2019-10-14
No:317/19, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası çərçivəsində nazir Elmar Məmmədyarov Türk Akademiyasının Prezidenti cənab Darxan Kidırali ilə görüşüb
Türk Akademiyasının Prezidenti cənab Darxan Kidırali ilk olaraq səmimi salamlarını çatdırdı və Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşün yüksək səviyyədə keçiriləcəyinə inandığını vurğuladı.

Darxan Kidırali Azərbaycanın Akademiyanın fəaliyyətinə hər zaman dəstək verdiyini qeyd etdi. Bu xüsusda, Akademiya tərəfindən həyata keçirilmiş bir sıra layihələri vurğuladı. Onların sırasında UNESCO-da təşkil edilmiş konfranslar, həmçinin dərc edilmiş müxtəlif kitablar, o cümlədən ümumilli lider Heydər Əliyevə həsr edilmiş nəşrlərdən danışdı.

Akademiya tərəfindən Naxçıvan sazişinin 10 illik ildönümü ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü, Nəsiminin 650 illik yubileyi, habelə Xocalı soyqırımı ilə bağlı və digər tədbirlərin təşkil edildiyi qeyd olundu və gələcəkdə həyata keçirilməsi planlaşdırılan digər layihələr haqqında məlumat verildi.

Darxan Kidırali Akademiya tərəfindən çap edilmiş kitabları Xarici İşlər naziri Elmar Məmmədyarova görüş zamanı təqdim etdi.

Xarici İşlər naziri Elmar Məmmədyarov öz növbəsində Akademiya ilə mövcud olan faydalı əməkdaşlığı yüksək qiymətləndirdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.

növbəti xəbər əvvəlki xəbər