AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci ildə Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülmüşdür. Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilat təsis etmək olmuşdur.
Hazırda 28 üzvü olan AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin əsas prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə qəbul edilmiş Almatı Aktıdır. Müşavirənin inzibati orqanı Astana şəhərində yerləşən Katiblikdir. AQEM-in əsas qərar qəbul etmə orqanları Dövlət və Hökumət Başçılarının Şurası – Sammit (prosedur qaydalarına uyğun olaraq dörd ildən bir keçirilir), Xarici İşlər Nazirləri Şurası (dörd ildən bir keçirilir) və Yüksək Vəzifəli Şəxslər Komitəsidir (azı ildə iki dəfə toplanır).
Azərbaycan Qazaxıstanın ilk Prezidenti Zati-aliləri Nursultan Nazarbayevin AQEM-in çağırılması ilə bağlı təşəbbüsünü dəstəkləyən ilk dövlətlərdən biri olmuşdur və hazırda da AQEM çərçivəsində əməkdaşlıqda fəal iştirak edir. Ölkəmiz “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişaf etdirilməsi” sahəsində etimad-qurucu tədbirin əlaqələndiricisi funksiyalarını yerinə yetirməkdədir. Bu xüsusda, Azərbaycan tərəfi 20-21 aprel 2011-ci il tarixlərində Bakıda sözügedən etimad-quruculuğu sahəsində ekspertlərin görüşünə ev sahibliyi etmişdir. 23 sentyabr 2021-ci il tarixində isə “Nəqliyyat və logistika əməliyyatlarında rəqəmsallaşmanın gücləndirilməsi istiqamətində əməkdaşlığın təşviqi” mövzusunda ekspertlərin növbəti görüşü virtual formatda Azərbaycan tərəfindən təşkil edilmişdir. 2018-ci ilin 13-14 aprel tarixlərində Bakıda “Sülh, təhlükəsizlik və davamlılıq kontekstində beynəlxalq gənclər əməkdaşlığı” mövzusunda AQEM-in Gənclər Şurasının üçüncü konfransı da təşkil edilmişdir.
Bundan başqa, ölkəmiz tərəfindən 2022-2023-cü illəri əhatə edən “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişaf etdirilməsi sahəsində etimad-qurucu tədbirlərin icrası üzrə konsepsiya sənədi” də hazırlanmış və AQEM-in müvafiq iclasında qəbul olunmuşdur.
2023-cü ilin 21 sentyabr tarixində keçirilmiş AQEM-in Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında Müşavirənin tamhüquqlu beynəlxalq təşkilata transformasiyası ilə bağlı Yol Xəritəsi qəbul edilmişdir.
AQEM-in zirvə görüşlərinin yekun bəyannamələrində, eləcə də nazirlər iclaslarının sənədlərində davamlı olaraq separatizm dövlətlərin sabitliyi, suverenliyi və ərazi bütövlüklərinə olan təhdid kimi pislənilmiş və üzv-dövlətlər arasındakı münasibətlərin bir-birinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında qurulmalı olduğu qeyd edilmişdir.