2019-03-02
No:050/19, Xarici işlər naziri Elmar Məmmədyarov İƏT-in "Üzv dövlətlər arasında inkişafın təşviq edilməsində İƏT-in rolu" adlı konsepsiya sənədi ilə bağlı müzakirələrdə iştirak edib

İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov "Üzv dövlətlər arasında inkişafın təşviq edilməsində İƏT-in rolu" adlı konsepsiya sənədinin müzakirəsi ilə bağlı keçirilən iclasda iştirak etdi.

Azərbaycanın konsepsiya sənədinə tam dəstək verdiyini bildirən nazir Elmar Məmmədyarov İƏT çərçivəsində iqtisadi əməkdaşlığa səmərəli və hərtərəfli yanaşmanın zəruriliyini vurğuladı. Həmçinin nazir Elmar Məmmədyarov İƏT-in fəaliyyətinin spesifik prioritetlərə əsaslanaraq aydın hədəflərə malik olmasını və təşkilatın potensialına, eləcə də insan və maliyyə resurslarına uyğun olmasını bildirdi.

Daha sonra nazir Elmar Məmmədyarov Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini və təşkilatın səmərəliliyinin gücləndirilməsində maraqlı olduğunu xüsusilə qeyd etdi.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional və regionlararası ticarətin genişlənməsini hədəfləmiş geniş miqyaslı nəqliyyat, enerji və İKT layihələri haqqında məlumat verən nazir Elmar Məmmədyarov İƏT-ə üzv dövlətləri Azərbaycanın təşəbbüs və layihələrindən yararlanmağa dəvət etdi. Nazir bu layihələrin rifah gətirəcəyindən, ölkələr arasında dostluğu və əməkdaşlığı gücləndirəcəyindən əminliyini ifadə etdi.

növbəti xəbər əvvəlki xəbər