Terrorçuluğa qarşı mübarizə

TERRORÇULUĞA QARŞI MÜBARİZƏ

Ümumi məlumat

1980-ci illərdən etibarən terrora məruz qalmış bir ölkə olaraq terrorçuluq problemi Azərbaycan üçün yeni bir anlayış deyil.

Ermənistanın bilavasitə təşəbbüsü, təşkilatçılığı və iştirakı ilə Azərbaycan Respublikasının ərazisində törədilmiş, minlərlə insan itkisinə səbəb olan terror fəaliyyətinə dair kifayət qədər əsaslı dəlillər mövcuddur. 1980-ci illərin sonlarından etibarən Azərbaycan ərazilərinə iddialarını irəli sürmüş və onun ərazi bütövlüyünə qarşı güc tətbiq etmiş Ermənistan Azərbaycan ərazilərində dəfələrlə terror aktları törətmişdir. Təəssüf ki, bu terror aktlarının təşəbbüskarları və iştirakçıları hələ də azadlıqdadırlar və qanun qarşısında cavab verməmişlər.

Azərbaycan terrorçuluğa qarşı beynəlxalq mübarizə sahəsində qlobal səylərə fəal töhfə verməyə davam etməkdədir. ABŞ-da törədilmiş 11 sentyabr 2001-ci il terror hadisələrindən sonra Azərbaycan terrorçuluğa qarşı beynəlxalq koalisiyanın fəal üzvlərindən birinə çevrilmişdir. Bu istiqamətdə beynəlxalq çağırışlara cavab olaraq Azərbaycan Respublikası öz hava məkanını və hava limanlarını Əfqanıstanda Əl-Qaidə və Talibana qarşı mübarizə aparan beynəlxalq anti-terror koalisiyasının üzvlərinə açmışdır.

Milli səviyyədə görülmüş işlər

Azərbaycan Respublikası terrorçuluğa qarşı mübarizə sahəsində öz daxili qanunvericiliyini mövcud beynəlxalq öhdəliklərə uyğunlaşdırmaq məqsədilə müntəzəm əsasda nəzərdən keçirir və zəruri əlavə və dəyişikliklər edir. Azərbaycan hazırda terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyanın hamısına tərəf olaraq qoşulmuşdur.

Terrorçuluğa qarşı mübarizə haqqında Qanun (1999) Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının müvafiq istiqamətdə fəaliyyətinin səmərəli təşkili üçün hüquqi çərçivə yaradır.

Terrorçuluğa qarşı milli səviyyədə həyata keçirilən tədbirlər hüquq-mühafizə fəaliyyəti ilə yanaşı terrorçuluğa gətirib çıxaran ekstremist və radikal ideologiyanın yayılmasına qarşı qabaqlayıcı strategiyaları da əhatə edir. Bundan əlavə, mövzunun sosial aspektlərini nəzərə alaraq, potensial terrorçuların və onların ailə üzvlərinin sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası sahəsində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq işlər görülür.

Qanunvericilik sahəsində həyata keçirilən islahatlar terrorçuluğa qarşı mübarizədə qurumlararası səmərəli əlaqələndirməni təmin etmək istiqamətində institusional təkmilləşmələrlə də müşayiət olunur. Müvafiq sahədə əsas səlahiyyətli dövlət qurumları Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətidir. Hüquq-mühafizə qurumları ilə yanaşı, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumlar tərəfindən terrorçuluğa qarşı mübarizədə preventiv və sosial xarakterli tədbirlər görülür.

Maliyyə Monitorinqi Xidməti ölkənin əsas maliyyə kəşfiyyatı qurumu olaraq terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində ixtisaslaşmışdır. Qurumun institusional əsası və funksiyaları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) standartlarına uyğunlaşdırılmışdır.

Beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikası beynəlxalq əməkdaşlığı terrorçuluğa qarşı mübarizədə ən mühüm komponentlərdən biri olaraq qəbul edir.

Digər ölkələrlə imzalanan ikitərəfli, üçtərəfli və çoxtərəfli sazişlərlə yanaşı, Azərbaycan terrorçuluğa qarşı mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlıq mexanizmlərində fəal iştirak edir. Bu istiqamətdə xüsusilə BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi, ATƏT-in Transmilli Təhdidlər Departamenti, Avropa Şurasının Terrorçuluğa qarşı mübarizə üzrə Ekspertlər Qrupu (CODEXTER), eləcə də GUAM, Avropa İttifaqı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və digərlərini qeyd etmək lazımdır.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycana qarşı yönəlmiş terrorçuluq təhdidləri və onlara qarşı mübarizə

44 günlük Vətən müharibəsi dövründə Ermənistan tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə qarşı muzdlular və əcnəbi terrorçu döyüşçülərdən istifadə edilmiş və xarici ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən öz xeyriyyə və qeyri-kommersiya statuslarından sui-istifadə edilərək suveren ərazilərimizdə terror fəaliyyətlərinin maliyyələşdirilməsi üçün külli miqdarda ianə toplanmışdır.

 

2020-ci ilin sentyabr-noyabr ayları ərzində Azərbaycana qarşı növbəti hərbi təcavüzü çərçivəsində Ermənistan tərəfindən muzdlulardan və əcnəbi terrorçu döyüşçülərdən istifadə edilməsi barədə aidiyyəti dövlət qurumlarının təqdim etdiyi və açıq mənbələrdən əldə edilmiş məlumatlar əsasında Azərbaycan hökuməti tərəfindən müfəssəl hesabat [1]hazırlanmış, mütəmadi olaraq yenilənmiş və BMT üzv dövlətlərinə, eləcə də müvafiq profilli beynəlxalq təşkilatlara təqdim edilmişdir.

 

Həmçinin Ermənistanın ölkəmizə qarşı son hərbi təcavüzü zamanı digər dövlətlərdə mövcud olan erməni diaspor təşkilatları tərəfindən yaradılmış fondlar vasitəsilə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimə və bu ərazilərdə qeyri-qanuni mövcud olan silahlı birləşmələrə maliyyə dəstəyinin qarşısının alınması istiqamətində müvafiq iş aparılmışdır. Bu cür dəstəyi həyata keçirən və “xeyriyyə təşkilatları” qismində fəaliyyət göstərən qurumlar, eləcə də onlara bank və maliyyə xidməti göstərən bank və maliyyə təşkilatları barədə hesabat hazırlanaraq BMT üzv dövlətlərində maliyyə monitorinqini həyata keçirən qurumlara və müvafiq profilli beynəlxalq təşkilatlara təqdim edilmiş və fəaliyyəti terrorçuluğun maliyyələşdirilməsinə yönəlmiş bu cür fondlara və cəmiyyətlərə qarşı sərt tədbirlərin görülməsi xahiş edilmişdir.

 

 

[1] Istinad üçün mənbə: A/75/625-S/2020/1161

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti