No:172/26, Nazir Ceyhun Bayramovun Avropa İttifaqının Cənubi Qafqaza üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşünə dair mətbuat məlumatı
19 aprel 2026 03:22
18 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Görüş zamanı, Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının cari vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri, əməkdaşlıq platformaları və alətləri üzrə əldə edilmiş razılıqlar, habelə növbəti addımlar nəzərdən keçirilib.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri zamanı aparılmış müzakirələrin, Azərbaycan-Avropa İttifaqı arasında mümkün əməkdaşlıq mexanizmlərinin, yeni ikitərəfli saziş üzrə danışıqların bərpasının və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə müzakirələrin əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.