news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 noyabr 2021

No:444/21, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun İsveç Krallığının xarici işlər naziri Ann Linde ilə telefon danışığına dair məlumatı

18 noyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı baş tutub.

 

Ann Linde bu ilin 16 noyabr tarixində Azərbaycan və Ermənistan sərhədində yaşanan gərginlikdən narahatlığını ifadə edib və hər iki tərəfi vəziyyətin gərginləşdirilməsindən çəkinməyə və konstruktiv dialoqa çağırıb.

 

Nazir Ceyhun Bayramov baş verən gərginliyin Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilən silsilə təxribatçı addımlardan növbəti biri olduğunu qeyd edib. Belə ki, 8 noyabr tarixindən etibarən Ermənistan tərəfindən törədilən hərbi təxribatlar barədə ətraflı məlumat verən nazir, bu xüsusda Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycan ərazilərinə qanunsuz səfəri, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, Şuşa yaxınlığında erməni terrorçularının Azərbaycan postuna hücumu, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər və Laçın rayonundakı Azərbaycan Ordusunun mövqelərini davamlı şəkildə atəşə tutduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Bölgədə vəziyyətin gərginləşməsi və üçtərəfli bəyanatın icrasına maneələr törədilməsi məsuliyyətinin bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərində olduğu vurğulanıb.

 

Ermənistanın Azərbaycanı beynəlxalq hüququn prinsipləri əsasında delimitasiya prosesinə başlamaq çağırışına qarşılıq vermədiyini nazir Ann Lindenin diqqətinə çatdıran Ceyhun Bayramov, məsələnin konstruktiv dialoq vasitəsilə həllinin alternativinin olmadığını söyləyib.

 

Telefon danışığı zamanı nazirlər, həmçinin ATƏT-in Stokholmda keçiriləcək nazirlər görüşünə hazırlıqla bağlı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ərtafında fikir mübadiləsi aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti