməsi vasitəsilə həyata keçirilir. Notada  hərbi attaşenin adı, soyadı, hərbi rütbəsi və  iqamətgahı barədə məlumat gös­tərilməlidir. Notaya hərbi attaşenin təfsilatlı (ixtisarsız) tərcümeyi-halı əlavə olunur. Tər­cümeyi-halda təhsili, hansı hərbi vəzifələrdə çalışdığı, xarici dillərin bilməsi və ailə vəziyyəti barədə ətraflı məlu­mat qeyd olunmalıdır.

Azərbaycan Respublikasında hərbi attaşenin təyin olunmasına razılıq  ümumi qəbul olunmuş  beynəlxalq normalara və mövcud diplomatik təcrübəyə uyğun olaraq həyata keçirilir. Razılığın verilmə müddəti qarşılıqlılıq prinsipi əsasında müəyyən edilir.

Hərbi attaşenin təyin olunmasına  razılıq alındıqdan sonra hərbi attaşe bu vəzifəyə təyin olunmuş hesab edilir. Razılıq alındıqdan sonra, akkreditə edən tərəf  Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə hərbi attaşenin akkreditə edilməsi xahişi  barədə nota göndərir. 

 

Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri tərəfindən istifadə edilən peyk və radiorabitə vasitələrinin ölkəyə gətirilib-aparılması və istismarı Qaydaları

 

1. Ümumi müddəalar

 

Bu qaydalar, 18 aprel 1961-ci il tarixli “Diplomatik əlaqələr üzrə Vyana Konvensiyası”nın 27-ci maddəsinə, 24 aprel 1963-cü il tarixli “Konsulluq əlaqələri üzrə Vyana Konvensiyası”nın 35-ci maddəsinə, Azərbaycan Res­publikasının Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 228 nömrəli “Diplomatik əlaqələr” haqqında “Vyana Kon­vensiyasına qoşulması” və 21 iyul 1992-ci il tarixli 224 nömrəli “Konsulluq əlaqələri” haqqında “Vyana Kon­vensiyasına qoşulması” barədə qərarlarına, Azər­baycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanına və Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 01 fevral    2007-ci il tarixli 22 nöm­rəli Qərarına əsasən hazırlanmışdır.

 

Bu qaydalar Azərbaycan Respublikasının ərazi­sin­dəki xarici dövlətlərin diplomatik nümayəndəlikləri, kon­sul­luq və beynəlxalq təşkilatların nümayəndəlikləri (bundan sonra - diplomatik nümayəndəliklər) tərəfindən istifadə edilən peyk və digər radiorabitə vasitələrinin Azərbaycan Respublikasına gətirilib-aparılması, istifa­də­sinə icazə verilməsi, onların istifadəsi üçün radiotez­liklərin ayrılması və istismarına nəzarəti tənzimləyir.

 

Azərbaycan Respublikasının mövcud qanun­verici­liyinə əsasən, respublika ərazisində fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə istifadə olunacaq radio­rabitə vasitələri üçün radiotezliklərin ayrılması Azər­baycan Respublikası Xarici İşlər Nazirliyinin (bundan sonra - XİN) müraciətinə əsasən Azərbaycan Res­pub­likasının Radio­tezliklər üzrə Dövlət Komissiyası (bundan sonra - RTDK) tərəfindən, radiorabitə vasi­tə­lərinin ölkəyə gətirilib-aparılmasına və istifadəsinə icazə verilməsi Azərbaycan Respublikasının Rabitə və İnfor­masiya Texnologiyaları Nazirliyi (bundan sonra - RİTN) tərə­findən, qeydiyyatı, sənədləşdirilməsi və istismarına nəzarət isə RİTN-in Dövlət Radiotezliklər İdarəsi (bundan sonra - DRİ) tərəfindən XİN-in vasitəsi ilə qarşılıqlı prinsip əsasında həyata keçirilir. 

 

2. Diplomatik nümayəndəliklər tərəfindən peyk və digər radiorabitə vasitələrinin Azərbaycan Res­pub­lika­sının ərazisinə gətirilib-aparılması, istifa­dəsinə icazə verilməsi

 

Diplomatik nümayəndəliklər tərəfindən peyk və digər radiorabitə vasitələrinin Azərbaycan Respub­likasının ərazisinə gətirilməsi, istifadəsinə icazə veril­məsi,  ölkədən aparılması ilə əlaqədar diplomatik nüma­yəndəlik tərəfin­dən 21 (iyirmi bir) iş günü öncədən XİN-in Dövlət Protokolu İdarəsinə müvafiq nota ilə müraciət edilir.   

 

Notada radiorabitə vasitələrinin növü, texniki göstəriciləri, markası, tezlik kanallarının sayı, təyinatı, ava­danlığın ölkə ərazisinə gətirilməsi və ya ölkədən aparıl­ması tarixi, gətirilməsi üçün istifadə olunacaq nəq­liyyat vasitəsi, təyinatı üzrə gömrük məntəqəsi və s. ba­rə­də ətraflı məlumatlar öz əksini tapmalıdır.

 

Peyk və digər radiorabitə vasitələrinin Azərbaycan Respublikasının ərazisinə gətirilib-aparılması və istifa­də­si yalnız RİTN tərəfindən icazə verildikdən sonra, XİN-in diplomatik nümayəndəliyə verdiyi yazılı icazə əsasında həyata keçirilə bilər.

 

3. Diplomatik nümayəndəliklər tərəfindən istifadə edilən və istifadəsi planlaşdırılan peyk və digər radiorabitə vasitələri üçün radiotezliklərin ayrılması, qeydiyyatı və istismarı

 

Peyk və digər radiorabitə vasitələrinin istifadəsi məqsədilə tezlik nominallarının ayrılması, qeydiyyatı və istismarına icazənin əldə olunması üçün diplomatik nümayəndəlik tərəfindən 15 (on beş) iş günü öncədən XİN-in Dövlət Protokolu İdarəsinə müvafiq nota ilə müraciət edilir.  Notada, nəzərdə tutulmuş şəbəkənin təyinatı, radiorabitə vasitələrinin növü, markası, tezlik kanallarının sayı, tezlik zolaqlarının eni, istifadə olunacaq texnologiyaların və avadanlıqların texniki göstəriciləri və s. barədə məlumatlar qeyd edilir və bu qaydaya əlavə olunmuş anket forması dol­durularaq notaya əlavə olunur.

 

Radiorabitə vasitələrinin istifadəsi üçün radio­tezliklərin ayrılması RTDK, qeydiyyat və tezliklərin istis­marına icazənin əldə olunması və konkret radiotezlik kanallarının ayrılması RİTN-in DRİ tərəfindən diplomatik nümayəndəliklər ilə  bağlanmış müqavilə əsasında hə­yata keçirilir. Konkret radiotezlik kanalları məşğul olduğu təqdirdə, onların əvəzinə digər radiotezlik kanalları təklif oluna bilər.

 

RİTN-in DRİ tərəfindən müqavilə, konkret radio­tezlik kanalının istifadəsi (şəhər, rayon və ya kon­kret ərazi göstərilməklə) və ödənişlərin aparılması barə­də məlu­matlar rəsmi olaraq XİN-ə göndərilir. Diplomatik nüma­yəndəliklər tərəfindən mövcud tariflərə əsasən ödənişlər aparıldıqdan sonra, RİTN-in DRİ tərə­findən radiotezliyin və radiorabitə vasitələrinin istismarı rəsmi­ləşdirilərək şəhadətnamə formasında XİN-nə təqdim edilir. Şəhadət­namələr diplomatik nümayəndəliklər tərəfindən XİN-dən rəsmi olaraq təhvil alınır. Təqdim olunan şəhadətnamə 1 (bir) il müddətinə verilir və yalnız sülh şəraitində etibarlıdır.

 

Diplomatik nümayəndəliklər şəbəkəni onlara veril­miş icazə və DRİ ilə imzalanmış müqavilənin şərtləri əsasında təşkil etməlidirlər. Diplomatik nümayəndəlik tərəfindən radiotezliklərin istifadəsinə rəsmi olaraq icazənin alın­madığı və radiotezliklərdən istifadəyə görə ödə­nişlərin aparılmadığı təqdirdə həmin radiorabitə vasitə­lərinin istis­marı və tezliklərdən istifadə dayan­dırıla­raq,  radiotezliklər digər istifadəçilərə verilə bilər.

 

Peyk avadanlıqlarının Azərbaycan Res­pub­lika­sının ərazisinə gətirilib-aparılması, istifa­dəsinə icazə verilməsinə dair əlavələr:

Əlavə 1, Əlavə 2, Əlavə 3.

 

Digər anket məlumatlarını və təlimatları bu internet keçidlərindən əldə etmək mümkündür:

 

Keçid 1, Keçid 2.

 

Azərbaycan Respublikasına təyin olunmuş və iqamətgahı Azərbaycan Respublikasında olan müvəqqəti işlər vəkillərinin (charge d`affaires a.i.), beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin, baş konsulların (konsulların, vitse-konsulların, konsulluq agentlərinin) və fəxri konsulların Xarici İşlər Nazirliyində rəsmi təqdim olunmalarına dair protokol təcrübəsi

 

1) Xarici dövlətin iqamətgahı Bakı şəhərində olan səfirliyinin (səfirliyin ofisinin) müvəqqəti işlər vəkillinin (charge d`affaires a.i.) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində rəsmi təqdim olunması məhz təm­sil etdiyi ölkənin Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Res­publikasının Xarici İşlər Nazirliyinə ünvan­lanmış rəsmi nota əsasında həyata keçirilir.

 

Müvəqqəti işlər vəkili (charge d`affaires a.i.) Azər­bay­can Respublikasına gəldiyi və yaxud təyin olunduğu (Azər­baycan Respublikasında artıq fəaliyyət göstərən sə­fi­rliyin əməkdaşı iki aydan artıq müddət üçün müvəq­qəti işlər vəkili təyin olunduğu təqdirdə) tarixdən 5 iş günü ərzində mütləq qaydada görüş üçün Xarici İşlər Nazir­liyi­nin Dövlət Protokolu İdarəsinə müraciət olun­ma­lıdır. Gö­rüş zamanı təyinat barədə təmsil etdiyi ölkənin Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Res­pub­li­ka­sı­nın Xarici İşlər Nazir­liyinə ünvanlanmış rəsmi nota müvəqqəti işlər vəkili (charge d`affaires a.i.) tərəfindən Dövlət Proto­kolu İdarə­sinin rəisinə (yaxud onu əvəz edən şəxsə) təq­dim olunur. 

 

2) Beynəlxalq təşkilatın nümayəndəliyinin rəh­bərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazir­liyində rəsmi təqdim olunması məhz təmsil etdiyi bey­nəlxalq təş­kilatın rəhbəri tərəfindən Azərbaycan Res­publikasının rəh­bərliyinə ünvanlanmış təyinat mək­tubu və yaxud həmin beynəlxalq təşkilat tərəfindən Azər­baycan Respub­lika­sının Xarici İşlər Nazirliyinə ünvan­lanmış rəsmi nota əsasında həyata keçirilir.

 

Beynəlxalq təşkilatın nümayəndəliyinin rəhbəri Azər­­­baycan Respublikasına gəldiyi və yaxud təyin olun­du­­ğu (Azərbaycan Respublikasında artıq fəaliyyət gös­­tərən beynəlxalq təşkilatların nümayəndəliyinin əmək­­­daşı rəhbər təyin olunduğu təqdirdə) tarixdən 5 iş günü ər­zində mütləq qaydada görüş üçün Xarici İşlər Nazir­liyi­nin Döv­lət Pro­to­kolu İdarəsinə müraciət olun­malıdır. Gö­rüş zamanı təyinat barədə beynəlxalq təş­ki­latın rəh­bəri tərə­fin­dən Azər­baycan Respublikasının rəhbərliyinə ün­van­lan­mış təyinat məktubu və yaxud həmin beynəlxalq təş­kilat tərəfindən Azərbaycan Res­publikasının Xarici İşlər Nazir­liyinə ünvan­lanmış rəsmi nota beynəlxalq təşkilatın nüma­yəndəliyinin rəhbəri tərəfindən Dövlət Protokolu İdarəsinin rəisinə (yaxud onu əvəz edən şəxsə) təqdim olunmalıdır.  

 

Beynəlxalq təşkilatların nümayəndəliklərinə mü­vəq­qəti işlər vəkillərinin (charge d`affaires a.i.) təyin olun­ması yuxarıdakı (a) bəndində göstərilən şərtlərə uyğun olaraq həyata keçirilir.

 

c) Xarici dövlətin Azərbaycan Respublikasında yer­lə­şən Baş konsulluğunun (Konsulluğun, Vitse-konsul­luğun, Kon­sulluq agentliyinin) rəhbərinin Azərbaycan Res­pub­li­ka­sı­­nın Xarici İşlər Nazirliyində rəsmi təqdim olun­ması təm­sil et­diyi ölkənin konsulluq patenti (əhatə etdiyi kon­sulluq dairəsi tam şəkildə göstərilmək şərtilə) əsa­sında həyata keçirilir.

 

Baş konsulluğun (Konsulluğun, Vitse-konsulluğun, Kon­­sulluq agentliyinin) rəhbəri Azərbaycan Res­pub­lika­sına gəldiyi tarixdən 10 iş günü ərzində mütləq qay­dada görüş üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarə­si­nə müraciət olunmalıdır. Görüş zamanı konsulluq pa­tenti yeni təyin olunmuş Baş konsul (konsul, vitse-kon­sul, kon­sul agenti) tərəfindən Dövlət Protokolu İdarə­sinin rəisinə (yaxud onu əvəz edən şəxsə) təqdim olunur. 

 

d) Xarici dövlətin Azərbaycan Respublikasındakı Fəxri konsulunun Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində rəsmi təqdim olunması təmsil etdiyi ölkənin konsulluq patenti (əhatə etdiyi konsulluq dairəsi tam şəkildə göstərilmək şərtilə) əsasında həyata keçirilir.

 

Fəxri konsul Azərbaycan Respublikasına gəldik­dən və yaxud təyin olunduqdan 10 iş günü ərzində mütləq qay­dada görüş üçün Xarici İşlər Nazirliyinin Dövlət Pro­tokolu İdarəsinə müraciət olunmalıdır. Görüş zamanı kon­sul­luq patenti yeni təyin olunmuş Fəxri konsul tərəfindən Dövlət Protokolu İdarəsinin rəisinə (yaxud onu əvəz edən şəxsə) təqdim olunur. 

 

e) Müvəqqəti işlər vəkili (charge d`affaires a.i.), bey­nəl­xalq təşkilatın nümayəndəliyinin rəhbəri, Baş kon­sulluğun (Konsulluğun, Vitse-konsulluğun, Konsulluq agentliyinin) rəhbəri, Fəxri konsul funksiyalarını bitirdiyi və ya ezamiyyət (təyinat) müddəti bitdiyi zaman mütləq qay­da­da Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarə­sinin rəisi və ya onu əvəz edən şəxs və Xarici İşlər Nazir­liyi­nin müvafiq idarəsinin rəisi və ya onu əvəz edən şəxs ilə vida görüşü keçirməlidir.

 

Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəliklər tərəfindən daşınmaz əmlakın alınması və icarəyə götürülməsinə dair

 

Azərbaycan Respublikasının ərazisindəki dip­lo­ma­­tik nümayəndəlik, konsulluq və beynəlxalq təş­kilatların nümayəndəlikləri (bundan sonra diplomatik nüma­yən­dəliklər) tərəfindən həmin diplomatik nüma­yən­dəliklərin inzibati binalarının yerləşdirilməsi məqsədilə daşınmaz əmlakın (binaların, sahələrin və ərazilərin) alın­ması və icarəyə götürülməsiaşağıdakı qaydada hə­yata keçirilir:

 

a) Azərbaycan Respublikasında mövcud olan Qanun­vericiliyə əsasən, ölkə ərazisində xarici hüququ və fiziki şəxslərə torpaq sahələrinin satılmasına icazə verilmir. Torpaq sahələri qarşılıqlılıq prinsipi əsasında xarici hüququ və fiziki şəxslərə 99 ilə qədər icarəyə verilə bilər.

 

b) Azərbaycan Respublikasının ərazisindəki dip­lo­matik nümayəndəliklər tərəfindən həmin diplomatik nüma­yəndəliklər tərəfindən binaların (o cümlədən ofis, mənzil və s.) alınması qarşılıqlılıq prinsipi əsasında Azər­baycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi ica­zəsinə uyğun olaraq həyata keçirilir. Bununla əlaqədar diplomatik nümayəndəliklər tərəfindən alınması nəzərdə tutulmuş binaya (ofis, mənzil və s.) dair aşağıda qeyd olunan məlumat Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarə­sinə təqdim olunmalıdır:

 

 - Binanın(ofis,mənzil və s.) dəqiq ünvanı;

 - Binanın (ofis, mənzil və s.) texniki pasportunun notarial qaydada təsdiq olunmuş surəti;

 - Binanın (ofis, mənzil və s.) şəhadətnaməsinin (daşın­maz əmlakın qeydiyyat reyestrindən çıxarış) notarial qaydada təsdiq olunmuş surəti;

 - Digər sənədlər (ehtiyac yaranarsa).

 

c) Azərbaycan Respublikasının ərazisindəki dip­lomatik nümayəndəliklər tərəfindən həmin diplomatik nümayəndəliklərin inzibati binalarının (səfirlik və ya nüma­yəndəlik, konsulluq, mədəniyyət mərkəzi, ticarət nüma­yəndəliyi və s.) və diplomatik nümayəndəliklərin baş­çılarının iqamətgahlarının yerləşdirilməsi məqsədilə binaların (o cümlədən ofis, mənzil və s.) icarəyə götü­rülməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə razılaşdırılmalıdır. Bununla əlaqədar dip­lomatik nüma­yən­dəliklər tərəfindən icarəyə götürülməsi nəzərdə tutulmuş binaya (ofis, mənzil və s.) dair aşağıda qeyd olunan məlu­mat Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə təqdim olunmalıdır:

 

 - Binanın (ofis, mənzil və s.) dəqiq ünvanı;

 - Binanın (ofis, mənzil və s.) texniki pasportunun notarial qaydada təsdiq olunmuş surəti;

 - Binanın (ofis, mənzil və s.) şəhadətnaməsinin (daşınmaz əmlakın qeydiyyat reyestrindən çıxarış) notarial qaydada təsdiq olunmuş surəti;

 - Digər sənədlər (ehtiyac yaranarsa).

 

d) İçərişəhərin tarixi-memarlıq qoruğu olmasını nəzərə alaraq, Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəliklər tərəfindən İçəri Şəhərdə hər hansı daşınmaz əmlakın alınması və yaxud icarəyə götürülməsi məsələsi Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırılmalıdır.

 

Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşlarının və fəxri konsulların Azərbaycan Respublikasının ərazisində hərəkət etmələrinə dair

 

Azərbaycan Respublikasında akkreditə olunmuş dip­­lo­­­matik nümayəndəlik, konsulluq və beynəlxalq təş­ki­lat­la­rın nümayəndəliklərinin (bundan sonra – dip­lo­matik nü­­ma­­yən­dəliklər) əməkdaşları, onların ailə üzvləri və fəx­ri kon­­sul­lar Ermənistan tərəfindən Azərbaycan Res­pub­li­ka­sı­nın işğal olunmuş əraziləri və Azərbaycan və Ermə­nis­tan si­lahlı qüvvələrinin təmas xətti boyu bölgələr istis­na ol­maq­la, Azərbaycan Respublikasının bütün əra­zi­sin­də qar­şı­lıq­lı­lıq prinsipi əsasında sərbəst hərəkət etmə imka­nına malik­dirlər. 

 

Azərbaycan Respublikasında akkreditə olunmuş dip­­­­lomatik nümayəndəliklərin əməkdaşları, onların ailə üzv­­­ləri və fəxri konsullar sərhəd bölgələrinə səfər edər­kən onlar tərəfindən öncədən Azərbaycan Res­publikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi ilə məs­lə­hət­ləş­mə­lərin aparılması tövsiyyə olunur.   

 

Azərbaycan Respublikasında akkreditə olunmuş dip­­lomatik nümayəndəliklərin əməkdaşları və fəxri kon­sul­lar rəsmi görüşlər keçirmək və yaxud rəsmi tədbir­lər­də iş­ti­­rak etmək məqsədilə Azərbaycan Res­publika­sı­nın hər han­sı bir bölgəsinə səfər edərkən, yerli idarə­etmə orqan­la­­­rı­­nın nümayəndələri ilə rəsmi görüş­lərin təşkil olunması üçün nəzərdə tutulmuş səfərdən 7 iş günü əvvəl Azər­bay­can Respublikası Xarici İşlər Nazir­liyi­nin Dövlət Proto­kolu İdarə­sinə nota ilə yazılı müraciət olun­ma­lıdır.

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xətti ilə Azərbaycana səfər edən xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndə heyətlərinin və eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuş səfirlərin səfərlərinin təşkilinə dair qəbul olunmuş protokol təcrübəsi

 

1. Xarici işlər nazirlərinin başçılığı ilə səfər edən nümayəndə heyətləri

 

1.1. Rəsmi səfər

 

Səfərin tarixləri - Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi ilə öncədən yazışma vasitəsilə razılaşdırılır.

 

Qeyd: İstirahət (həftənin şənbə və bazar günləri) və bayram günləri Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir.

 

Proqramın tərtib edilməsi - Səfərin proqramın tərtib edilməsi zamanı görüşlərin keçirilməsinə dair qarşı tərəfdən öncədən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə göndərilmiş yazılı müraciət və həmin ölkədəki diplomatik nümayəndəliyimizin tövsiyələri nəzə­rə alınır.

 

Qeyd: Proqram tərtib edilərkən görüşlərin təşkili ilə əlaqədar qarşılılıq prinsipləri rəhbər tutulur.

 

Nümayəndə heyətinin siyahısı - Səfər edəcək nümayəndə heyətinin tam siyahısı səfərdən beş iş günü öncə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə təqdim olunmalıdır.

 

Qeyd: Nümayəndə heyətinin bütün üzvləri üçün Azərbaycan Respublikasına vizaların həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi töv­siyə olunur.

 

Qarşılanma və yola salınma - Bir qayda olaraq, nümayəndə heyətlərinin qarşılanmasında və yola salın­masında Xarici İşlər Nazirliyinin müvafiq ərazi idarə­sinin rəisi və ya rəis müavini, Azərbaycan Res­publikasının həmin ölkədəki səfiri (müvəqqəti işlər vəkili), həmin ölkənin Azərbaycan Respublikasındakı səfiri (müvəqqəti işlər vəkili) və Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarə­si­nin əməkdaşları iştirak edir.

 

Qeyd: Azərbaycan Respublikasının səfiri və ya müvəq­qəti işlər vəkili səfərdə cənab Nazirin razılığı ilə iştirak edə bilər.

 

Müşayiət edən şəxslər - Azərbaycan tərəfindən səfər zamanı nümayəndə heyətlərini bir qayda olaraq, Azərbaycan Respublikasının həmin ölkədəki səfiri (müvəqqəti işlər vəkili) və ya Xarici İşlər Nazirliyinin müvafiq ərazi idarəsinin rəis müavini (şöbə müdiri) və Dövlət Protokolu İdarəsinin əməkdaşları müşayiət edir.

 

Görüşlərin formatı - Səfər edən nümayəndə heyət­­­lərinin rəsmi görüşlərdə iştirak formatı bir qayda olaraq, aşağıdakı kimidir:

- Azərbaycan Respublikasının Prezidenti ilə görü­şün formatı - Prezidentin Protokol Xidməti ilə razı­laş­dırılır;

- Azərbaycan Respublikasının Baş Naziri ilə görü­şün formatı - 1+5 nəfərə qədər (tərcüməçi ilə bir­likdə);

- Azərbaycan Respublikası Milli Məclisinin Sədri ilə görüşün formatı - 1+8 nəfərə qədər (tərcüməçi ilə bir­likdə);

- Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə görüşün formatı - 1+9 nəfərə qədər (tərcüməçi ilə bir­likdə);

- Digər rəsmi şəxslərlə görüşlərin formatı - hər bir görüş üçün öncədən Xarici İşlər Nazirliyinin Dövlət Pro­to­kolu İdarəsi ilə razılaşdırılır.

 

Qeyd: Qarşı tərəfin xahişi ilə görüşlər təkbətək for­matda keçirilə bilər.

 

Əklil qoyulması mərasimi - Səfərlərin proq­ramına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarının (Fəxri Xiyaban) qarşısına və Əbədi Məşəl abidəsinin (Şəhidlər Xiyabanı) qarşısına əklillərin qoyul­ması mərasimləri mütləq qaydada daxil olunur. Azər­baycan tərəfindən həmin mərasimlər üçün Milli Qvar­diyanın fəxri qarovul ayrılır.

 

Qeyd: Əklillərin sifarişi səfər edən nümayəndə heyət­­lərinin hesabına təmin olunur.

 

Mətbuat konfransı - Azərbaycan tərəfinin razılığı olduğu təqdirdə, qarşı tərəfin müraciəti əsasında iki ölkə­nin xarici işlər nazirlərinin iştirakı ilə XİN-də birgə mət­buat konfransı təşkil oluna bilər.

 

Rəsmi ziyafət - Azərbaycan Respublikası Xarici İşlər Naziri tərəfindən qonağın şərəfinə rəsmi ziyafət qar­şılıqlı prinsip əsasında verilir. Rəsmi ziyafət olaraq ya rəsmi nahar, ya da rəsmi şam yeməyi təşkil olunur.

 

Qeyd: Rəsmi ziyafətdə qarşı tərəf maksimum 1+9 nəfər formatında (mühafizə və mətbuat nümayəndələri istisna olmaqla) iştirak edə bilər.

 

Bölgələrə səfər - Qarşı tərəfin xahişi ilə nüma­yəndə heyətinin Azərbaycan Respublikasının bölgələrinə səfəri təşkil oluna bilər.

         

Bayraqların yerləşdirilməsi - Qonaq ölkənin bay­rağı hava limanındakı VİP salonun qarşısında, Xarici İşlər Nazirliyinin binasının qarşısında, Xarici İşlər Nazir­liyində geniş tərkibdə danışıqların keçirildiyi salonda, səfər edən nazirə xidmət göstərən VİP (əsas) avto­mobildə yerləşdirilir.

 

VİP salonundan istifadə - Nümayəndə heyət­lərinin VİP salonundan qarşılanıb yola salınması Azər­baycan tərəfindən qarşılıqlı prinsip əsasında təmin olu­nur. Səfər edən nümayəndə heyətinin dövlətində VİP salonundan istifadəyə məhdudiyyətin mövcud olduğu təqdirdə, Azərbaycan tərəfi məhz rəsmi nümayəndə heyətinin VİP salonundan istifadəsini təmin edir. Nümayəndə heyətinin başçısından ayrıca səfər edən nümayəndə heyətinin üzvləri, eyni zamanda müşayiət edən iş adamları və mətbuat nümayəndələrinin VİP salo­nundan istifadəsi təmin olunmur.

 

Qeyd: VİP salonunda xüsusi otaq yalnız nüma­yəndə heyətinə nazir tərəfindən başçılıq edildiyi təqdirdə sifariş olunur.

 

Nəqliyyat təminatı - Nümayəndə heyətləri bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən 1+4 formatda nəqliyyat vasitələri ilə təmin olunur. Eyni zamanda, səfər edən nazirin korteji Dövlət Yol Polisi tərəfindən müşayiət edilir. Bəzi hallarda mühafizə əmək­daşları xüsusi nəqliyyat vasitəsi ilə təmin olunur.

 

Qeyd: Qarşı tərəfdən öncədən yazılı müraciət olduğu təqdirdə, nazir üçün zirehli avtomobilin ayrılması məsələ­sinə baxıla bilər.

 

Yaşayış və iaşə xərcləri - Nümayəndə heyət­lərinin bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən 1+4 formatda (mühafizə və mətbuat nümayəndələri istisna olmaqla) Azərbaycan Res­pub­likası Prezidentinin İşlər İdarəsinə məxsus qonaq evlərində (“Azadlıq” və ya “Respublika”) yaşayış xərcləri ödənilir. İaşə xərcləri qaşlıqlı prinsip əsasında, Nazirə müna­sibətdə tam həcmdə (beynəlxalq və mobil telefon danışıqları xərcləri, balıq kürüsü və xaricdə istehsal olunan spirtli içkilər istisna olmaqla), nümayəndə heyətinin digər üzvləri üçün isə yalnız səhər yeməyi ödənilir.

 

Hədiyyələrin verilməsi - Səfər zamanı qarşılılıq prinsip əsasında nümayəndə heyətinin başçısına və rəs­mi heyətin 4 nəfərə qədər üzvünə XİN tərəfindən hədiy­yələr verilə bilər.

 

Qeyd: Səfər zamanı bütün hədiyyələrin müba­diləsi Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi vasitəsilə həyata keçirilir.

 

Həyat yoldaşının müşayiəti - Nümayəndə heyəti­nin başçısı səfər zamanı həyat yoldaşı tərəfindən müşayiət olunduğu təqdirdə, qarşı tərəfin xahişinə uyqun olaraq həyat yoldaşı üçün xüsusi proqram hazırlana bilər.

 

Qeyd: Həyat yoldaşı üçün proqramı üzrə avtomaşın ayrılır və o, Xarici İşlər Nazirliyinin Dövlət Pro­tokolu İda­rə­sinin əməkdaşı tərəfindən müşayiət olunur.

 

1.2. İşgüzar səfər

 

Səfərin tarixləri - Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi ilə öncədən yazışma vasitəsilə razılaşdırılır.

 

Qeyd: İstirahət (həftənin şənbə və bazar günləri) və bayram günləri Azərbaycan Respublikasının dövlət qu­rum­ları tərəfindən xarici nümayəndə heyətləri qəbul edil­mir və rəsmi görüşlər keçirilmir.

 

Proqramın tərtib edilməsi - Proqramın tərtib edil­məsi zamanı görüşlərin keçirilməsinə dair qarşı tərəfdən öncədən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi göndərilmiş yazılı müraciət və həmin ölkədəki diplomatik nümayəndəliyimizin tövsiyələri nəzə­rə alınır.

 

Qeyd: Proqram tərtib edilərkən görüşlərin təşkili ilə əlaqədar qarşılılıq prinsipləri rəhbər tutulur.

 

Nümayəndə heyətinin siyahısı - Səfər edəcək nümayəndə heyətinin tam siyahısı səfərdən beş iş günü öncə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə təqdim olunmalıdır.

 

Qeyd: Nümayəndə heyətinin bütün üzvləri üçün Azərbaycan Respublikasına vizaların həmin ölkələrdəki diplomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi töv­siyə olunur.

 

Qarşılanma və yola salınma - Bir qayda olaraq, nümayəndə heyətlərinin qarşılanmasında və yola salın­masında Xarici İşlər Nazirliyinin müvafiq ərazi idarəsinin rəis müavini və ya şöbə müdiri, həmin ölkənin Azərbaycan Respublikasındakı səfiri (müvəqqəti işlər vəkili) və Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarə­sinin əməkdaşları iştirak edir.

 

Qeyd: Azərbaycan Respublikasının səfiri və ya mü­vəq­qəti işlər vəkili səfərdə vacib olduğu təqdirdə (cənab Nazirin razılığı ilə) iştirak edə bilər.

 

Müşayiət edən şəxslər - Azərbaycan tərəfindən səfər zamanı nümayəndə heyətlərini bir qayda olaraq, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin əmək­daşları müşayiət edir.

 

Görüşlərin formatı - Səfər edən nümayəndə heyətlərinin rəsmi görüşlərdə iştirak formatı bir qayda olaraq, aşağıdakı kimidir:

- Azərbaycan Respublikasının Prezidenti ilə görü­şün formatı - Prezidentin Protokol Xidməti ilə razı­laş­dırılır;

- Azərbaycan Respublikasının Baş Naziri ilə görü­şün formatı - 1+5 nəfərə qədər (tərcüməçi ilə bir­likdə);

- Azərbaycan Respublikası Milli Məclisinin Sədri ilə görüşün formatı - 1+8 nəfərə qədər (tərcüməçi ilə bir­likdə);

- Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə görü­şün formatı - 1+9 nəfərə qədər (tərcüməçi ilə bir­likdə);

- Digər rəsmi şəxslərlə görüşlərin formatı - hər bir görüş üçün öncədən Xarici İşlər Nazirliyinin Dövlət Pro­tokolu İdarəsi ilə razılaşdırılır.

 

Qeyd: Qarşı tərəfin xahişi ilə görüşlər təkbətək for­matda keçirilə bilər.

 

Əklil qoyulması mərasimi - Qarşı tərəfin xahişi ilə səfərlərin proqramına Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarının (Fəxri Xiyaban) qarşı­sına və Əbədi Məşəl abidəsinin (Şəhidlər Xiyabanı) qarşısına əklillərin qoyulması mərasimləri daxil edilə bilər.

 

Qeyd: Azərbaycan tərəfindən həmin mərasimlər üçün Milli Qvardiyanın fəxri qarovul ayrıla bilər. Əklillərin sifa­rişi səfər edən nümayəndə heyətlərinin hesabına təmin olu­nur.

 

Mətbuat konfransı - Azərbaycan tərəfinin razılığı olduğu təqdirdə, qarşı tərəfin müraciəti əsasında iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə XİN-də birgə mətbuat konfransı təşkil oluna bilər.

 

İşgüzar ziyafət - Azərbaycan Respublikası Xarici İşlər Naziri tərəfindən qonaq üçün işgüzar nahar və ya işgüzar şam yeməyi verilə bilər.

 

Bayraqların yerləşdirilməsi - Qonaq ölkənin bay­rağı Xarici İşlər Nazirliyində geniş tərkibdə danışıq­ların keçirildiyi salonda, səfər edən nazirə xidmət gös­tərən VİP (əsas) avtomobildə yerləşdirilə bilər.

 

VİP salonundan istifadə - Nümayəndə heyət­lərinin VİP salonundan qarşılanıbyola salınması Azər­baycan tərəfindən qarşılıqlı prinsip əsasında təmin olu­nur. Səfər edən nümayəndə heyətinin dövlətində VİP salonundan istifadəyə məhdudiyyətin mövcud olduğu təqdirdə, Azər­baycan tərəfi məhz rəsmi nümayəndə heyətinin VİP salo­nundan istifadəsini təmin edir. Nümayəndə heyətinin baş­çı­sından ayrıca səfər edən nümayəndə heyətinin üzv­ləri, eyni zamanda müşayiət edən iş adamları və mətbuat nüma­yəndələrinin VİP salonundan istifadəsi təmin olun­mur.

 

Qeyd: VİP salonunda xüsusi otaq yalnız nüma­yən­də heyətinə nazir tərəfindən başçılıq edildiyi təqdirdə sifariş olunur.

 

Nəqliyyat təminatı - Nümayəndə heyətləri bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən yalnız 1 avtomobil ilə təmin oluna bilər. Eyni zamanda, səfər edən nazirin korteji Dövlət Yol Polisi tərəfindən müşayiət edilir. Bəzi hallarda mühafizə əmək­daşları xüsusi nəqliyyat vasitəsi ilə təmin olunur.

 

Qeyd: Qarşı tərəfdən öncədən yazılı müraciət olduğu təqdirdə, nazir üçün zirehli avtomobilin ayrılması məsələ­sinə baxıla bilər.

 

Yaşayış və iaşə xərcləri - Nümayəndə heyətlərinin bir qayda olaraq, qarşılıqlı prinsip əsasında Azərbaycan tərəfindən 1+2 formatda (mühafizə və mətbuat nüma­yən­dələri istisna olmaqla) Azərbaycan Res­pub­likası Pre­zi­den­tinin İşlər İdarəsinə məxsus qonaq evlərində (“Azadlıq” və ya “Respublika”) yaşayış xərcləri ödənilə bilər. İaşə xərcləri qaşlıqlı prinsip əsasında, Nazirə müna­sibətdə tam həcmdə (beynəlxalq və mobil telefon danışıqları xərcləri, balıq kürüsü və xaricdə istehsal olunan spirtli içkilər istisna olmaqla), nümayəndə heyətinin digər üzvləri üçün isə yalnız səhər yeməyi ödənilir.

 

Qeyd: Hər hansı bir dövlətin xarici işlər naziri Azər­baycan Respublikasına beynəlxalq təşkilatın (ATƏT, Avropa İttifaqı, Avropa Şurası və s.) fəaliyyətdə olan sədri və ya nümayəndəsi qismində səfər etdiyi təqdirdə yaşayış və iaşə xərcləri ödənilmir.

 

Hədiyyələrin verilməsi - Səfər zamanı hədiy­yə­lərin qarşılıqlı mübadiləsi bir qayda olaraq nəzərdə tutul­mur.

 

1.3. Tranzit səfər

 

Səfərin tarixləri - Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi ilə öncədən yazışma vasitəsilə razılaşdırılır.

 

Qeyd: İstirahət (həftənin şənbə və bazar günləri) və bayram günləri Azərbaycan Respublikasının dövlət qurum­ları tərəfindən xarici nümayəndə heyətləri qəbul edilmir və rəsmi görüşlər keçirilmir.

 

Proqramın tərtib edilməsi - Proqramın tərtib edil­məsi zamanı görüşlərin keçirilməsinə dair qarşı tərəfdən öncədən Xarici İşlər Nazirliyinin Dövlət Pro­tokolu İdarəsi göndərilmiş yazılı müraciət və həmin ölkə­dəki diplomatik nümayəndəliyimizin tövsiyələri nəzərə alınır.

 

Qeyd: Proqram tərtib edilərkən görüşlərin təşkili ilə əlaqədar qarşılılıq prinsipləri rəhbər tutulur.

 

Nümayəndə heyətinin siyahısı - Səfər edəcək nü­mayəndə heyətinin tam siyahısı səfərdən beş iş günü öncə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə təqdim olunmalıdır.

         

Qeyd: Nümayəndə heyətinin bütün üzvləri üçün Azər­­baycan Respublikasına vizaların həmin ölkələrdəki dip­­­lomatik nümayəndəliklərimizdə rəsmiləşdirilməsi töv­siyə olunur.

         

Qarşılanma və yola salınma - Bir qayda olaraq, nümayəndə heyətlərinin qarşılanmasında və yola salın­masında Xarici İşlər Nazirliyinin müvafiq ərazi idarəsinin rəis müavini və ya şöbə müdiri, həmin ölkənin Azər­baycan Respublikasındakı səfiri (müvəqqəti işlər vəkili) və Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin əməkdaşları iştirak edir.

         

Müşayiət edən şəxslər - Azərbaycan tərəfindən səfər zamanı nümayəndə heyətlərini bir qayda olaraq, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin əmək­daşları müşayiət edir.

         

Görüşlərin təşkili - Qarşı tərəfin xahişi ilə nümayəndə heyətinin görüşləri təşkil oluna bilər. Səfər edən nümayəndə heyətlərinin görüşlərdə iştirak formatı Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsi tərə­findən müəyyən olunur.

         

Mətbuat konfransı - Azərbaycan tərəfinin razılığı olduğu təqdirdə, qarşı tərəfin müraciəti əsasında iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə XİN-də birgə mətbuat konfransı təşkil oluna bilər.

         

İşgüzar ziyafət - Azərbaycan Respublikası Xarici İşlər Naziri tərəfindən qonaq üçün işgüzar nahar və ya işgüzar şam yeməyi verilə bilər.

 

Əlaqə üçün məlumat,

Tel: (+994 12) 596 93 33

Fax: (+994 12) 492 82 97

E-mail: protocol@mfa.gov.az

www.mfa.gov.az



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti