2019-03-07
No:066/19, Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Bavitlunq Vanlalvavnanı qəbul etdi

Görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirdilər, eyni zamanda əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün böyük potensialın mövcud olduğunu qeyd etdilər.Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verən nazir Elmar Məmmədyarov Hindistan şirkətlərini sözügedən layihələrdən yararlanmağa dəvət etdi.

Eyni zamanda, tərəflər Azərbaycan və Hindistan arasında birbaşa hava əlaqəsinin yaradılmasının insanlararası təmasların daha da artmasına təkan verəcəyinə əminliklərini ifadə etdilər və bu xüsusda, qarşılıqlı turizm sərgilərinin keçirilməsinin zəruriliyi qeyd edildi.

Görüş zamanı beynəlxalq təşkilatlar, eləcə də Qoşulmama hərəkatı çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi.  

Səfir Bavitlunq Vanlalvavna etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi. 

Nazir Elmar Məmmədyarov Hindistanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzuladı.

növbəti xəbər əvvəlki xəbər