2019-09-27
No:298/19, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər nazirlərinin illik əlaqələndirmə iclasında Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarovun çıxışı

Qeyri-rəsmi tərcümə

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər nazirlərinin illik əlaqələndirmə iclasında Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarovun çıxışı
27 sentyabr 2019, Nyu-York

 

Hörmətli həmkarlar,

Xanımlar və cənablar,

İlk öncə, bu görüşü təşkil etdiyiniz üçün cənab Sədr, Dr.Gozgaş, Sizə və İƏT Baş Katibi Dr.Yusef bin Ahmad Al-Otaiminə təşəkkür edirəm.

Cənab Sədr,

Azərbaycan dünyanın müxtəlif regionlarında daha böyük təhlükəsizlik problemlərinə, siyasi qeyri-sabitliyə, geniş miqyaslı deportasiya və misli görünməmiş humanitar böhrana səbəb olan müharibələr və silahlı münaqişələrdən dərin narahatlıq keçirir.

Cammu və Kəşmirdəki son hadisələr bu baxımdan ciddi narahatlıq doğurur. Azərbaycan beynəlxalq birliyin məsul üzvü olaraq, Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmət edilməklə sülh yolu ilə həllini dəstəkləyir.

Onu da vurğulamaq istərdim ki, Azərbaycan, Fələstin Dövlətinin paytaxtı Şərqi Qüds olmaqla, İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini davamlı olaraq dəstəkləyir.

Biz, həmçinin Rohingya müsəlmanlarının öz doğma yerlərinə təhlükəsizlik  şəraitində və ləyaqətlə qayıtma hüquqlarının tezliklə reallaşdırılacağına da ümid edirik.

Təəssüflər olsun ki, bu dəfə də sizinlə Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həlli üzrə xoş xəbərləri bölüşə bilməyəcəyəm.

Ermənistanın yüksək səviyyəli rəsmilərinin bu yaxınlarda səsləndirdiyi təxribatçı bəyənatları, münaqişənin nəticələrini təşviq etməsi, danışıqlar prosesinin məqsədini təhrif etməsi, hətta “yeni ərazilər üçün yeni müharibə” ilə təhdid etməsi Ermənistanın hazırkı hakimiyyətinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaq yolunu davam etdirdiyini sübut edir.

Ermənistanın məsuliyyətsiz davranışı fonunda sülh danışıqlarının gələcəyi, dərin narahatlıq doğuran bu məsələdə dərhal və əzmkarlıqla davranmaq üçün beynəlxalq birliyin, o cümlədən İslam ümmətinin bacarıq, istək və qətiyyətindən asılıdır.

Bu xüsusda, biz İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupunun fəaliyyətini məmnunluqla qeyd edir və Qrupun bütün üzv ölkələrinə onun məqsədlərinə davamlı sadiq qaldıqları üçün təşəkkürümüzü bildiririk. Biz, İƏT-in Kontakt Qrupuna İƏT üzv dövlətləri tərəfindən İƏT-in münaqişə ilə bağlı qətnamələrinin icrasının qiymətləndirilməsi və bu istiqamətdə əməli addımların atılması üçün faydalı bir mexanizm olaraq böyük əhəmiyyət veririk.

Təşəkkür edirəm.

Əssəlamu əleykum və rəhmatullahi və bərəkatuh!

növbəti xəbər əvvəlki xəbər