2019-02-20
No:030/19, Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun 1-ci iclasının KOMMÜNİKESİ

Qeyri-rəsmi tərcümə


19-20 fevral 2019-cu il tarixlərində Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) birinci iclası keçirilib.

Danışıqlarda Azərbaycan Respublikasının (rəhbəri - X.A.Xələfov), İran İslam Respublikasının (rəhbəri - R. Nəzər Ahari), Qazaxıstan Respublikasının (rəhbəri - Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbəri - I.B.Bratçikov) və Türkmənistanın (rəhbəri – M.G.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.

Tərəflər Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupu üçün Prosedur qaydalarını qəbul etdilər.

Tərəflər Beşinci Xəzər sammitinin nəticələrinə dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə fikir mübadiləsini apardılar, Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərini nəzərdən keçirdilər, eləcə də imzalanmış sazişlər üzrə dövlətdaxili proseduraların yerinə yetirilməsi, o cümlədən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesi barədə məlumat verdilər.

Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəaları müzakirə olundu. Layihənin bir sıra müddəaları razılaşdırıldı. Bu sənədin müzakirəsi davam etdiriləcəkdir.

Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndirdilər və ilk görüşün yüksək səviyyədə təşkil edilməsi üçün Azərbaycan Respublikasına dərin minnətdarlıqlarını bildirdilər.

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclası 2019-cu ilin aprelində Qazaxıstan Respublikasında keçiriləcəkdir.

növbəti xəbər əvvəlki xəbər