news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 may 2023

No:244/23, Nazir Ceyhun Bayramovun “Müasir xarici siyasət quruculuğunda Heydər Əliyev strategiyası” mövzusunda məqaləsinə dair mətbuat məlumatı 

Xarici işlər naziri Ceyhun Bayramovun “Müasir xarici siyasət quruculuğunda Heydər Əliyev strategiyası” mövzusunda məqaləsi “Azərbaycan” qəzetində dərc edilib. Məqalə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş “Heydər Əliyev İli”nə həsr olunub.

 

Məqalədə, anadan olmasının 100-cü ildönümünü qürurla qeyd etdiyimiz, dərin hörmət və minnətdarlıqla yad etdiyimiz görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin əsasını qoyduğu, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla icra olunan müasir xarici siyasət kursunun başlıca vəzifələri, prioritetləri və uğurları əhatə olunub. 

 

Məqalədə, dövlət müstəqilliyini qazandıqdan sonra Azərbaycanın qarşısında duran ən vacib çağırışlardan biri olan ölkəmizin milli maraqlarına əsaslanan xarici siyasət kursunun təməllərinin qoyulmasının məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılır. 

 

Mürəkkəb bir şəraitdə dövrün tələblərini nəzərə alaraq əsası qoyulmuş xarici siyasət kursu sayəsində ölkəmizin həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, enerji resurslarının dünya bazarlarına çıxarılması, xüsusilə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı işğalçı tərəfə beynəlxalq təzyiqin gücləndirilməsi kimi taleyüklü məsələlərin öz həllini tapdığı vurğulanır.

 

Bu gün 89 xarici dövlətdə diplomatik missiyaya malik, 88 ölkə və beynəlxalq təşkilatın nümayəndəlikləri, 15 xarici dövlətin konsulluqlarının akkreditə olunduğu, dünyada Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük siyasi platforma hesab olunan Qoşulmama Hərəkatına sədrlik edən ölkəmizin nailiyyətlərinin əsasında Ümummilli Lider Heydər Əliyevin banisi olduğu xarici siyasət konsepsiyasının dayandığı bildirilir.

 

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu olan işğal edilmiş torpaqlarımızın azad olunması missiyasının Heydər Əliyev irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsi nəticəsində həyata keçirildiyi, o cümlədən regionda yeni reallıqların yarandığı post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərimizin dövlət başçısı İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəal iştirakı ilə qarış-qarış yenidən qurulduğu diqqətə çatdırılır.

 

Məqalə ilə aşağıdakı keçidlə tanış olmaq mümkündür: https://www.azerbaijan-news.az/az/posts/detail/musteqil-xarici-siyaset-quruculugunda-heyder-eliyev-strategiyasi-1683069140

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti