news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 iyul 2026 09:52

No:307/26, Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Gülüstan sarayında təşkil edilən rəsmi qəbula dair mətbuat məlumatı

10 iyul 2026 09:52

9 iyul tarixində Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Gülüstan sarayında rəsmi qəbul və konsert proqramı təşkil edilib.

 

Rəsmi qəbulda Xarici İşlər Nazirliyi və bir sıra dövlət qurumlarının yüksək səviyyəli nümayəndələri, millət vəkilləri, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak ediblər.

 

Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun duayeni, Mərakeşin ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş çıxış edərək peşə bayramı günü münasibətilə diplomatik xidmət orqanları əməkdaşlarına təbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzu ediblər.

 

Diplomatik xidmət orqanları əməkdaşlarının ölkəmizin praqmatik xarici siyasət kursunun həyata keçirilməsində, milli maraqlarımızın beynəlxalq səviyyədə irəlilədilməsi və qorunmasında rolu vurğulanıb.

 

Çıxışlarda əldə edilmiş əsas xarici siyasət nailiyyətlərindən bəhs olunub, prioritetlər barədə danışılıb, ölkəmizin beynəlxalq nüfuzunun artmasında diplomatik xidmət əməkdaşlarının xidmətləri qeyd edilib.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət xəttinin reallaşdırılmasında diplomatik xidmət orqanlarının üzərinə mühüm vəzifələrin düşdüyü vurğulanıb. 

 

Rəsmi qəbul konsert proqramı ilə davam edib.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti