2019-03-07
No:060/19, Xarici işlər naziri cənab Elmar Məmmədyarovun “Hərbi işğal  altında  olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri” mövzusunda Beynəlxalq Konfransda çıxışı

Qeyri-rəsmi tərcümə

 

Azərbaycan Respublikasının Xarici işlər naziri

cənab Elmar Məmmədyarovun

“Hərbi işğal  altında  olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi:

üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri”

mövzusunda Beynəlxalq Konfransda çıxışı

Bakı, 5 mart 2019


Hörmətli Nazirlər,

YUNESKO-nun Dünya İrs Mərkəzinin hörmətli direktoru,

Hörmətli iştirakçılar,

Xanımlar və cənablar,

Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq beynəlxalq münasibətlərdə qanunun aliliyinin təmin edilməsinin təşviqi və bu xüsusda dövlətlərin öhdəlik və məsuliyyətləri ilə bağlı mühüm məsələləri müzakirə etmək üçün toplaşan belə bir hörmətli auditoriyanı salamlamaqdan məmnuniyyət duyuram.

Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi beynəlxalq sülh və təhlükəsizliyə qarşı ciddi təhdiddir, belə ki onlar qanunun aliliyi, yaxşı idarəçilik, ətraf mühitin davamlılığı üçün böyük təhlükə yaradır və münaqişələrin həlli perspektivlərini sarsıdırlar. Bu, milli, regional və qlobal səviyyədə vahid yanaşma və əlaqəli addımları tələb edən mürəkkəb bir fenomendir. Hərtərəfli proqram və yüksək səviyyəli iştirakı nəzərə alaraq, bugünkü konfransın həmin məqsədə xidmət edəcəyinə və həll edilməmiş münaqişələr kontekstində qanunun aliliyi və ədalətin qurulmasına töhfə verəcəyinə tam əminəm.

Xanımlar və cənablar,

Səbəbsiz deyil ki, hazırkı konfrans Bakıda keçirilir. Azərbaycan 20 ildən artıq bir müddət ərzində qonşu Ermənistan tərəfindən beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin hərbi işğalından əziyyət çəkir. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycana qarşı zor tətbiqini və onun ərazilərinin işğalını pisləyən, həmçinin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərin toxunulmazlığını təsdiqləyən dörd qətnamə qəbul etdi. Bu qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi olduğunu bir daha təsdiqlədi və işğalçı qoşunların bütün işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına çağırdı. Ermənistan beynəlxalq ictimaiyyətin bu tələblərini nəzərə almamaqda davam edir və əksinə, birbaşa öz imkanları ilə və dolayı yolla onun tabeçiliyində olan qeyri-qanuni rejim vasitəsilə, habelə erməni diasporunun köməyi ilə mövcud status-kvonu möhkəmləndirmək məqsədilə işğal olunmuş ərazilərin demoqrafik, mədəni, iqtisadi və sosial xüsusiyyətlərinin dəyişdirilməsinə yönəlmiş geniş miqyaslı qeyri-qanuni fəaliyyətlər həyata keçirir.

Azərbaycan hökumətinin tələbi ilə ATƏT 2005-ci və 2010-cu illərdə işğal olunmuş ərazilərə iki missiyanı göndərib. Bu missiyaların səfəri nəticəsində hazırlanmış hesabatlar Azərbaycanın narahatlığının qanuniliyini təsdiqləyir. ATƏT-in Minsk qrupunun həmsədrləri öz araşdırmaları əsasında "[...] ərazilərdə yekun həllinə zərər vura biləcək və ya bu ərazilərin xüsusiyyətini dəyişdirə biləcək hər hansı bir fəaliyyətdən çəkinməyə" çağırdılar.

Xarici İşlər Nazirliyinin 2016-cı ildə nəşr etdirdiyi hesabatda müxtəlif, o cümlədən erməni mənbələrindən toplanan işğal olunmuş ərazilərdə çoxsahəli qanunsuz fəaliyyətlər geniş şəkildə təsvir edildi. Bunlar arasında mühacirlərin Ermənistandan və xaricdən işğal edilmiş ərazilərə köçürülməsi, tarixi və mədəni irsin məhv edilməsi və mənimsənilməsi, xüsusilə qanunsuz qazıntılar, əsərlərin oğurlanması, təbii sərvətlərin istismarı və talan edilməsi vasitəsilə, kənd təsərrüfatı və su ehtiyatları daxil olmaqla, sosial, iqtisadi və nəqliyyat infrastrukturunun dəyişdirilməsi, Azərbaycanın sabit və mobil rabitə şəbəkələrinə və radio tezliklərinə müdaxilə, işğal olunmuş ərazilərə və işğal olunmuş ərazilərdən qeyri-qanuni səfərlər edilməsi kimi halları sadalamaq olardı və bu, həmin fəaliyyətin yalnız bir qismidir. Ermənistan, həmçinin işğal olunmuş əraziləri qeyri-qanuni fəaliyyətlər, ilk növbədə qanunsuz yaşayış məntəqələri üçün əlçatan etmək məqsədilə, minalaradan qeyri-qanuni təmizləmə fəaliyyətini təşviq edir.

Nəticədə ictimai və şəxsi mülkiyyətə, o cümlədən bu ərazilərdən çıxarılan yüz minlərlə məcburi köçkünlərə aid olan mülkiyyətə ciddi ziyan vurulmuşdur. İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlər meşəsizləşdirmə, tükənmə və suyun çirklənməsi kimi ətraf mühitə ziyan vuran bir sıra məsələləri də əhatə edir. Ermənistanda çayların çirkləndirilməsi də Azərbaycanın beynəlxalq sərhədindən keçən və Azərbaycanın əkin sahələrində və meşələrində yekunlaşan çayları çirkləndirir. Mebel, çəllək və tüfəng istehsalı üçün tələb olunan nadir ağacların qanunsuz istifadəsi və ixracı xüsusi əhəmiyyət kəsb edir.

Qanunsuz fəaliyyətlər transmilli mütəşəkkil cinayətkarlığa, məsələn, çirkli pulların yuyulması, vergidən yayınma və digər ağır iqtisadi və maliyyə cinayətləri kimi bir şəbəkə çərçivəsində həyata keçirilir. Bu fəaliyyətlərdən əldə olunan gəlir işğal olunmuş ərazilərdə yaradılan qeyri-qanuni rejimi təşviq və təbliğ etmək, həmçinin Azərbaycana qarşı böhtanlı kampaniyaları aparmaq məqsədilə xarici ölkələrdə lobbiçilər və siyasətçilərin maliyyələşdirilməsi üçün geniş istifadə olunur.

Bu fəaliyyətlərə işğal olunmuş ərazilərin ilhaqının möhkəmləndirilməsinə və Azərbaycan məcburi köçkünlərinin öz doğma yurdlarına geri qayıtmasının qarşısının alınmasına yönələn Ermənistanın davamlı siyasəti kontekstində baxılmalıdır. Həmin fəaliyyət nəticəsində əldə edilmiş maliyyə vəsaitləri, eləcə də Dağlıq Qarabağ bölgəsi və digər işğal olunmuş Azərbaycan ərazilərində həyata keçirilmiş maliyyə əməliyyatları, sərmayələr və infrastruktur dəyişiklikləri, işğalın davam etdirilməsi və uzadılmasına yönəlib.

Bəzi xarici fiziki və hüquqi şəxslərin qeyri-qanuni fəaliyyətə birbaşa və ya dolayı yolla cəlb edilməsi  narahatedici və qəbuledilməzdir. Beləliklə, qeyri-qanuni fəaliyyəti həyata keçirməklə xarici şirkətlər və qurumlar beynəlxalq hüququ, o cümlədən beynəlxalq humanitar və insan hüquqları normalarını və Azərbaycan Respublikasının milli qanunvericiliyini pozur və bununla status-kvonun davam etdirilməsinə və silahlı münaqişənin uzadılmasına kömək edir.

İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətin qarşısının alınması Azərbaycan hökumətinin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Biz bu istiqamətdə ikitərəfli və bütün çoxtərəfli səviyyələrdə davamlı, ardıcıl və əlaqəli tədbirlər görürük. Bu, xarici ölkələrin hökumətləri və özəl sektorunun məlumatlandırılmasını, müvafiq ixtisaslaşdırılmış beynəlxalq təşkilatlar çərçivəsində hüquqi-siyasi tədbirlərin işlənib-hazırlanmasını və cinayətkarları məsuliyyətə cəlb etmək üçün milli və beynəlxalq səviyyələrdə müvafiq hüquqi tədbirlərin görülməsini nəzərdə tutur. Biz bu məsələni mütəmadi olaraq müəyyən nəticələr verən ikitərəfli birgə iqtisadi komissiyalar çərçivəsində qaldırırıq. Fürsətdən istifadə edərək, bizim müraciətlərimizə müsbət reaksiya verən və öz fiziki və hüquqi şəxslərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsinin qarşısını almaq üçün tədbirlər görən bütün ölkələrə təşəkkür edirəm.

İşğal olunmuş ərazilərə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən yeni bir faktaraşdırıcı missiyanı göndərmək üçün xahişimizin hələ də yubanması Ermənistanın aydın müqaviməti ilə bağlıdır. Biz bu məsələni bütün səviyyələrdə və formatlarda yaxından təqib etməyə davam edəcəyik və tərəfdaşlarımızın buna konstruktiv və məsuliyyətli şəkildə cəlb olunacağına ümid edirik.

Azərbaycan Respublikası üçüncü ölkələrin və beynəlxalq təşkilatların iqtisadi, ticarət və maliyyə məhdudiyyətlərini tətbiq etməsini və işğal olunmuş ərazilərdəki hüquqi və fiziki şəxslərin qeyri-qanuni fəaliyyət göstərmələrinə mane olmaq üçün bütün lazımi tədbirləri görməsini gözləyir. Bu cür tədbirlər həmin ərazilərə aid hər hansı bir mal və xidmətdən idxal/ixrac, satış və ya təminatın qadağan edilməsini nəzərdə tutur. Bununla yanaşı, bütün ölkələr öz öhdəliklərini beynəlxalq hüquqa əsasən yerinə yetirməlidirlər və təmin etməlidirlər ki, onların Ermənistan Respublikası ilə iqtisadi və digər əlaqələri Ermənistanın müvafiq beynəlxalq təşkilatlarda, xüsusilə də Ümumdünya Ticarət Təşkilatında üzərinə götürdüyü öhdəliklərə tam uyğun olsun və yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərilə məhdudlaşsın.

Konfrans zamanı xüsusi panellərdə müzakirələrə böyük əhəmiyyət verməyim də bu yanaşma daxilindədir. Ümid edirəm ki, müzakirələr mövcud beynəlxalq və regional hüquqi sənədlərin nəzərdən keçirilməsinə, üçüncü tərəflərin öhdəliklərinin işlənib-hazırlanmasına kömək edəcək və beynəlxalq ictimaiyyətin reaksiyasını artırmaq məqsədilə gələcək işlər üçün mümkün sahələrin müəyyənləşdirilməsinə yönəldiləcəkdir.

Sizə uğurlar arzulayıram və bütün gün ərzində səmərəli fikir mübadiləsini səbirsizliklə gözləyirəm.

Təşəkkür edirəm.

növbəti xəbər əvvəlki xəbər