2018-12-14
No:331/18, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası üzrə mətbuat konfransı
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının
Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası üzrə mətbuat konfransı

 

Hörmətli mətbuat nümayəndələri,

Xanımlar və cənablar,

Bugün Azərbaycanın sədrliyi çərçivəsində Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirildi.

Azərbaycanın bu ilin 1 iyul ayından etibarən başlayan və 31 dekabr tarixinədək davam edəcək QDİƏT-ə sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında keçirilir və sədrliyimiz dövründə QDİƏT məkanında və onun hüdudlarından kənarda bağlantılar məsələlərinə xüsusi diqqət ayırılmışdır.

Bu dövr ərzində sədrliyimizin əsas prioritetlərinə uyğun olaraq, QDİƏT məkanında səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit xidmətlərin göstərilməsi, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması və turizmin daha da inkişafı mövzuları ətrafında müzakirələr aparılmışdır.

Ümumiyyətlə, ölkəmizin QDİƏT-ə sədrliyi çərçivəsində bugünkü görüş də daxil olmaqla 4 nazirlər, 21 tematik işçi qrupunun və xüsusi işçi qruplarının iclasları, eləcə də 10-dan çox QDİƏT-in əlaqəli orqanlarının toplantıları, təlim proqramları, seminarlar və digər tədbirlər keçirilmişdir.

Dediyim kimi bu gün bizim görüşümüzdə həm QDİƏT-in baş katibi həm də Bolqarıstanın xarici işlər nazirinin müavini də iştirak edirlər.  Bolqarıstan artıq QDİƏT-ə sədrliyini yanvarın birindən başlayacaq. Buyurun.

 

Sual-cavab sessiyası:

Sual: Ülviyyə Əliyeva , ATV: Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə qarşıdan gələn planları nədən ibarətdir, yəni hansı formada əməkdaşlığımızı davam etdirmək istəyirik?

Mahmud Məmməd-Quliyev: Bu gün bu iclasda belə bir sual eşidildi. O da ondan ibarət idi ki,  biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının elə bir fəallıq göstərməsini istəyirik ki, Avropa İttifaqı səviyyəsində olsun. Şübhəsiz ki, bu çox çətin bir məsələdir, lakin eyni zamanda bunu etmək olar və bunun üzərində işləmək lazımdır. Ona görə ki, həm Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı arasında həm də Avropa İttifaqı arasında danışıqlar, işçi qrupları mövcuddur və danışıqlar aparmaq üçün Brüsselə gedirlər. Bizim sədrliyimiz sona çatmaq üzrədir və gələn ildən təşkilata Bolqarıstan sədrlik edəcəkdir. Biz hesab edirik ki, bir sıra məsələlər daima gündəlikdə olmalıdır. Birincisi, QDİƏT-in artıq 26 yaşı var, bu müddət ərzində bir sıra nailiyyətlər də əldə etmişik. Fikrimizcə, iyirmi altı il ərzində QDİƏT böyük bir yol keçib və bir çox şey dəyişilib. Ola bilsin ki, təşkilatda islahatlar aparılsın və bu islahatlar çərçivəsində konkret prioritetlər müəyyənləşsin. QDİƏT iqtisadi bir qurumdur, burda iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələr müzakirə olunur.

Cənab baş katib qeyd etdi ki, iyirmidən çox QDİƏT-in işçi qrupu var. Məndə olan məlumata görə təxminən iyirmi doqquzdur. Bu qruplara da nəzər salmaq lazımdır. Elə qruplar vardır ki iclaslar keçirmirlər, əgər maraq yoxdursa biz öz resurslarımızı, vaxtımızı bu qruplara sərf etməməliyik. Biz prioritetlərimizi bəlli etsək, ola bilsin nə vaxtsa Avropa İttifaqı ilə eyni səviyyədə ola bilərik. Bir daha qeyd edirəm ki, bu çox çətin məsələdir. Hal-hazırda, QDİƏT-in on iki üzv ölkəsi var və bəlkə üç-dörd ölkə olsaydı bu proseslər daha da tez baş verərdi. Amma düşünürəm ki, çalışmaq lazımdır.

növbəti xəbər əvvəlki xəbər