No:197/21, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov ilə İtaliya Respublikasının səfiri Klaudio Taffuri arasında keçirilmiş görüşə dair məlumatı

2021-ci ilin 1 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının ölkəmizə yeni təyin edilmiş səfiri Klaudio Taffurini qəbul etdi.

İtaliya səfiri Klaudio Taffuri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim etdi.

Nazir Ceyhun Bayramov Klaudio Taffurini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Nazir Ceyhun Bayramov Azərbaycan və İtaliya arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini vurğulayaraq, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərini qeyd etdi və yeni səfirin fəaliyyəti dövründə bu xüsusda uğurlu nəticələrin əldə olunacağına inamını ifadə etdi.

Nazir, həmçinin səfir Klaudio Taffuriyə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verdi. Nazir, Azərbaycan və Ermənistan arasında mövcud olan fikir ayrılıqlarının, o cümlədən sərhəd gərginliyi məsələlərinin danışıqlar yolu ilə həllinin vacibliyini vurğuladı.

Səfir Klaudio Taffuri ikitərəfli münasibətlərinin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafı istiqamətində müvafiq addımların atılacağını qeyd etdi.

Görüşdə tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ümumi fikir mübadiləsi apardı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti