No:214/26, Nazir Ceyhun Bayramovun Ümumdünya Şəhərsalma Forumu çərçivəsində “Şəhərlər bağlantıların mərkəzində: şəhərlərin bərpası və regional əməkdaşlıq” mövzusunda sessiyada çıxışına dair mətbuat məlumatı
19 may 2026 17:02
19 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Şəhərsalma Forumu çərçivəsində “Şəhərlər bağlantıların mərkəzində: şəhərlərin bərpası və regional əməkdaşlıq” mövzusunda sessiyada çıxış edib.
Çıxış zamanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyini strateji üstünlüyə çevirdiyi vurğulanıb. Bu çərçivədə həmçinin ölkəmizin regional inteqrasiya, dayanıqlı şəhər inkişafı və regionlararası əməkdaşlıq üçün mühüm mərkəz kimi rolu diqqətə çatdırılıb.
Çıxışda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə məlumat verilib. Bu prosesin yalnız evlərin və yolların tikintisini deyil, keçmiş münaqişə zonasının iqtisadi artım, bağlantı və insan inkişafı mərkəzlərinə çevrilməsini hədəflədiyi qeyd olunub.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpasının bölgədə yeni geosiyasi reallıq yaratdığı, regional əməkdaşlıq, ticarət, bağlantılar və iqtisadi inkişaf üçün yeni perspektivlər açdığı bildirilib.
Bu çərçivədə Azərbaycan və Ermənistan arasında başlanmış normallaşma prosesinin regional əməkdaşlıq və iqtisadi inteqrasiyanın inkişafı üçün mühüm zəmin yaratdığı qeyd olunub. 8 avqust 2025-ci il tarixli Vaşinqton Sammitinin tarixi nəticələrlə yadda qaldığı diqqətə çatdırılıb. Azərbaycan və Ermənistan liderlərinin, ABŞ prezidentinin şahid qismində imzaladığı Birgə Bəyannamənin və iki ölkə arasında sülh sazişinin paraflanmasının tərəflər arasında de-fakto sülh yaratdığı və etimad quruculuğu ilə iqtisadi əməkdaşlıq üçün yeni mərhələnin əsasını qoyduğu qeyd olunub.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsinin yenidənqurma və inkişaf qarşısında ən ciddi maneələrdən biri olaraq qaldığı xatırlanıb. Münaqişədən sonrakı dövrdə yüzlərlə mülki şəxsin mina partlayışlarının qurbanına çevrildiyi bildirilib. Minatəmizləmə fəaliyyətinin təhlükəsiz qayıdış, iqtisadi fəaliyyət, kənd təsərrüfatının inkişafı və uzunmüddətli regional sabitlik üçün əsas şərt olduğu vurğulanıb.
Azərbaycanın multimodal bağlantı gündəliyini post-münaqişə strategiyasının mühüm hissəsi kimi inkişaf etdirdiyi qeyd olunub. Bu baxımdan, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməklə yanaşı, Asiya ilə Avropanı dəmir yolu, avtomobil yolu, enerji xətləri, elektrik ötürücü sistemləri və fiber-optik infrastrukturu vasitəsilə birləşdirən yeni strateji bağlantı xətti yaradacağı diqqətə çatdırılıb. Eyni zamanda, Horadiz–Ağbənd dəmir yolu xətti və Türkiyənin Qars–İğdır–Dilucu dəmir yolu layihəsinin regional bağlantını daha da gücləndirəcəyi bildirilib.