Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilat (ATƏT) Avropada Təhlükəsizlik və
Əməkdaşlıq üzrə Müşavirənin (ATƏM) varisidir və ATƏM-in transformasiyası nəticəsində tam
hüquqlu təşkilat olaraq 1994-cü ildə yaradılmışdır. ATƏT-in əsas sənədi 1975-ci ildə
imzalanmış Helsinki Yekun Aktıdır. Helsinki Yekun Aktı ATƏT məkanında dövlətlərarası
münasibətlərin prinsipial çərçivəsini müəyyən edir və özündə “İştirakçı Dövlətlər arasında
Münasibətlərin Rəhbəredici Prinsiplər”ini ehtiva edir. Həmin prinsiplər aşağıdakılardır:
1. Suveren bərabərlik və suverenliyə xas olan hüquqlara hörmət;
2. Güc tətbiqi ilə hədələməmə və gücdən istifadədən çəkinmə;
3. Sərhədlərin toxunulmazlığı;
4. Dövlətlərin ərazi bütövlüyü;
5. Mübahisələrin dinc yolla nizama salınması;
6. Daxili işlərə qarışmama;
7. İnsan hüquqları və fundamental azadlıqlara hörmət;
8. Xalqların bərabərhüquqluluğu və öz müqəddəratını təyin etmə hüququ;
9. Dövlətlər arasında əməkdaşlıq;
10. Beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi.
Azərbaycan ATƏM-in (ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. ATƏM
(ATƏT) Azərbaycanın üzv olduğu ilk Avropa təşkilatıdır.
Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in (ATƏT)
Zirvə Toplantısında iştirak etmiş və onun sənədlərini imzalamışdır.
1. ATƏT-in əsas qərar qəbuletmə orqanları və Azərbaycanın iştirakı
Sammit - ATƏT-in əsas qərar qəbul etmə mexanizmi iştirakçı dövlətlərin dövlət və hökumət
başçılarından ibarət Sammitdir.
Azərbaycan Respublikası təşkilata tam hüquqlu üzv olduqdan etibarən ATƏT-in 1992-ci il
Helsinki, 1994-cü il Budapeşt, 1996-cı il Lissabon, 1999-cu il İstanbul və 2010-cu il Astana
Sammitlərində iştirak etmişdir.
2010-cu ilin 1-2 dekabr tarixlərində sonuncu dəfə Astanada keçirilən Sammitdə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak
etmişdir. Sammitdə qəbul edilmiş yekun Bəyannamədə ATƏT məkanında həlli uzanan
münaqişələrin beynəlxalq hüququn, BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit
edilmiş norma və prinsipləri əsasında həllinin vacibliyi qeyd edilmişdir.
Nazirlər Şurası - Nazirlər Şurası təşkilatın Sammitdən sonra ikinci əsas qərar qəbul etmə
orqanıdır. İştirakçı dövlətlərin xarici işlər nazirlərindən ibarət olan Şura bir qayda olaraq, ildə
bir dəfə (Sammit keçirilən illər istisna olmaqla) təşkilata sədrlik edən ölkədə təşkil edilir.
Azərbaycan ATƏT-in Nazirlər Şurasının (NŞ) illik iclaslarında və müzakirəyə çıxarılan qərar
və sənəd layihələri üzrə müzakirələrində fəal iştirak edir.
Daimi Şura – iştirakçı dövlətlərin ATƏT yanında Daimi Nümayəndələrindən təşkil olunan
qərar qəbuletmə orqanıdır. Daimi Şura özünün müntəzəm iclaslarını həftədə bir dəfə olmaqla
Vyanada keçirir.
2021-ci ilin 25 may və 2023-cü ilin 6 iyun tarixlərində Daimi Şuranın xüsusi iclaslarında
Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov çıxış etmiş,
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bitməsindən sonra Azərbaycan
Respublikasının bərpa, yenidənqurma və yenidən inteqrasiyaya, habelə Ermənistanla
Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə dair mövqeyini və baxışını
diqqətə çatdırmışdır.
Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumu (TƏF) - iştirakçı dövlətlərin ATƏT yanında Daimi
Nümayəndəliklərindən ibarət təşkilatın hərbi-siyasi ölçüsü üzrə qərar qəbul etmə orqanıdır.
TƏF özünün müntəzəm iclaslarını həftədə bir dəfə olmaqla Vyanada keçirir.
Azərbaycan 2022-ci ilin yanvar-aprel aylarında TƏF-də Sədrlik etmişdir (bundan əvvəl isə
2007-ci ildə). 2022-ci ilin 19 yanvar tarixində Azərbaycanın Sədrliyi altında keçirilmiş açılış
iclasında xarici işlər naziri cənab Ceyhun Bayramov Azərbaycanın Sədrlik proqramını təqdim
etmişdir. Sədrliyimiz dövründə həftəlik əsasda müxtəlif hərbi-siyasi mövzular üzrə
Təhlükəsizlik Dialoqları, eləcə də digər aidiyyəti tədbirlər təşkil olunmuşdur. Həmin tədbirlər
beynəlxalq humanitar hüquq və mülki şəxslərin qorunması, yüngül və atıcı silahlar (YAS) və
adi silah sursatları (ASS), minalardan təmizləmə, hərbi-siyasi bloklara qoşulmayan ölkələrin
Avropa təhlükəsizlik arxitekturasında rolu, terrorçuluğa qarşı mübarizə və münaqişədən
sonrakı bərpa kimi mövzuları əhatə etmişdir.
2. ATƏT-in Baş katibi
ATƏT-in Baş katibi təşkilatın Katibliyi və icraçı qurumlarının gündəlik fəaliyyətinin
əlaqələndirilməsi funksiyasını daşıyır. Nazirlər Şurasının qərarı ilə üç il müddətinə təyin edilir.
ATƏT-in hazırkı Baş katibi cənab Feridun H. Sinirlioğlu (Türkiyə) bu vəzifəyə 2024-cü ilin
dekabr ayında təyin olunmuşdur. O, 25 aprel 2025-ci il tarixində Azərbaycana ilk rəsmi səfəri
çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul
edilmişdir. Baş katib, həmçinin, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun
Bayramov ilə görüşmüş və Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər etmişdir.
3. ATƏT-in icraçı institutları ilə əməkdaşlıq
ATƏT çərçivəsində iştirakçı dövlətlər arasında dialoq və əməkdaşlığın təşviqi və müvafiq
sahədə qəbul edilmiş öhdəliklərin icrası məqsədilə iştirakçı dövlətlərə dəstək göstərilməsi
üçün üç icraçı institut fəaliyyət göstərir: Demokratik Təsisatlar və İnsan hüquqları Bürosu
(DTİHB), Media azadlığı üzrə nümayəndə və Milli azlıqlar üzrə ali komissar.
1. DTİHB
DTİHB-nin baş ofisi Varşava şəhərində yerləşir və insan ölçüsü üzrə qəbul edilmiş
öhdəliklərin icrasında iştirakçı dövlətlərə dəstək göstərmək mandatına malikdir. 2024-cü ilin
dekabr ayında 3 illik müddətə DTİHB-nin direktoru Yunanıstanın nümayəndəsi xanım Maria
Telalian təyin olunmuşdur.
Azərbaycan 1998-ci ildən etibarən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu
(DTİHB) ilə əməkdaşlıq edir və demokratikləşmə, qanunun aliliyi, qanunvericiliyin, xüsusilə
seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender bərabərliyi və digər sahələrdə
bir sıra layihələr həyata keçirmişdir. DTİHB Azərbaycanda keçirilmiş prezident, parlament və
bələdiyyə seçkilərinin müşahidəsində iştirak etmişdir.
2. Media azadlığı üzrə nümayəndə
ATƏT-in Media azadlığı üzrə nümayəndəsi vəzifəsi təşkilatın Daimi Şurasının 5 noyabr 1997-
ci il tarixli qərarı ilə təsis edilmişdir. Nümayəndənin mandatına ATƏT iştirakçı dövlətlərində
media sahəsindəki prosesləri müşahidə etmək və müvafiq sahədə qəbul edilmiş öhdəliklərin
icrasında iştirakçı dövlətlərə dəstək göstərmək aiddir.
Nümayəndənin ofisi Vyana şəhərində yerləşir. 2024-cü ilin dekabr ayından etibarən 3 illik
müddətə Media azadlığı üzrə nümayəndə vəzifəsinə Norveçin nümayəndəsi cənab Yan
Braatu təyin olunmuşdur.
Azərbaycan hökuməti ATƏT-in Media azadlığı üzrə nümayəndəsi ilə onun mandatına daxil
olan məsələlər ilə bağlı əməkdaşlıq edir. Bu təsisat ilə əməkdaşlığın nümunəsi kimi
azərbaycanlı jurnalistlər və müxtəlif qurumların mətbuat xidməti əməkdaşları üçün keçirilən
təlimləri göstərmək olar.
ATƏT-in öncəki media azadlığı üzrə nümayəndəsi xanım Tereza Ribeiro 2022-ci ilin 25-26
aprel tarixlərində Azərbaycana səfər etmişdir.
3. ATƏT-in Milli azlıqlar üzrə ali komissarı
ATƏT-in Milli azlıqlar üzrə ali komissar vəzifəsi ATƏM-in 1992-ci il Helsinki Sammitinin
müvafiq qərarına əsasən təsis edilmişdir. Ali komissarın mandatı ATƏT iştirakçı dövlətlərində
milli azlıqlardan qaynaqlanan gərginliklərin qarşısını almaq məqsədilə erkən xəbərdarlıq və
erkən fəaliyyət istiqamətlərini əhatə edir.
Ali komissarın ofisi Haaqa şəhərində yerləşir. 2024-cü ilin dekabr ayında 3 il müddətinə Milli
azlıqlar üzrə Ali Komissar vəzifəsinə Niderland nümayəndəsi cənab Kristof Kamp təyin
olunmuşdur.
ATƏT-in üzvü olduqdan etibarən Azərbaycan bu təşkilatın Milli azlıqlar üzrə ali komissarının
Ofisi ilə əlaqələr yaratmış və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində yaxşı
təcrübələrin bölüşülməsi üzrə əməkdaşlıq etmişdir.
4. ATƏT-in Fəaliyyətdə olan sədri
ATƏT-in Fəaliyyətdə olan Sədri vəzifəsi təşkilat çərçivəsində fəaliyyətin və iştirakçı dövlətlər
arasında əməkdaşlığın əlaqələndirilməsi məqsədilə təsis edilmişdir. Təşkilata sədrlik edən
ölkə Nazirlər Şurasının qərarı ilə bir il müddətinə müəyyən edilir. Fəaliyyətdə olan Sədr
funksiyalarını isə həmin ölkənin xarici işlər naziri həyata keçirir.
2026-cı ilin 1 yanvar tarixindən etibarən İsveçrə ATƏT-ə sədrlik edir. Hazırda ATƏT-in
fəaliyyətdə olan sədri İsveçrə Konfederasiyasının federal xarici işlər naziri cənab İqnasio
Kassisdir.
3–4 avqust 2026-cı il tarixində cənab İqnasio Kassis Azərbaycan Respublikasına rəsmi səfər
etmiş və səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun
Bayramov ilə görüşmüşdür.
5. ATƏT Parlament Assambleyası
ATƏT iştirakçı dövlətlərinin 323 parlamentarisindən təşkil edilmiş Parlament Assambleyası
ATƏT-in muxtar qurumu kimi parlament müstəvisində dialoqun təşviqi məqsədi ilə fəaliyyət
göstərir və məşvərətçi xarakter daşıyır. Parlament Assambleyasının Beynəlxalq Katibliyi
Kopenhagen şəhərində yerləşir. Hazırda ATƏT PA-nın Prezidenti vəzifəsini cənab Pere Joan
Pons Sampietro (İspaniya), Baş katibi vəzifəsini isə Roberto Montella (İtaliya) həyata keçirir.
Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə heyəti ATƏT PA-nın işində 3-ü əsas
olmaqla, ümumilikdə 6 millət vəkili ilə təmsil olunur. Azərbaycanın ATƏT PA-da nümayəndə
heyətinin rəhbəri millət vəkili cənab Qaya Məmmədovdur.
Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili cənab Azay Quliyev 2022-ci ildən
etibarən ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf
mühit üzrə Komitəsinin sədridir. O, həmçinin 2016–2022-ci illərdə ATƏT PA-nın vitse-
prezidenti vəzifəsində çalışmışdır.
Azərbaycan və ATƏT PA arasında sıx əməkdaşlıq münasibətləri formalaşmışdır. ATƏT PA-
nın 2014-cü ildə İllik Sessiyası Bakıda təşkil edilmişdir. Qurumun müxtəlif illərdə keçirilmiş illik
sessiyalarında Azərbaycan tərəfinin təşəbbüsü ilə müxtəlif qətnamələr qəbul edilmişdir.
Hazırda qurum çərçivəsində Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış “İpək yoluna
Dəstək” qeyri-rəsmi qrupu fəaliyyət göstərməkdədir. 2018-ci ilin 13 mart tarixində Bakıda Milli
Məclislə ATƏT PA-nın “İpək Yoluna Dəstək” Qrupunun birgə təşkilatçılığı ilə “İpək Yolu
boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlamentarilərin
rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Daha bir konfrans "Yaşıl iqtisadiyyat,
nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində
milli parlamentlərin rolu” mövzusunda 2023-cü ilin 22-23 may tarixlərində Bakıda AR Milli
Məclisi və ATƏT PA-nın birgə təşkilatçılığı ilə baş tutmuşdur.
2026-cı ilin 2-3 sentyabr tarixlərində Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində
cənab Pere Joan Pons Sampietro Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən qəbul edilmişdir. O, həmçinin Azərbaycan Respublikasının xarici işlər naziri
cənab Ceyhun Bayramov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin üzvləri və Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ilə görüşlər
keçirmişdir. Bundan əlavə, 2026-cı ilin 2-3 sentyabr tarixlərində Bakıda keçirilmiş “Şəhərlərin
bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik
standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə
Konfransında iştirak etmişdir.
6. Fəaliyyət istiqamətləri
ATƏT öz fəaliyyətini hərtərəfli təhlükəsizlik konsepsiyası çərçivəsində üç, eyni dərəcədə
mühüm ölçü üzrə həyata keçirir: hərbi-siyasi, iqtisadi və ətraf mühit, və insan ölçüsü.
Azərbaycan müvafiq görüş və tədbirlərdə iştirak etməklə və müxtəlif layihələr çərçivəsində
praktiki əməkdaşlıq vasitəsilə hər üç ölçü üzrə fəallıq nümayiş etdirir.