2019-05-31
No:156/19, Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənov 27-29 may tarixlərində Çin Xalq Respublikasına işgüzar səfər etmişdir

27 may tarixində nazir müavini Ramiz Həsənovun Pekində Ümumçin Xalq Nümayəndələri Yığıncağının Xarici əlaqələr komitəsinin sədri, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Can Yesuy ilə görüşü zamanı iki ölkənin qanunverici orqanları arasında münasibətlərin dərinləşməsi,  əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin həyata keçirilməsi müzakirə olunmuşdur.

Həmin gün nazir müavini Ramiz Həsənovun Çin Kommunist Partiyası Beynəlxalq əlaqələr departamentinin rəis müavini Çien Honşan ilə görüşündə iki ölkənin hakim partiyaları arasında əməkdaşlıq perspektivləri, o cümlədən partiyalararası yüksək səviyyəli qarşılıqlı səfərlərin bundan sonra da davam etdirilməsi məsələləri müzakirə edilmişdir.

28 may tarixində nazir müavini Ramiz Həsənovun Çin Xalq Respublikasının Xarici İşlər nazirinin müavini Can Hanhuy ilə görüşü keçirilmişdir. Görüş zamanı iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafının hər iki tərəfin maraqlarına uyğun olduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Çin ilə ikitərəfli münasibətlərinə xüsusi önəm verir və bu münasibətlərin bütün sahələrdə dərinləşməsində maraqlıdır. Həmçinin bildirilmişdir ki, Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirilir.

28 may tarixində nazir müavini Ramiz Həsənovun və Çinin Xarici İşlər nazirinin müavini Can Hanhueyin iştirakı ilə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin yeni tikiləcək binasının təməlqoyma mərasimi keçirilmişdir.  150-dən artıq qonağın qatıldığı tədbirdə Çin XİN-in əməkdaşları, Pekin Diplomatik Xidmət Bürosunun, o cümlədən Çində yaşayan Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

Təməlqoyma mərasimində çıxış edən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov ölkəmizin Çin ilə ikitərəfli münasibətlərinə xüsusi önəm verdiyini, eləcə də bu münasibətlərin bütün sahələrdə dərinləşməsində və genişlənməsində maraqlı olduğunu diqqətə çatdırmışdır. Möhkəm özül üzərində qurulan münasibətlərimizin inkişafında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə səfərlərinin və bu çərçivədə əldə edilmiş razılaşmaların böyük rol oynadığını bildirən nazir müavini Ramiz Həsənov bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Pekində keçirilmiş 2-ci “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumunda iştirakını xüsusilə qeyd etmişdir.

Öz növbəsində, Çin Xarici İşlər nazirinin müavini Can Hanhuey ölkə rəhbərlərinin xüsusi qayğısı və diqqəti sayəsində Azərbaycan-Çin münasibətlərinin sabit və davamlı surətdə inkişaf etdiyini və müxtəlif sahələrdə praqmatik əməkdaşlıq münasibətlərinin qurulduğunu vurğulamışdır.

Çıxışlardan sonra Azərbaycan və Çin sənətçilərinin ifasında musiqi və rəqslər ifa edilmişdir. Daha sonra, hər iki ölkənin Xarici İşlər nazirlərinin müavinlərinin iştirakı ilə təməlqoyma mərasimi baş tutmuşdur.

28 May - Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi tərəfindən Pekin şəhərində 28 may tarixində rəsmi qəbul keçirilmişdir. 600-dən artıq qonağın qatıldığı tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Çin Xalq Respublikasının Xarici İşlər Nazirinin müavini Can Hanhuey, Çin XİN-in əməkdaşları və müxtəlif nazirliklərinin nümayəndələri, Pekində akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış simaları, jurnalistlər, elm xadimləri, işgüzar dairələrin nümayəndələri, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

Çıxışlardan sonra müasir Azərbaycanın görüntülərindən ibarət “Azərbaycanın ruhu” video-çarxı nümayiş etdirilmiş, daha sonra isə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycandan xüsusi dəvət edilmiş 12 nəfərlik musiqiçi və rəqqasın ifasında konsert  proqramı verilmişdir.

29 may tarixində nazir müavini Ramiz Həsənovun Tyencin şəhərinə səfəri zamanı şəhərin rəhbərliyi ilə görüşdə regionlararası əlaqələrin genişlənməsi müzakirə olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər