2018-10-24
No:269/18, Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi

Nazir Elmar Məmmədyarov Azərbaycanın ABŞ ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirərək bir sıra sahələrdə, xüsusilə terrorizmə qarşı mübarizə çərçivəsində sıx əməkdaşlıq həyata keçirildiyini qeyd etdi. Eləcə də, nazir Elmar Məmmədyarov ABŞ hökumətinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirdi.  

İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan C.Bolton ABŞ-ın Azərbaycanla münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.

Öz növbəsində, C.Bolton Azərbaycanın terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini qeyd etdi.

Qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən nazir Elmar Məmmədyarov mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bildirdi. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunu diqqətə çatdıran nazir Elmar Məmmədyarov münaqişənin həllində davamlı sülhə nail olunması üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu və bu ərazilərdən zor gücü ilə qovulan insanların öz evlərinə geri qayıtmalı olduqlarlını diqqətə çatdırdı.

Görüş zamanı tərəflər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və tranzit layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi haqqında müzakirələr apardılar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


 
 
növbəti xəbər əvvəlki xəbər