2018-10-29
No:281/18, Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin VII üçtərəfli görüşünün İstanbul Bəyannaməsi

29 oktyabr 2018-ci il

29 oktyabr 2018-ci il tarixində Türkiyənin İstanbul şəhərində Türkiyə Respublikasının xarici işlər naziri cənab Mevlüt Çavuşoğlunun dəvəti, Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun və Gürcüstanın xarici işlər naziri cənab David Zalkalianinin iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin VII Görüşü keçirildi.

Nazirlər,

-         Siyasi dialoq və xüsusi üçtərəfli layihələrin yerinə yetirilməsi baxımından mühüm platforma kimi xarici işlər nazirlərinin öncəki üçtərəfli görüşlərində qəbul edilmiş Trabzon Bəyannaməsi, Batumi Birgə Komünikesi, Gəncə, Qars, Tbilisi və Bakı Bəyanatlarına sadiq olduqlarını vurğuladılar;

-         Müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü, eləcə də ilk Gürcüstan Demokratik Respublikasının 100-cü ildönümü münasibətilə təbrik etdilər;

-         Üç ölkə arasında ikitərəfli və üçtərəfli formatda əməkdaşlığın yüksəlməsindən dərin məmnunluq ifadə etdilər və strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da möhkəmləndirilməsinə güclü sadiqliklərini bir daha təsdiqlədilər;

-         Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına  qarşılıqlı hörmət və qəti dəstəyi bir daha bəyan etdilə və bu xüsusda fiziki və hüquqi şəxslərin fəaliyyətlərinin bu prinsiplərlə tap uyğun olmasını razılaşdılar;

-         Bu xüsusda, Cənubi Qafqaz regionundakı mövcud münaqişələrin sülhü, təhlükəsizliyi, sabitliyi və iqtisadi inkişafı təhlükə altına aldığını, bu səbəbdən status kvonun davamlı olmadığını və qəbuledilməzliyini və yubadılmadan sülh yolu ilə həll tələb etdiyini vurğuladılar;

-         Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında münaqişənin və Gürcüstanın Abxaziya və Tsxinvalı/Cənubi Osetiya regionlarındamünaqişələrin davamlı sülh yolu ilə universal formada tanınmış beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri, bəyanatları və qərarlarına uyğun olaraq həllinə nail olmağın əhəmiyyətini vurğuladılar; bütün qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına təhlükəsiz və ləyaqətli qayıdışının zəruriliyini bildirdilər;

-         Beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə töhfələrin davam etdirilməsinin vacibliyini vurğuladılar və bu xüsusda, üçtərəfli əməkdaşlığın genişləndirilməsi yollarının araşdırılmasına razılaşdılar;

-         Müdafiə sənayesi üzrə əməkdaşlıq, üçtərəfli təlimlər, çalışmalar və yüksək səviyyəli görüşləri vurğulayaraq müdafiə sahəsində üçtərəfli əməkdaşlığın vacibliyini qeyd etdilər və gələcəkdə belə əməkdaşlığın genişləndirilməsinə istəklərini ifadə etdilər və bununla bağlı üç ölkənin müdafiə nazirləri tərəfindən 31 mart 2018-ci il tarixində Girəsunda imzalanmış Müdafiə əməkdaşlığı üzrə Anlaşma Memorandumunu alqışladılar;

-         Terrorçuluq, zorakı ekstremizm və separatçılığın bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlarının qanunsuz dövriyyəsi, qeyri-qanuni silah ticarəti, insan alveri, miqrant qaçaqmalçılığı, çirkli pulların yuyulması, mədəni və tarixi irsə qarşı cinayətlər, və digər transmilli  təhdidlərə qarşı mübarizədə müvafiq beynəlxalq alətlər əsasında əməkdaşlığın gücləndirilməsinə qəti sadiqliklərini bir daha bəyan etdilər;

-         Azərbaycan və Gürcüstan Türkiyədə 15 iyul 2016-cı il tarixli uğursuz çeviriliş cəhdinin törədicilərinin fəaliyyətini bir daha qınadılar, hər iki ölkə Türkiyə ilə sıx əməkdaşlığını qeyd etdi və Türkiyənin demokratik yolla seçilmiş prezident və hökumətinə qətiyyətli dəstəyini bir daha bəyan etdilər;

-         Beynəlxalq və regional təşkilatlarda üç ölkənin namizədliyinin müsbət qiymətləndirilməsi ilə bağlı razılaşdılar və bu xüsusda Azərbaycan Respublikasında Ümumdünya EXPO 2025 sərgisinə ev sahibliyi edilməsi üçün Bakı şəhərinin namizədliyinə dəstəyi bir daha vurğuladılar;

-         İqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın, xüsusilə də üç ölkə xalqının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması üçün qəti niyyətlərini vurğuladılar;

-         Hər üç ölkənin işgüzar adamları üçün yeni imkanlar yaradacaq platforma qismində Türkiyə-Azərbaycan-Gürcüstan Biznes Forumunun əhəmiyyətini bir daha təsdiq etdilər və Azərbaycanda keçiriləcək sözügedən forumun qarşıdan gələn sessiyasında geniş iştirakın təşviq edilməsinin önəmini vurğuladılar;

-         Gəmi quruculuğu, şəhər ictimai nəqliyyat sistemi, maşınqayırma və köməkçi ləvazimatlar, kimyəvi maddələr və tibb və tibbi ləvazimatlar sektorlarındaəməkdaşlıq imkanlarının müəyyən edilməsinə razılaşdılar;

-         Avropa və Asiya arasında beynəlxalq fiber-optik sütunun inkişafı istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyini qeyd etdilər;

-         Müvafiq institutlar arasında elm və texnologiya sahəsində üçtərəfli araşdırma, inkişaf, innovasiya və nou-hau layihələrinin aparılmasının əhəmiyyətini qeyd etdilər;

-         Ölkələr arasında innovasiya sahəsində əməkdaşlığa, startap ekosistemlərə, araşdırma və inkişafın kommersiyalaşdırılmasına vasitəçilik etmək və gücləndirməyə hazırlıqlarını və niyyətlərini ifadə etdilər;

-         Rəqəmsal texnologiyalar üzrə araşdırma və inkişafın inkişaf etdirilməsi və standartların müəyyən edilməsi və insan resurslarının səriştəliliyinin inkişafı üzrə əməkdaşlıq məqsədilə rəqəmsal transformasiya üzrə ixtisaslaşmış tədqiqat institutları ilə əməkdaşlığa istəkli olmalarını vurğuladılar və əlavə olaraq rəqəmsal İpək Yolu təşəbbüsü çərçivəsində əmədaşlıq etməyə razılaşdılar;

-         Metrologiya və standartlaşdırma qurumları arasında hüquqi aspektlər və təcrübələr ilə bağlı, o cümlədən bazar nəzarəti və uyğunluq qiymətləndirilməsi üzrə təcrübə və bilik mübadiləsinə hazır olduqlarını ifadə etdilər;

-         Informasiya və ən yaxşı təcrübənin mütəmadi mübadiləsi üçün fəal mexanizm yaratmaqla mövcud əqli mülkiyyət sisteminin gücləndirilməsi üçün əqli mülkiyyət qurumları arasında ikitərəfli əməkdaşlığı daha da gücləndirməyi və birgə əməkdaşlıq fəaliyyətilərini həyata keçirməyi qərara aldılar;

-         Kiçik və Orta Sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsi və bilik və təcrübənin bölüşülməsi üçün kiçik və orta sahibkarlığa dəstək təşkilatları arasında birgə əməkdaşlığın əhəmiyyətini vurğuladılar;

-         Enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və Cənub Qaz Dəhlizinin Trans Anadolu Təbii Qaz Kəməri (TANAP) və digər mühüm tərkib hissələrinə, həmçinin Xəzər regionundan Avropaya karbohidrogen ehtiyatlarının nəqlinə yönəlmiş digər enerji layihələrinə tam dəstəklərini bir daha təsdiq etdilər və Türkiyə, Azərbaycan və Gürcüstanın bu layihələrin uğurlu fəaliyyət göstərməsi və yekunlaşmasının təmin olunmasında rolunu vurğuladılar;

-         Enerji dialoqunun davam etdirilməsinə niyyətli olduqlarını və üç ölkənin iştirakı ilə yeni beynəlxalq enerji layihələrinin iştirakı vasitəsilə və enerji təchizatı təhlükəsizliyinin perspektivi çərçivəsində enerji resurslarının və marşrutlarının diversifikasiyasının vacibliyini bir daha vurğuladılar;

-         İzmir şəhərində bu yaxınlarda “Star” neft emalı zavodunun açılışını alqışladılar;

-         30 oktyabr 2017-ci il tarixində açılmış Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin üç ölkənin iqtisadi inkişafına böyük töhfə verəcəyini və Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağını qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Trans Xəzər Şərq-Qərb Dəhlizindən sərnişin və yük daşımalarının həcminin artırılmasına bütün lazımi dəstəyi verməyə razılaşdılar;

-         Daha sonra, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının davamı olaraq, İstanbulda Marmaray layihəsinin şərq və qərb oxları yekunlaşdıqdan sonra Pekinlə London arasında davamlı və fasiləsiz nəqliyyatın mümkün olacağı və beləliklə də üç ölkənin bu xüsusda daha böyük rol oynamış olacağını faktını vurğuladılar;

-         Tarixi İpək Yolunun dirçəldilməsi və Şərq-Qərb nəqliyyat dəhlizlərində yerləşən üç ölkənin mövqelərinin möhkəmləndirilməsi üçün Türkiyə-Gürcüstan-Azərbaycan nəqliyyat marşrutunda əlaqələrin möhkəmləndirilməsinə sadiqliklərini bir daha təsdiq etdilər;

-         Dəmir yolu və dəniz nəqliyyatı kimi davamlı nəqliyyat modullarının effektiv inteqrasiyası ilə nəqliyyat hərəkətinin təhlükəsizliyinin artırılması, ətraf-mühit, enerji səmərəliliyi və daha təhlükəsiz nəqliyyat fəaliyyətlərinə dair davamlı inkişaf məqsədlərinə nail olunması üçün Xəzər regionunda çoxmodullu nəqliyyat xidmətlərinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğuladılar;

-         Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Xəzər dənizində yük daşımalarını asanlaşdıracaq ikitərəfli razılaşmaların həyata keçirilməsi vasitəsilə üç ölkə arasında birgə nəqliyyat xidmətlərinin təşviqinin əhəmiyyətini və sərhəd keçidində üzləşilən problemlərin cavablandırılması üçün hər üç ölkənin nəqliyyat və gömrük ekspertlərini bir araya gətirəcək Birgə Nəqliyyat üzrə üçtərəfli komitənin yaradılmasının mümkünlüyünü qeyd etdilər;

-         Müvafiq ölkələrin gömrük administrasiyaları arasında mövcud olan yaxşı əməkdaşlıqdan məmnunluqlarını ifadə etdilər, tutumun artırılması məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolunda bütün növ mallarda hamar ticarət axınını təmin etmənin və gömrük proseduralarında tənzimləməni davam etdirməyə razılaşdılar;

-         Türkiyə Səhiyyə Nazirliyinin dövlət-özəl səhiyyə layihələri, onkoloji müalicə metodları, təcili tibbi xidmətin təşkili ilə bağlı təlim kursları vermək təklifini alqışladılar;

-         Tibbi turizm sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasını və səhiyyə xidmətlərində ən yaxşı təcrübələri bölüşməyi qərara aldılar;

-         Üç ölkənin müvafiq təşkilatları arasında mətbuat və informasiya sahəsində əməkdaşlığı təşviq edirlər;

-         Ölkələr arasında üçtərəfli qardaşlaşmış şəhər mexanizminin təsis olunması ideyasını təsdiq edirlər;

-         Ölkələr arasında insanlararası təmasların daha da genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, elm, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahəsi də daxil olmaqla, humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğuladılar və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqlarını ifadə etdilər;

-         Mədəniyyətlərarası münasibətlərdə tələbələrin əhəmiyyətini vurğuladılar və tələbə hərəkətliliyini və məzun fəaliyyətlərini təşviq edəcəklərinə sadiqliklərini bəyan etdilər;

-         Ətraf mühitin qorunması, meşəçilik, torpaqdan istifadə, su ehtiyatlarından dayanıqlı istifadə və su tullantılarının emalı sahələrində kommunikasiya və məlumat mübadiləsinin gücləndirilməsinin əhəmiyyətini vurğuladılar və bu sahələrdə təlim və məşğələlər təşəbbüsləri ilə çıxış etməyə hazır olduqlarını ifadə etdilər;

-         Bugünədək  icra olunmuş fəaliyyətlərə dair müzakirələr apardılar və 2017-2019-cu illər üzrə üçtərəfli sektoral əməkdaşlıq üzrə Fəaliyyət Planının davam etdirilməsinin vacibliyini vurğuladılar;

Növbəti üçtərəfli görüşün Gürcüstanda keçirilməsi ilə bağlı razılığa gəldilər.



Mevlüt Çavuşoğlu
Türkiyə Republikasının xarici işlər naziri

 

Davit Zalkaliani
Gürcüstanın xarici işlər naziri

 

Elmar Məmmədyarov
Azərbaycan Respublikasının xarici işlər naziri

növbəti xəbər əvvəlki xəbər