No:057/26, Nazir Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə telefon danışığına dair mətbuat məlumatı

01 mart 2026 19:06

1 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.

 

Söhbət zamanı Yaxın Şərqdə son günlər müşahidə olunan hərbi toqquşmalar və təhlükəsizlik mühitindəki gərginlik əsas müzakirə mövzusu olub.

 

Tərəflər yaranmış vəziyyət ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər. Mövcud hərbi eskalasiyanın regional sabitlik üçün yaratdığı risklər xüsusi qeyd edilərək, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin, münaqişənin dialoq və siyasi vasitələrlə həllinin zəruri olduğu vurğulanıb.

 

Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin  prioritet məsələ olduğu bildirilib. Nazir Ceyhun Bayramov qarşıdurma nəticəsində mülki insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı diləklərini çatdırıb. 

 

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti