Xidməti pasport

Azərbaycan Respublikasının xidməti pasportu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) və “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” (bundan sonra – Əsasnamə) ilə müəyyən edilmiş qaydada verilir.

 

Xidməti pasport xidməti işlə əlaqədar xarici ölkələrə ezam olunan Qanunda nəzərdə tutulmuş vəzifəli şəxslərə, o cümlədən “Xidməti passport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı müəyyən edilmiş şəxslərə verilir. 

 

Xidməti pasportun verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu alınmır və onun sahibinə beş il və ya xüsusi səlahiyyətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş müddətə verilir.

 

Xidməti pasportlar yalnız “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda müvafiq dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun aşağıdakı müvafiq vəsatətləri əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən ən geci beş iş günü müddətində verilir.

Xidməti pasportun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:

Vəsatət tam doldurulduqdan və şəxsin təmsil etdiyi müvafiq dövlət orqanının möhürü və rəhbərin imzası ilə təsdiq edildikdən sonra onun əsli təqdim edilməlidir.

  • Təmsil edilən müvafiq dövlət orqanı, dövlətə məxsus müəssisə və ya təşkilat, yaxud qeyri-kommersiya qurumu tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə ünvanlanan, şəxsin xidməti işlə əlaqədar xarici ölkəyə ezam edilməsi (ezamiyyət tarixi və zəruri hallarda şəxsin ezamiyətə münasibətdə səlahiyyət müddəti) və bu məqsədlə onun adına diplomatik pasportun rəsmiləşdirilməsi zərurəti barədə məlumatları özündə əks etdirən rəsmi məktubun əsli;
  • Şəxsiyyət vəsiqəsinin əsli və surəti;
  • Xidməti pasport olduqda onun əsli və surəti;
  • Vəzifəli şəxsin 18 yaşı tamam olmamış övladı üçün hər iki valideynin razılıq ərizəsi;
  • Pasport oğurlandıqda yeni pasportun verilməsi üçün cinayətin baş verdiyi yerin polis orqanına edilmiş müraciət haqqında arayış.

 

Qeyd:

 

  • Xidməti pasport üçün vətəndaşın əl-barmaq izlərinin götürülməsi və fotoşəklinin çəkilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində həyata keçirilir.
  • Xidməti pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasportun dəyişdirilməsi vətəndaşın fotoşəkli pasportu verən orqanda çəkilməklə, lakin qan qrupu haqqında tibbi arayış tələb edilmədən Əsasnamədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
  • Dəyişdirilən pasportdakı vizanın etibarlılıq müddəti həmin pasportun etibarlılıq müddətindən çox olduğu hallar istisna olmaqla, əvvəlki pasport Xarici İşlər Nazirliyinə təhvil verilir.
  • Etibarlılıq müddətinin bitməsinə yeddi ay qaldıqda xidməti pasportun dəyişdirilməsi üçün vəsatət verilə bilər.
  • Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.
  • Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir.
  • Pasportunu itirdiyini bildirən pasport sahibi və ya onun qanuni nümayəndəsi həmin pasportu taparsa və ya itirilmiş pasport yeni pasport verildikdən sonra tapılarsa, tapılmış pasport dərhal pasportu verən orqana təhvil verilməlidir.
  • Pasport oğurlandıqda, pasport sahibi və ya onun qanuni nümayəndəsi cinayətin baş verdiyi yerin polis orqanına bu barədə yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında həmin şəxsə arayış verilir və bu arayış oğurlanmış pasportun qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və bunun əsasında pasport sahibinin və ya onun qanuni nümayəndəsinin müraciəti ilə yeni pasportun verilməsi üçün əsas götürülür.
  • Xidməti pasportun verilməsi üçün əsas aradan qalxdıqda, əgər qanunda başqa qayda nəzərdə tutulmayıbsa, müvafiq dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun rəhbəri həmin pasportu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təhvil verməli və ya bu mümkün olmadıqda, həmin nazirliyə bu barədə məlumat təqdim etməlidir.
  • Azərbaycan Respublikası vətəndaşının xidməti pasportuna sahib olan vətəndaşlar xidməti işlə əlaqədar ezam ediləcəyi xarici ölkəyə viza əldə etmək üçün (beynəlxalq müqavilələrə uyğun olaraq vətəndaşların vizasız gediş-gəlişi haqqında qarşılıqlı razılaşma olan ölkələr istisna olmaqla) müraciətləri üzrə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin notası əsasında müvafiq xarici ölkənin Azərbaycan Respublikasında yerləşən (və ya akkreditə olunmuş) diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət etməlidirlər.
  • Dövlət Xidmətləri Portalına daxil olmaq üçün buraya klikləyə bilərsiniz.
Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti