No:179/26, Nazir Ceyhun Bayramovun Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Thonqsavan Fomvihan ilə görüşünə dair mətbuat məlumatı

20 aprel 2026 16:44

20 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində keçirilən BMT-nin Baş katibinin müavini və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Thonqsavan Fomvihan ilə görüşüb.

 

Görüş zamanı, Azərbaycan-Laos Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi, diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi məmnunluqla xatırlanıb. 

 

İki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb. Bu çərçivədə, Orta Dəhlizin əhəmiyyəti vurğulanıb. 

 

Laos naziri təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb və bu çərçivədə Bakıda təhsil almış Iaoslulardan ibarət Azərbaycan-Laos Dostluq Assosiasiyasının yaradıldığını bildirib. 

 

Tərəflər həmçinin Yaxın Şərqdə vəziyyətdən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

 

Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı (NAM), Laosun üzvü olduğu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti