Çoxtərəfli münasibətlər
Çoxtərəfli münasibətlər
Beynəlxalq təşkilatlar
Azərbaycan - Birləşmiş Millətlər Təşkilatı münasibətləri

 

Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya müharibəsinin başa çatmasından sonra – 1945-ci ilin oktyabr ayının 24-də təsis edilmişdir.

 

BMT-nin məqsədlərinə beynəlxalq sülh və təhlükəsizliyin qorunması, ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və insan hüquqları və əsas azadlıqlara hörmətin təşviq edilməsi daxildir.

 

BMT-nin prinsiplərinə üzv dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsinə əsasən götürülmüş öhdəliklərin üzv dövlətlər tərəfindən vicdanla yerinə yetirilməsi, beynəlxalq mübahisələrin sülh yolu ilə həlli, dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı və BMT-nin məqsədlərinə zidd olan hər hansı bir şəkildə güclə hədələməmə və ya güc tətbiq etməmə, Nizamnaməyə əsasən BMT tərəfindən aparılan fəaliyyətə üzv dövlətlər tərəfindən dəstəyin göstərilməsi, təşkilata üzv olmayan dövlətlər tərəfindən BMT prinsiplərinə riayət olunma, üzv dövlətlərin daxili işlərinə müdaxilə etməmə daxildir.

 

BMT-nin əsas orqanları Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və Katiblikdir. 

 

18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası az sonra - 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmişdir. BMT üzvlüyü Azərbaycana bərabərhüquqlu üzv kimi beynəlxalq ictimaiyyətə qovuşmaq və Təşkilatın Nizamnaməsində əks olunmuş mexanizmlərdən istifadə edərək, öz təhlükəsizliyi və rifahını təmin etmək və eləcə də beynəlxalq sülh və inkişafa töhfə vermək üçün əməkdaşlıq etmək imkanını açmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycan Respublikası ilə BMT arasında məzmunlu tərəfdaşlığın əsası qoyulmuşdur. Azərbaycan BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak edir.

 

Azərbaycan BMT-nin əsas orqanları, ixtisaslaşmış və digər qurumları ilə yaxından əməkdaşlıq edir. BMT-nin seçkili orqanlarında iştirak etməklə Azərbaycan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verir. Ölkəmiz BMT-nin Uşaq Fondunun (UNICEF) İcraiyyə Şurasına (1995-1997, 1998-2000, 2005-2009), Qadınların vəziyyəti üzrə Komissiyasına (2000-2002), Dayanıqlı İnkişaf üzrə Komissiyasına (2002-2004), BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) (2003-2005, 2017-2019), BMT-nin İnsan Hüquqları Komissiyasına (2005-2006), UNESCO İcraiyyə Şurasına (2005-2009, 2021-2025), BMT-nin İnsan Hüquqları Şurasına (2006-2009), Dünya Səhiyyə Təşkilatının (WHO) İcraiyyə Şurasına (2006-2009), BMT-nin İnkişaf Proqramı/BMT-nin Əhali Fondunun İcraiyyə Şurasına (2008-2010), Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Müdirlər Şurasına  (2009-2011, 2018-2020), BMT Təhlükəsizlik Şurasına (2012-2013), Ümumdünya Turizm Təşkilatının (WTO)  İcraiyyə Şurasına (2013-2017, 2018-2021), Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Şurasına (2015-2018, 2019-2022), Beynəlxalq Telekommunikasiya İttifaqının Radiotənzimləmə Komitəsinə (ITU-RRB) (2019-2022), BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinə (CEDAW) (2019-2022), Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına (ILO) (2017-2020), Ümumdünya Poçt İttifaqının (UPU) Poçt Əməliyyatları Şurasına (POC) (2017-2020), BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinə (CMW) (2018-2021; 2022-2025), UNESCO-nun Hökumətlərarası Bioetika Komitəsi (IGBC) (2019-2022), UNESCO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Komitəsinə (ICH)  (2019-2022), Ümumdünya Turizm Təşkilatının Assosiativ Üzvlüklə bağlı Müraciətlərə Baxılması üzrə Komitəsinə (2019-2021), UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə (ICPPDC) (2019-2023), UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinə (CIGEPS) (2019-2023), UNESCO-nun Kommunikasiyanın İnkişafı Proqramı üzrə Hökumətlərarası Şurasına (IPDC) (2019-2023), BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqları Komitəsinə (CESCR) (2021-2024) və UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitəsinə (2021-2025) üzv seçilmişdir.

 

BMT-nin fəaliyyəti 3 sütun üzərində qurulub: sülh və təhlükəsizlik, inkişaf və insan hüquqları.

 

Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi BMT Nizamnaməsində əks olunmuş əsas məqsəd olan beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına davamlı olaraq töhfə verir. Azərbaycan bu məqsədlə BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə iştirak edir və BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir.

 

Azərbaycanın 2012-2013-cü illər dövrü üzrə BMT TŞ-nin qeyri-daimi üzvlüyü beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsi üzrə siyasi proseslərdə ölkəmizin çəkisini artırmışdır. Beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsinə məsul əsas qurum olan BMT TŞ üzvlüyü zamanı Azərbaycan tərəfi həmişə beynəlxalq hüquq və ədaləti müdafiə etmişdir. Şuraya üzvlük zamanı rotasiya qaydasına əsasən Azərbaycan TŞ-yə iki dəfə sədrlik etmişdir. Birinci sədrliyimiz dövründə 2012-ci ilin 4 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə TŞ-də Beynəlxalq sülh və təhlükəsizliyə terrorizmin açdığı hədələr mövzusu çərçivəsində “Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi” adlı yüksək səviyyəli görüş keçirilmişdir. İkinci sədrliyimiz dövründə Azərbaycan tərəfi ənənəvi olaraq sədr ölkə tərəfindən təşkil edilən yüksək səviyyəli iclası “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusuna həsr etmişdir. 28 oktyabr 2013-cü il tarixində təşkil edilən bu iclas ilk dəfə belə bir mövzuya aid edilmişdi.  Əlavə olaraq, Azərbaycanın təklifi əsasında 30 may 2012-ci il tarixində “Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət” mövzusunda BMT TŞ-nin “Arria formulası” çərçivəsində qeyri-rəsmi müzakirələri təşkil olunmuşdur.

 

Ümumilikdə, Azərbaycan BMT TŞ-yə üzvlüyü dövründə beynəlxalq sülh və təhlükəsizliyə aid mühüm qərarların qəbul olunmasında yaxından iştirak etmiş və bu sahədə beynəlxalq konsensusun möhkəmlənməsinə öz töhfələrini vermişdir.

 

Azərbaycan 1999-cu ildən bəri BMT TŞ mandatı əsasında aparılan bir çox beynəlxalq sülhməramlı əməliyyatlara töhfə vermişdir. Azərbaycan indiyədək BMT TŞ-nin 1244 (1999) saylı qətnaməsi əsasında NATO-nun rəhbərliyi altında Serbiyanın Kosovo bölgəsində (KFOR), 1386 (2001) saylı qətnaməsi əsasında Əfqanıstanda (ISAF), 1511(2003) saylı qətnaməsi əsasında İraqda (MNF-I), 2189 (2014) qətnaməsi əsasında Əfqanıstanda NATO-nun komandanlığı altında “Qətiyyətli dəstək” əməliyyatlarında iştirak edib. Hazırda Azərbaycan BMT-nin Cənubi Sudan Respublikasında həyata keçirdiyi sülhüqoruma əməliyyatında (UNMISS) iştirak edir.

 

Azərbaycan sülh və təhlükəsizliyə dair tematik məsələlərin təşviq edilməsi üçün BMT-nin aidiyyəti qurumları ilə əməkdaşlıq edir. Ölkəmiz BMT və İslam Əməkdaşlığı Təşkilatının müvafiq qurumları ilə birlikdə “Terrorçuluğun qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsi” mövzusunda 18-19 mart 2013-cü il tarixlərində yüksək səviyyəli beynəlxalq konfransa ev sahibliyi etmişdir. Bundan əlavə, terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin yayılmasına qarşı mübarizə və digər müvafiq sahələrdə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi (UNODC) ilə effektiv əməkdaşlıq həyata keçirilməkdədir.

 

İnkişaf və əməkdaşlıq BMT-nin əsas məqsədlərindən biridir. Dünyada rifahın və əməkdaşlığın artmasının müharibələrin önlənməsi və sülh və təhlükəsizliyin möhkəmlənməsində rolu nəzərə alınaraq, BMT çərçivəsində inkişaf və əməkdaşlığa dair əhəmiyyətli ölçüdə praktiki əməkdaşlıq imkanları formalaşdırılmışdır. İnkişaf məsələləri BMT-nin yüksək səviyyəli müzakirələrində əsas vəzifə kimi qarşıya qoyulmuş və bu istiqamətdə konkret zaman çərçivələrində müəyyən hədəflərə nail olunması qərarlaşdırılmışdır. 2015-ci il BMT sammitində 2000-ci il sammitində başladılmış bu səylərin növbəti 15 il ərzində (2030-cu ilə qədər) davam etdirilməsi qərara alınmış və qlobal inkişafa dair bır sıra konkret hədəflər (17 “Dayanıqlı İnkişaf Məqsədi” üzrə 169 hədəf) müəyyən edilmişdir. BMT müxtəlif qurumları vasitəsi ilə bu sahədə beynəlxalq əməkdaşlığı təşviq edir.

 

Azərbaycan BMT-yə üzv olduğu tarixdən inkişaf məsələləri üzrə əhəmiyyətli əməkdaşlıq formalaşdırılmışdır. Azərbaycanın bu istiqamətdə BMT ilə əməkdaşlığı iqtisadi artım, yoxsulluğun aradan qaldırılması, ərzaq təminatı, təhsil, ətraf mühit, gender bərabərliyi və s. kimi mühüm inkişaf məsələlərini əhatə edir. 1 mart 2021-ci il tarixində BMT və Azərbaycan arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişafa dair Əməkdaşlıq üzrə Çərçivə Sənədi imzalanmışdır. 2021-ci ildə həmçinin 2021-2025-ci illər üçün BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu və BMT-nin Uşaq Fondu ilə əməkdaşlığa dair ayrıca proqram sənədləri qəbul edilmişdir.

 

Azərbaycan müvafiq iqtisadi imkan əldə edən vaxtdan humanitar həmrəylik prinsiplərinə sadiq olaraq, bir sıra ölkələrə yardımlar etməyə başlamışdır. Bu məqsədlə, Azərbaycan Hökuməti 2011-ci ildə Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyini (AIDA) yaratmış və həmin Agentliyin xətti ilə beynəlxalq humanitar və inkişaf yardımı göstərilir. Həmçinin, Azərbaycan elektron hökumət və ictimai xidmətlər sahəsində öz üstün təcrübəsini BMT çərçivəsində paylaşır.

 

Azərbaycan beynəlxalq hüququn inkişafı, o cümlədən, beynəlxalq hüququn kodifikasiyası məsələlərində fəal iştirak edir. Azərbaycan tərəfi bu istiqamətdə fəaliyyəti zamanı dövlətlərin suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyü, suveren bərabərliyi və daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüquq prinsiplərini rəhbər tutur.

 

Bu yanaşmadan çıxış edərək, ölkəmiz BMT çərçivəsində insan hüquqlarının təşviqi sahəsində proseslərdə də fəal iştirak edir. Azərbaycan bir sıra qətnamələrin müəllifi və ya həmmüəllifi olmuşdur. Bunlar arasında müvafiq BMT orqanlarında qəbul olunan “İtkin düşmüş şəxslər” və “Silahlı münaqişələr zamanı girov götürülmüş, o cümlədən sonradan həbs edilmiş qadın və uşaqların azad edilməsi” başlıqlı qətnamələri göstərmək olar. Ölkəmiz insan hüquqlarının ümumi standartlarının təmini məsələsi ilə yanaşı insan hüquqlarının kütləvi şəkildə pozulduğu hallara (xüsusilə münaqişələr zamanı) diqqətin artırılmasına səy göstərir.

 

COVID-19 pandemiyasına qarşı mübarizədə həmrəylik, çoxtərəflilik və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi nəzərə alınaraq, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təklifi əsasında Hərəkatın təşəbbüsü və BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə 3-4 dekabr 2020-ci il tarixlərində BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19-a qarşı mübarizə mövzusuna həsr olunan 31-ci xüsusi sessiyası çağırılmışdır. Sessiyanın yüksək səviyyəli seqmentində 70-dən çoxu dövlət və hökumət başçıları, 48-i isə nazirlər səviyyəsində olmaqla ümumilikdə 147 üzv dövlət  çıxış etmişdir.

 

23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilmişdir. Qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır. Qətnaməyə ümumilikdə 137 dövlət həmmüəlliflik etmişdir ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir.

16 dekabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın plenar iclasında Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin (179 dövlət) dəstəyi ilə qəbul edilmişdir. Qətnaməyə 126 BMT üzv dövləti həmmüəllif qismində qoşulmuşdur. Sözügedən qətnamənin qəbulu Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal səylərin mərkəzində olmağa davam etdiyinin daha bir göstəricisi olmuşdur.

Sülh və təhlükəsizlik istiqaməti üzrə Azərbaycan-BMT əməkdaşlığında ən ümdə məsələ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın güc tətbiqinə son qoyulmasına və ölkənin ərazi bütövlüyünün təmin olunmasına beynəlxalq dəstək əldə etmək olmuşdur. BMT beynəlxalq sülh və təhlükəsizliyin bərqərar edilməsi məqsədindən irəli gələrək, Ermənistan-Azərbaycan münaqişəsinə dair bir sıra qətnamə və sənədlər qəbul etmişdir.

 

BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 822, 853, 874, 884 saylı qətnamələr qəbul edilmişdir. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənmiş və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələb edilmişdir.

 

1992-1995-ci illər ərzində BMT TŞ-nin Sədrləri Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyən bəyanatlarla çıxış etmişlər.

 

BMT Baş Assambleyası tərəfindən 1993-cü ildə “Azərbaycandakı qaçqın və məcburi köçkünlərə təcili beynəlxalq yardım” adlı, 2006 və 2008-ci illərdə isə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul olunmuşdur.

 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti