Waving Flag of Argentina (Animated Gif)

Argentina Respublikası

 

 

Azərbaycan Respublikası və Argentina Respublikası arasında diplomatik əlaqələr 8 noyabr 1993-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfirliyi 1 aprel 2010-cu ildə təsis edilmişdir. Argentina Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 2012-ci ildən etibarən fəaliyyət göstərir. 


Hazırda Azərbaycan-Argentina münasibətləri siyasi, iqtisadi, humanitar, mədəniyyət, turizm, mətbuat və digər sahələr üzrə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etməkdədir. Tərəflər arasında parlamentlərarası əlaqələr inkişaf etməkdədir, dostluq qrupları fəaliyyət göstərir.  


Bu günədək iki ölkənin dövlət başçıları səviyyəsində səfərlər baş tutmamışdır.  Azərbaycan və Argentinanın xarici işlər nazirləri arasında qarşılıqlı səfərlər 2012 (Azərbaycana) və 2006, 2012 və 2019-cu (Argentinaya) illərdə həyata keçirilmişdir. 2019-cu ilin 29 aprel tarixində Argentina Nümayəndələr Palatasının sədri Emilio Monzo Azərbaycana səfər etmişdir.  


Son illərdə Argentina və Azərbaycan rəsmiləri arasında birgə təmaslar, o cümlədən parlament diplomatiyası həyata keçirilmişdir. 2023-cü ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü yubileyi qeyd olunmuşdur. Ötən ilin sentyabr ayında Argentina hökuməti tərəfindən ölkəmizə qarşı səsləndirilən qərəzli bəyanatlardan sonra iki ölkə arasında siyasi gərginliyin yaranmasına baxmayaraq, Argentina Respublikasının yeni rəhbərliyi ilə münasibətlərin yenidən inkişafı istiqamətində iş aparılmışdır. 


2018-ci ildə AİDA tərəfindən Argentinanın La Rioxa əyalətində fiziki məhdudiyyətli uşaqlar üçün fəaliyyət göstərən 371 saylı Xüsusi Məktəb lazımi avadanlıqlarla təmin olunmuşdur (məbləği 18 min manat dəyərində). Argentinada mövcud olan çoxsaylı erməni diasporu və lobbisinin ölkəmizin əleyhinə fəaliyyətinin nisbətən neytrallaşdırılması, Azərbaycana dair həqiqətlərin akademik səviyyədə tədris edilməsi və təbliği baxımından Argentina Respublikasının La Plata Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutu nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq fakültəsinin 2024-cü ildə də fəaliyyətinin davam etdirilməsi üçün tələb olunan 30.000 ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Koronavirusla mübarizəyə dəstəyin verilməsi məqsədilə Qoşulmama Hərəkatına sədrliyimiz çərçivəsində 2021-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Argentinaya 300 min ABŞ dolları məbləğində yardım göstərilmişdir.
 

Xarici işlər nazirlərinin səfərləri

 

Hektor Timerman, rəsmi səfər, 2 mart, 2012

Hektor Timerman, rəsmi səfər, 2-4 iyul, 2012
 

Elmar Məmmədyarov, rəsmi səfər, 6 aprel, 2006

Elmar Məmmədyarov, rəsmi səfər, 26 iyul, 2012

Elmar Məmmədyarov, İşgüzar səfər, 20-21 mart, 2019, “Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin Yüksək Səviyyəli Konfransı”nda iştirak etmək məqsədilə 
 

Parlamentlərarası əlaqələr

 

Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupu 13 dekabr 2005-ci ildə təsis edilmişdir. 2024-cü ilin 1 sentyabr tarixində Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq qrupun yeni tərkibi hələ formalaşmamışdır. 

 

Argentina Respublikası Milli Konqresinin Senatında və Nümayəndələr Palatasında Argentina-Azərbaycan dostluq qrupları 2012-ci ildə təsis edilmişdir.


15 iyul 2024-cü ildə Argentina Milli Konqresinin Fəxri Senatında Azərbaycanla parlamentlərarası dostluq qrupunun 2024-2025-ci illər üçün tərkibi aşağıdakı kimi təsdiq edilmişdir:

 

1. Dure, Maria Euxeniya (Dure, Maria Eugenia) - sədr
2. Fama, Flavio Serxio (Fama, Flavio Sergio) - sədr müavini
3. Arraskaeta, İvana Marsela (Arrascaeta, Ivana Marcela)
4. Losada, Karolina (Losada, Carolina)
5. Suarez, Rodolfo Alexandro (Suarez, Rodolfo Alejandro)


15 may 2024-cü ildə Argentina Milli Konqresinin Fəxri Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun 2024-2025-ci illər üçün tərkibi aşağıdakı kimi təsdiq edilmişdir:

 

1.Bonaçi, Rosio (Bonacci, Rocio) - sədr
2.Kastanyeto Karlos (Castagneto, Carlos)
3.Xulio Kobos (Cobos, Julio)
4.Emiliano Estrada (Estrada, Emiliano)
5.Marsela Marina Paqano (Pagano, Marcela Marina)
 

Müqavilə-hüquq bazası (imzalanmış sənədlərin sayı)

 

16 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq (əsas istiqamətlər və 2021-2023-cü illər üzrə ticarət dövriyyəsi)

 

Azərbaycan Respublikası və Argentina Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu fəaliyyət göstərir. Qrup 2012-ci ilin iyul ayında imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq yaradılmışdır. Hazırda, Azərbaycan tərəfindən işçi qrupunun rəhbəri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovdur.  Argentinada keçirilən son seçkilərdən sonra hökumət dəyişikliyi ilə əlaqədar olaraq yeni rəhbər hələ ki təyin olunmayıb.


Qrupun ilk iclası 26 noyabr 2014-cü ildə Buenos Ayresdə keçirilmişdir. Sözügedən iclasın yekunu olaraq iki ölkə arasında sənaye, enerji, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar və ətraf mühit sahələrində əməkdaşlıq məsələlərini əhatə edən Protokol imzalanmışdır. Ticarət əlaqələrinin gücləndirilməsi, aşağı səviyyədə olan ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya təşviqi, əczaçılıq sahəsində əməkdaşlıq, kənd təsərrüfatının müxtəlif sahələri üzrə informasiya və təcrübə mübadiləsi əməkdaşlıq protokolun əsas vurğu etdiyi sahələrdir.   


2023-cü ildə Azərbaycan Respublikasının Argentina Respublikası ilə ticarət dövriyyəsinin, o cümlədən idxalın həcmi 55,75 milyon ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə mənfi 55,75 milyon ABŞ dolları olmuşdur. 2022-ci illə müqayisədə, 2023-cü ildə Argentina Respublikası ilə ticarət dövriyyəsi 22,48 faiz, o cümlədən idxal 8,01 faiz azalmış, ixrac əməliyyatları aparılmamışdır. 2023-cü ildə Argentina Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 0,11 faiz (47-ci yer), o cümlədən idxalda 0,32 faiz (36-cı yer) təşkil etmişdir. 


2024-cü ilin yanvar-mart aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin, o cümlədən idxalın həcmi 15,07 milyon ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə mənfi 15,07 milyon ABŞ dolları olmuşdur.


Birbaşa investisiya axınlarının həcmi (1995-2023): Argentinadan Azərbaycana - 4 milyon ABŞ dolları (qeyri-neft sektoru); Azərbaycandan Argentinaya - qeydə alınmamışdır. AR Dövlət Neft Fondunun yatırdığı investisiyaların qalıq həcmi (31.12.2023-cü il tarixinə) 10 milyon ABŞ dolları olmuşdur.
 

Ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

 

Argentina Respublikasından Azərbaycana əsas idxal malları: 
Soya yağının cecə və tullantıları, əczaçılıq məhsulları, yer fıstığı, balıq və xərçəngkimilər, ət və ət məhsulları, tütün xammalı və digər.
 

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2021

49 655.64

11.80

49 643.84

2022

71 920.75

11 314.19

60 606.56

2023

55 749.83

0.00

55 749.83

 

 

 

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Argentina Respublikasındakı Səfirliyi

Ünvan: Maure 2151, Capital Federal, Buenos Aires, (C1426CTN) Argentina

İnternet səhifəsi: www.buenosaires.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti