Braziliya Federativ Respublikası
İki ölkə arasında diplomatik münasibətlər 21 oktyabr 1993-cü ildə qurulmuşdur. Azərbaycanın Braziliyada Səfirliyi 2012-ci ildə, Braziliyanın Azərbaycanda səfirliyi isə 2013-cü ildə fəaliyyətə başlamışdır.
Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından ötən 30 ildən çox bir müddətdə ikitərəfli əlaqələrimiz tarixi inkişaf yolu keçmiş və birgə təmaslarımız məhsuldar xarakter almışdır. 2013-cü ildə Bakı şəhəri ilə Rio de Janeyro şəhəri arasında qardaşlaşmış şəhər münasibətləri qurulmuş, 2016-cı ildə Rio de Janeyro şəhərində Azərbaycan Respublikasının adını daşıyan yeni inşa edilmiş bələdiyyə məktəbi açılmışdır.
2024-cü il fevral ayının 29-da, Bakı şəhərində, iki ölkənin xarici işlər nazirlikləri arasında keçirilmiş siyasi məsləhətləşmələrin növbəti - 4-cü raundu çərçivəsində ikitərəfli əlaqələrimizin cari vəziyyətinə bir daha nəzər yetirilmiş və yeni əməkdaşlıq istiqamətləri müəyyən edilmişdir. Həmçinin ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, turizm və digər sahələrdə birgə təşəbbüslərin təşviqinə qarşılıqlı dəstək ifadə edilmişdir.
Beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimiz arasında müntəzəm qarşılıqlı dəstək və səmərəli birgə fəaliyyət həyata keçirilmişdir.
Ölkələrimiz arasında səhiyyə siyasəti və COVID-19 pandemiyası ilə əlaqədar ictimai səhiyyə tədbirləri ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində məlumat və təcrübə mübadiləsi aparılmışdır.
Ölkələrimiz arasında “COP Üçlüyü” formatında yeni əməkdaşlıq istiqaməti müəyyən edilmişdir. 2024-cü ilin noyabrında Braziliyanın Böyük İyirmiliyə (G20) sədrlik və ev sahibliyi etdiyini nəzərə alaraq, sammit ərəfəsində keçirilən sahəvi tədbirlərdə iştirak məqsədilə, qarşı tərəfin dəvəti əsasında, ölkəmizin yüksək dövlət rəsmiləri səviyyəsində Braziliyaya davamlı səfərlər həyata keçirilmişdir.
Həmçinin Azərbaycan Braziliya Federativ Respublikasının 2024-cü ildə Böyük İyirmiliyə sədrliyi çərçivəsində irəli sürdüyü “Aclığa və Yoxsulluğa qarşı Qlobal Alyans” təşəbbüsünə qoşulmuşdur.
Prezidentlərin qarşılıqlı səfərləri
İki ölkənin dövlət başçıları səviyyəsində səfərlər həyata keçirilməmişdir.
Vitse-prezidentlərin səfərləri
2024-cü ilin 12-13 noyabr tarixlərində Braziliya Federativ Respublikasının Vitse-prezidenti, inkişaf, sənaye, ticarət və xidmətlər naziri Jeraldo Alkmin in rəhbərlik etdiyi nümayəndə heyəti COP29 tədbirində iştirak etmək üçün ölkəmizə səfər etmişdir. Səfər çərçivəsində cənab J. Alkmin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüşmüşdür.
Xarici işlər nazirlərinin səfərləri
İki ölkənin xarici işlər nazirləri səviyyəsində 2 səfər həyata keçirilmişdir (AR xarici işlər naziri 2006-cı ildə, Braziliya xarici işlər naziri 2017-ci ildə).
Parlamentlərarası əlaqələr
İki ölkənin parlamentləri arasında da əlaqələr böyük inkişaf yolu keçmiş, müvafiq dostluq qrupları arasında qarşılıqlı səfər və görüşlər, xüsusilə son illərdə, daha intensiv xarakter almışdır. Hal-hazırda Braziliya Milli Konqresinin hər iki palatasında Azərbaycanla əməkdaşlığa dair dostluq qrupları fəaliyyət göstərir. 2016-cı ilin 30 oktyabr tarixində Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Maya Braziliya-Azərbaycan əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Azərbaycan Respublikasının Prezidentinin “Fəxri Diplomu” ilə təltif edilmişdir. Həmçinin 2019-cu ilin 2-4 may tarixlərində Braziliya Milli Konqresinin Deputatlar Palatasının Sədri Rodriqo Maya AR Milli Məclisinin sədri Oqtay Əsədov tərəfindən ölkələrimiz arasında parlamentlərarası əlaqələrin və ikitərəfli əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Milli Məclisinin “Parlament Medalı” ilə təltif edilmişdir.
2024-cü ilin 6-8 fevral tarixlərində Braziliya Milli Konqresinin senatorları - Federal Senatda Braziliya – Azərbaycan dostluq qrupunun rəhbəri cənab Nelsino Trace və Elm, Texnologiya, İnnovasiya və İnformasiya Texnologiyaları Komissiyasının sədri cənab Karlos Viananın Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini izləmək üçün ölkəmizə səfərləri, onların AR Prezidentinin Administrasiyası, AR Milli Məclisi, Xarici İşlər Nazirliyi, Qərbi Azərbaycan İcması və ADA Universitetində səmərəli görüşləri ölkələrimiz arasında parlament diplomatiyasının təşviqinə yeni təkan vermişdir.
2012-ci ildə AR Milli Məclisində Azərbaycan-Braziliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Qrupun hazırkı rəhbəri Müşfiq Məmmədlidir.
2013-cü ildə Braziliya Parlamentinin Deputatlar Palatasında Braziliya-Azərbaycan Dostluq Qrupu yaradılmışdır. Hazırda Dostluq Qrupunun rəhbəri Klaudio Kajadodur (Claudio Cajado).
2014-cü ildə isə Braziliya Senatında Braziliya-Azərbaycan Dostluq Qrupu yaradılmışdır. Hazırda Dostluq Qrupunun rəhbəri senator Nelsino Tracedir (yazılışı: Nelsinho Trad).
Müqavilə-hüquq bazası (imzalanmış sənədlərin sayı)
İki ölkə arasında 9 ikitərəfli saziş imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq (əsas istiqamətlər və 2020-2024-cü illər üzrə ticarət dövriyyəsi)
Ümumilikdə iqtisadi əlaqələrimiz uğurla inkişaf edir və bu inkişaf son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artımında da müşahidə edilir.
Azərbaycan və Braziliya arasında ticarət əlaqələri (min ABŞ dolları ilə)*
Dövr |
İxrac |
İdxal |
Dövriyyə |
2020-ci il |
6 594.29 |
78 381.40 |
84 975.69 |
2021-ci il |
72 050.30 |
194 966.05 |
267 016.35 |
2022-ci il |
19 731.42 |
189 611.25 |
209 342.6 |
2023-cü il |
148.39 |
207 490.52 |
207,638.91 |
2024-cü il |
13 827.31 |
178 863.16 |
192,690.47 |
Azərbaycandan Braziliyaya əsas ixrac malları: karbamid gübrəsi, optik, tibbi, fotoqrafik və dəqiq cihazlar, yer və tunel qazan maşınların hissələri, reaktiv kerosin yanacağı və s.
Azərbaycana Braziliyadan əsas idxal malları: xam şəkər, alüminium oksidi, tütün və tütünün sənaye əvəzediciləri, ət və ət məhsulları, toxum, mexaniki qurğular və hissələri, qəhvə, meyvə və tərəvəz emalı məhsulları, digər kimya sənayesi məhsulları, elektrik avadanlıqları və hissələri, zəncəfil, əczaçılıq məhsulları, meyvələr və s.
14 dekabr 2016-cı ildə “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında ticarət və sərmayə əməkdaşlığı üzrə” Anlaşma Memorandumu imzalanmışdır.
İkitərəfli gündəliyimizin əsas mövzularından biri də kənd təsərrüfatı sahəsində dünyanın aparıcı dövlətlərindən biri olan Braziliya ilə bu sahədə əməkdaşlığın təşviqi məsələlərinə həsr edilmişdir. Bu xüsusda qeyd edilməlidir ki, 2024-cü ilin 4 mart tarixində BFR Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin ticarət və beynəlxalq əlaqələr üzrə katibi Roberto Perosanın ölkəmizə səfəri çərçivəsində Braziliya ilə bu sahədə faydalı fikir mübadiləsi ilə yanaşı yeni birgə təşəbbüslərə qərar verilmişdir.
Hal-hazırda ölkəmiz Braziliya tərəfinə “yeni xarici bazarlara və xüsusilə Mərkəzi Asiya ölkələrinə əlverişli çıxış imkanları” təklif edir.
İki ölkə arasında hava nəqliyyatı ilə yük daşımalarda böyük potensial müşahidə edilir. Artıq bu sahədə uğurlu təcrübə yaranmışdır. Azərbaycanın “Silk Way” aviaşirkəti Braziliyanın San Paolo, Sent Luis şəhərlərinə yükdaşımalar həyata keçirmişdir.
İki ölkə arasında elm və xüsusilə peyk texnologiyaları sahəsində əməkdaşlıq böyük perspektivlər vəd edir. Bakıda keçirilmiş IAC-2023 tədbirində Braziliyanın Aerokosmik Agentliyinin rəhbəri iştirak etmişdir. Onun ölkəmizə səfəri çərçivəsində iki ölkənin müvafiq agentlikləri arasında əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanmışdır.