No:468/25, Azərbaycan Respublikasının BMT-nin Əhali və İnkişaf Komissiyasının 2026-2030-cu illər üzrə və BMT-nin Sosial İnkişaf Komissiyasının 2025-2029-cu illər üzrə üzvlüklərinə seçilməsinə dair mətbuat məlumatı

11 dekabr 2025 01:05

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və İnkişaf Komissiyasının (CPD) 2026-2030-cu illər üzrə və Sosial İnkişaf Komissiyasının (CsocD) 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib.

 

Hər iki komissiya BMT-nin iqtisadi və sosial məsələləri üzrə əsas orqanı olan ECOSOC-un funksional komissiyalarıdır. Hal-hazırda ölkəmiz BMT ECOSOC-un 2025-2027-ci illər üzrə üzvləri arasında yer alır.

 

CPD əhali dinamikasının, demoqrafik dəyişikliklərin, miqrasiya və urbanizasiyanın, eləcə də dayanıqlı inkişafla bağlı beynəlxalq müstəvidə yanaşmaların formalaşdırılmasına məsuldur. CsocD isə sosial siyasət, sosial müdafiə sistemləri, həssas qrupların hüquqları və rifahın artırılması kimi istiqamətlər üzrə fəaliyyətlər aparır.

 

Qeyd edilən BMT Komissiyalarında təmsilçilik ölkəmizin sosial müdafiə islahatları, dövlət xidmətlərinin innovasiyası, yoxsulluğun aradan qaldırılması üzrə uğurları və əhalinin rifahının yüksəldilməsi sahəsindəki prioritetlərinin beynəlxalq müstəvidə təqdim edilməsinə, eləcə də BMT-nin fəaliyyətlərinə töhfə və əməkdaşlıq imkanlarının gücləndirilməsinə imkan verəcəkdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti