2019-02-22
No:032/19, Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

22 fevral tarixində Bakıda Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan Respublikası tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Türkiyə Respublikası tərəfindən isə xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik ediblər.

Nümayəndə heyətini salamlayan nazir müavini Ramiz Həsənov iki dost və qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluğunu ifadə etdi.

Azərbaycanda olmasından məmnunluğunu bildirən nazir müavini S.Önal Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirdi. Bu xüsusda, tərəflər münasibətlərin inkişafında diplomatik nümayəndəliklərin fəaliyyətini xüsusilə qeyd etdilər.

Eyni zamanda, tərəflər iki ölkə arasındakı əməkdaşlıq əlaqələrində üçüncü ölkələrin iştirakının əhəmiyyətinə toxunaraq, müxtəlif səviyyələrdə keçirilən üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının əhatə dairəsinin genişləndirilməsinin zəruriliyinə diqqət çəkdilər. Habelə, beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu, qarşılıqlı dəstəyin əhəmiyyətinə vurğu edildi.

Nazir müavini R.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyətinə dair ətraflı məlumat verdi, Türkiyənin münaqişənin ədalətli həlli istiqamətindəki mövqeyinə görə minnətdarlıq ifadə etdi.

Görüş zamanı ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edən, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
növbəti xəbər əvvəlki xəbər