No:237/25, Kanada ilə ilk siyasi məsləhətləşmələrə dair mətbuat məlumatı
10 iyun tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Kanada Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib. Azərbaycan Respublikasının nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin rəisi Esmira Cəfərova, Kanada nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Avrasiya Departamentinin icraçı direktoru Andreas Veyçert rəhbərlik edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, davamlı siyasi dialoqun təşviqi məqsədilə qarşılıqlı səfərlər və beynəlxalq tədbirlər çərçivəsində təmasların önəmi vurğulanıb. İkitərəfli münasibətlərdə gərginlik yaradan məqamlardan və addımlardan çəkinilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
İqtisadi sahədə əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, habelə enerji, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. COP29 çərçivəsində Kanada tərəfi ilə uğurlu əməkdaşlığa xüsusi diqqət yetirilib. Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu mühüm enerji, nəqliyyat və logistika layihələrinin reallaşdırılmasında ölkəmizin strateji rolu yüksək qiymətləndirilib. Eyni zamanda, təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlığın xalqlararası əlaqələrin gücləndirilməsinə önəmli töhfə verəcəyi qeyd olunub.
Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi və bu prosesə mane olan amillər, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərimizdəki mina problemi və orada həyata keçirilən irimiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Sonda tərəflər arasında regional və beynəlxalq gündəlikdə qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.