2019-10-24
No:340/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində BMT-nin Baş Assambleyasının Prezidenti cənab Tijjani Muhammad-Bande ilə görüşüb
Görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi barədə məlumat verən nazir Elmar Məmmədyarov ölkəmizdə həyata keçirilən iqtisadi və sosial təmayüllü islahatlar barədə danışdı. Nazir Elmar Məmmədyarov Azərbaycanın dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrasına tam sadiq olduğunu qeyd etdi və Azərbaycan Cənub-Cənub istiqamətində əməkdaşlığın və iqtisadi inteqrasiyanın təşviq edilməsi və canlandırılması istiqamətində konkret və praktiki addımların atılmasına əhəmiyyət verdiyini ifadə etdi.

Nazir Elmar Məmmədyarov, həmçinin sədrliyimiz dövründə Qoşulmama Hərəkatı və Qrup 77 arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının nəzərdən keçiriləcəyini bildirdi.

BMT-nin Baş Assambleyasının Prezidenti Tijjani Muhammad-Bande Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün mükəmməl səviyyədə təşkilinə, qonaqpərvərliyə və ev sahibliyi edilməsinə görə Azərbaycan Respublikası Hökumətinə təbriklərini ifadə etdi. O, ölkəmizin BMT çərçivəsində fəal rolunu vurğuladı. Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı ikinci könüllü milli hesabatını təqdim edildiyi məmnunluqla qeyd edildi.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran və BMT-nin gündəliyində duran məsələlər barəsində geniş fikir mübadiləsi apardılar.

növbəti xəbər əvvəlki xəbər