Waving Flag of Mexico (Animated Gif)

Meksika Birləşmiş Ştatları

 

1992-ci ilin 10 fevral tarixində iki dövlət arasında diplomatik münasibətlər qurulmuşdur. Azərbaycanın Latın Amerikasında ilk səfirliyi Meksikada açılmışdır. Bu ölkədəki Səfirliyimiz 2006-cı ilin 2 oktyabr tarixindən fəaliyyət göstərir. Meksikanın Azərbaycandakı səfirliyi isə 2014-cü ilin 1 oktyabr tarixindən fəaliyyət göstərir.

 

Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından ötən 30  ildən çox bir müddətdə ikitərəfli əlaqələrimiz tarixi inkişaf yolu keçmiş və birgə təmaslarımız məhsuldar xarakter almışdır. 

 

Ötən müddət ərzində Meksika Konqresi ölkəmizin haqq işinə açıq dəstək ifadə etmişdir. Belə ki, 2011-ci ildə Meksika Senatı və Deputatlar Palatasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımını tanıyan sənədlər qəbul edilmişdir.

 

2023-cü ilin 4 may tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədovun iştirakı ilə Mexiko şəhərində keçirilmiş siyasi məsləhətləşmələrin növbəti - 3-cü raundu çərçivəsində ikitərəfli əlaqələrimizin cari vəziyyətinə bir daha nəzər yetirilmiş və yeni əməkdaşlıq istiqamətləri müəyyən edilmişdir. Həmçinin ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, idman, turizm və digər sahələrdə birgə təşəbbüslərin təşviqinə qarşılıqlı dəstək ifadə edilmişdir. 

 

2024-cü ilin 1 oktyabr tarixində AR xarici işlər nazirinin müavini Elnur Məmmədov Meksika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti xanım  Klaudiya Şeinbaumun rəsmi andiçmə mərasimində iştirak etmək üçün Meksikaya səfər etmişdir. 

 

Son illərdə ölkələrimiz arasında mədəni mübadilə proqramları, habelə iki ölkənin elm və təhsil ocaqları ilə təmaslar daha intensiv hal almışdır. Hal-hazırda iki ölkənin müvafiq şəhər və bələdiyyələri arasında qardaşlaşma sazişlərinin imzalanması istiqamətində iş aparılır. 

 

Beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimiz arasında əməkdaşlıq və səmərəli birgə fəaliyyət həyata keçirilmişdir.  
 

Dövlət/hökumət başçılarının qarşılıqlı səfərləri

 

İki ölkənin dövlət/hökumət başçıları səviyyəsində səfərlər həyata keçirilməmişdir.

 

Xarici işlər nazirlərinin səfərləri

 

İndiyə qədər AR xarici işlər naziri səviyyəsində Meksikaya 3 səfər həyata keçirilmişdir (2011,2012 və 2018-ci illərdə).


Meksika xarici işlər naziri səviyyəsində Azərbaycana səfər həyata keçirilməmişdir. 
 

Parlamentlərarası əlaqələr

 

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilk dəfə olaraq 2005-ci ildə, Meksika Konqresinin Deputatlar Palatasında Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupu isə ilk dəfə olaraq 2010-cu ildə yaradılmışdır. 

 

İki ölkənin müvafiq dostluq qrupları arasında birgə təmaslar, xüsusilə son illərdə, daha intensiv xarakter almışdır. 2023-cü ilin 24 fevral – 04 mart tarixlərində Meksika Konqresinin Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ölkəmizə səfər etmiş, AR Milli Məclisi, Qərbi Azərbaycan İcması, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində faydalı görüşlər keçirmiş və Azərbaycan mədəniyyətinin incisi olan tarixi Şuşa şəhərini ziyarət etmişlər. Dostluq qrupu tərəfindən həm 44 günlük Vətən Müharibəsi, həm də ondan sonrakı dövrdə Azərbaycana dəstək xarakterli bəyanatlar səsləndirilmişdir. 

 

2024-cü ilin 23-28 noyabr tarixlərində AR Milli Məclisinin deputatları - Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əliyeva və işçi qrupun üzvü Elşad Mirbəşiroğlu Meksikada işgüzar səfərdə olmuş, Meksika Konqresinin Deputatlar Palatası, habelə bu ölkənin Xalisko və İdalqo ştatlarının konqreslərində səmərəli görüşlər keçirmiş, iki ölkə arasında parlament diplomatiyasının təşviqinə yönəlik əhəmiyyətli razılaşmalar əldə etmişlər. 2024-cü ilin 23 aprel tarixində Meksika Senatının plenar iclasında Senatın yaradılmasının 200 illiyi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın təbrik mesajı yayılmışdır. Bütün bu tədbirlər ölkələrimiz arasında parlament diplomatiyasının aktiv inkişaf yoluna qədəm qoyduğunu bir daha təsdiq etmişdir.
 

Müqavilə-hüquq bazası (imzalanmış sənədlərin sayı)

 

İndiyə qədər ölkələrimiz arasında 5 sənəd imzalanmışdır. 

 

İqtisadi sahədə əməkdaşlıq (əsas istiqamətlər və 2020-2024-cü illər üzrə ticarət dövriyyəsi)

 

Son illərdə iki ölkənin ticarət dövriyyəsində artım müşahidə edilir. Hazırda ölkəmizdə yaradılmış əlverişli biznes/sərmayə mühiti, müasir tranzit-ticarət infrastrukturu və regional bazarlara sıxış imkanları meksikalı iş adamları üçün böyük perspektivlər vəd edir. Növbəti illərdə iki ölkənin ticarət missiyaları və turizm agentlikləri arasında qarşılıqlı tanışlıq səfərlərinin təşkili gözlənilir. 

 

Ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

 

Son 5 ildə ölkələrimiz arasında ticarət dövriyyəsi aşağıdakı kimi olmuşdur (min ABŞ dolları ilə). 
 

İl

İxrac

İdxal

Ticarət dövriyyəsi

2020

202.84

50 132.17

50 335.01

2021

467.31

64 421.51

64 888,82

2022

33.49

62 987.28

69 420.77

2023

297.01

53 839.16

54 136.17

2024

79.37

239 129.59

239 208.96

 

Mənbə: Azərbaycan Dövlət Gömrük Komitəsi

 

Azərbaycandan Meksikaya əsas ixrac malları: texniki avadanlıqlar, mexaniki qurğular və hissələr, reaktiv kerosin yanacağı, ekskavatorlar, elektrik cərəyanının paylanması üçün avadanlıqlar.

 

Meksikadan Azərbaycana idxal olunan əsas mallar: şəkər, minik avtomobilləri, maşınlar, elektrotexniki avadanlıq və hissələri, optik, tibbi, foto və dəqiq cihazlar, qara metal məmulatları, tünd spirtli içkilər (əsasən tekila), boya və laklar, noxud, səməni pivəsi və s.
 

Diplomatik nümayəndəlik

Azərbaycan Respublikasının Birləşmiş Ştatlarındakı Səfirliyi

Ünvan: Av. Bosques de la Reforma 580, Col. Bosque de las Lomas, Alcaldia Miguel Hidalgo, C.P. 11700, CDMX, Mexico

İnternet səhifəsi: www.mexico.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti