2018-10-04
No:252/18, Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni Baş katibi Bağdad Amreyevi qəbul edib

Nazir Elmar Məmmədyarov Bağdad Amreyevi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi seçilməsi münasibətilə təbrik etdi.

B.Amreyev öz fəaliyyətində Dövlət başçılarının qəbul etdiyi qərarlar əsasında Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırdı. O, Azərbaycanın bu işdə həmişə dayaq olacağına ümidvar olduğunu bildirdi. Bu mənada Türk Şurasının bir beynəlxalq qurum olaraq 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə toplantısında təsis edilməsinin tarixi əhəmiyyəti vurğulandı.     

Görüş əsnasında Türk Şurasına daxil olan ölkələr və xalqlar arasında dil və mədəniyyət sahələrində mövcud olan ortaq mirasın müasir dövrün tələblərinə uyğun olaraq təbliğ və təşviq etməsinin münasib yolları və bu məqsədlə aparılmalı islahatlar müzakirə edildi. Ölkələrimiz arasında iqtisadi-ticari və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensilaın mövcud olduğu qeyd edildi. Həmçinin, Türk Şurasının BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığının dərinləşdirilməsi istiqamətində aparılan işlər müzakirə olundu.

Nazir Elmar Məmmədyarov Baş katib Bağdad Amreyevə fəaliyyətində uğurlar arzu etdi və Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinə gələcəkdə də töhfəsini davam verəcəyini söylədi. 

növbəti xəbər əvvəlki xəbər