2018-11-27
No:307/18, Xarici işlər naziri Elmar Məmmədyarov Koreyanın yeni təyin olunmuş səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Kim Tonq-opu qəbul etdi.

Görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirdilər və ticarət dövriyyəsinin həcminin artırılmasının vacibliyini qeyd etdilər. Bu xüsusda, Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının tezliklə keçirilməsinin vacibliyi vurğulandı.

Azərbaycan və Koreya arasında yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin həyata keçirildiyini vurğulayan tərəflər bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini ifadə etdilər. 

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mühüm infrastruktur layihələr haqqında məlumat verərək Koreya tərəfinin də bu imkanlardan faydalana biləcəyini bildirdi.

Səfir Kim Tonq-op etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi. 

Nazir Elmar Məmmədyarov Koreyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzuladı.

növbəti xəbər əvvəlki xəbər