
Avstraliya İttifaqı
İkitərəfli münasibətlər haqqında
Avstraliya İttifaqı Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr isə 19 iyun 1992-ci ildə qurulub.
6 aprel 2012-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin təsis edilməsi haqqında Qanun qəbul edib. Kanberrada yerləşən Səfirlik 2013-cü ilin iyun ayında rəsmi olaraq fəaliyyətə başlayıb.
Avstraliya İttifaqının Türkiyə Respublikasındakı Səfirliyi (Ankara) eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunub.
Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinə müvəqqəti işlər vəkili Vaqif Cəfərov rəhbərlik edir.
15 avqust 2025-ci ildə xanım Salli-Ann Vinsent (Sally-Anne Vincent) Avstraliya İttifaqının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri (iqamətgahı Ankarada) təyin edilib. Səfir 30 yanvar 2026-cı ildə etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim edib.
Son illər Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında ikitərəfli əlaqələrin inkişafında müsbət dinamika müşahidə olunur. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondu Avstraliyanın qiymətli kağızlar bazarına investisiyalar yatırıb.
Prezidentlərin səfərləri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avstraliya İttifaqına səfəri
|
Şəxs |
Səfərin mahiyyəti |
Tarix |
|
İlham Əliyev |
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti qismində səfər (Sidney Olimpiya Oyunları ilə əlaqədar)
|
15 sentyabr – 1 oktyabr 2000-ci il |
Parlamentlərarası əlaqələr
2024-cü ildə Avstraliya Federal Parlamentində Avstraliya–Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyəti bərpa olunub və 20 mart 2024-cü ildə 23 parlament üzvündən (senatorlar və Nümayəndələr Palatasının üzvləri) ibarət qrup fəaliyyətə başlayıb.
2025-ci ilin may ayında Avstraliya Federal Parlamentinə seçkilər keçirilib və iyul ayında 48-ci çağırış Parlament fəaliyyətə başlayıb. 7 noyabr 2025-ci ildə Avstraliya Parlamentində 22 parlament üzvündən (6 senator və Nümayəndələr Palatasının 16 üzvü) ibarət Avstraliya–Azərbaycan parlamentlərarası dostluq qrupunun təsisi prosesi rəsmi olaraq başa çatıb.
Dostluq qrupları
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan–Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyevdir.
Avstraliya Parlamentində Avstraliya–Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri hakim Leyboristlər Partiyasının üzvü Mayk Frilander, sədr müavini isə müxalifətdəki Liberal Partiyanın üzvü Rik Uilsondur. Avstraliya Parlamentinin nüfuzlu siyasətçiləri, o cümlədən Senatın Prezidenti xanım Syu Layns və Nümayəndələr Palatasının Sədri Milton Dik də dostluq qrupunun üzvləridir.
Müqavilə-hüquq bazası
Hazırda Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında müqavilə-hüquq bazası mövcud deyil.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
|
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
|
2023 |
40 936,95 |
29 247,98 |
11 688,97 |
|
2024 |
1 463 324,03 |
203,03 |
1 463 121,00 |
|
2025 |
895 098,34 |
454,56 |
894 643,78 |
Qeyd: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hazırlanıb.
Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin ünvanı və əlaqə məlumatları
Ünvan: 5 Mialli Place, O'Malley, Canberra ACT 2606, Australia
Telefon: (+61 2) 6290 5600
Elektron poçt: canberra@mission.mfa.gov.az