2019-07-26
No:216/19, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat açıqlaması

Ermənistanın hakimiyyətinin yüksək vəzifəli nümayəndəsi tərəfindən işğal olunmuş ərazilərimiz boyunca “cənub istiqaməti” adlandırılan yeni yolun çəkilməsi barədə verilən açıqlama Ermənistanın əsl niyyətinin hərbi işğala əsaslanan mövcud status-kvonu möhkəmləndirmək və münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək və Azərbaycanın işğal olunmuş ərazilərini ilhaq etmək olduğunun növbəti nümunəsidir.

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyətlər, o cümlədən infrastruktur dəyişikliyinin aparılması Ermənistanın münaqişənin sülh yolu ilə həll edilməsi barədə iddialarının riyakarlıqdan və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmadığını göstərir.

Şimal istiqaməti adlandırılan və işğal olunmuş Kəlbəcər rayonundan çəkilmiş “Vardenis-Ağdarə” avtomobil yolu, eləcə də mərkəzi “Gorus-Laçın” avtomobil yolu təcrübəsi göstərir ki, Qubadlı və Cəbrayıl rayonlarından çəkilməsi nəzərdə tutulan yeni yol işğal altında olan bu ərazilərin təbii və digər resurslarının daha aqressiv formada talan edilməsinə xidmət edəcəkdir.

Ümumiyyətlə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində infrastruktur dəyişikliyi ilə bərabər maddi-mədəni irsin məhv edilməsi, demoqrafik tərkibin dəyişdirilməsi, mineral resursların talan edilməsi və digər bu kimi qeyri-qanuni fəaliyyətlər həyata keçirir.

ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində aparılmış fakt-araşdırıcı və qiymətləndirmə missiyalarının nəticəsi olaraq hazırlanmış hesabatlarda qeyri-qanuni fəaliyyətlərin sülh prosesinə ciddi təhlükə yaratdığı təsbit olunur.

2018-ci ildə hazırlanmış “Azərbaycanın Ermənistanın işğal altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peyk məlumatları əsasında sübutlar” adlı hesabatda Ermənistanın qeyri-qanuni əməllərinin miqyası tam aydın şəkildə özünü göstərir.   

Beynəlxalq humanitar hüquq, xüsusilə 1949-cu il tarixli Cenevrə Konvensiyası və Əlavə Protokollarına əsasən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətlərin aparılması qadağandır.

ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi işğal olunmuş ərazilərimizdə aparılan və danışıqlar prosesinə ciddi zərbə vuran qeyri-qanuni fəaliyyətləri ciddi şəkildə nəzərə almalıdırlar.

Münaqişənin həlli ilə bağlı münbit şəraitin yaradılmasına baxmayaraq, Ermənistanın atəşkəs rejiminin arxasında gizlənərək destruktiv şəkildə qeyri-qanuni fəaliyyətləri davam etdirməsi danışıqlar prosesinin pozulmasına yönəlmiş növbəti təxribatçı cəhddir. Buna görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Beynəlxalq öhdəlikləri tapdalayaraq işğal etdiyi ərazilərdə qanunsuz əməlləri davam etdirən Ermənistanın təxribatçı hərəkətlərini kəskin qınayır və təcavüzkardan bölgəmizdə sülh, təhlükəsizlik və rifaha qarşı yönələn əməllərinə son verməyi və işğalçı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmağı təkidlə tələb edirik.

İşğalçı ölkənin bu kimi təxribatçı əməllərinə müvafiq şəkildə cavab vermək hüququnu Azərbaycan özündə saxlayır.

növbəti xəbər əvvəlki xəbər