2018-09-26
No:223/18, Qoşulmama Hərəkatının Nazirlər Konfransında Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun Bəyanatı
 “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin dəstəklənməsi: sülh mədəniyyətinə doğru”

26 sentyabr 2018Nyu York

 

Cənab Prezident,

Əziz dostlar,

Xanımlar və cənablar,

İlk öncə, bugünkü görüşün keçirilməsi və Hərəkatın mövcud prinsipləri, idealları və məqsədlərinin təşviqi istiqamətində sədrlik edərək göstərdiyi səyləri üçün Venesuela Bolivar Respublikasına dərin təşəkkürümüzü bildirmək istərdik.

Tarixi boyunca, Qoşulmama Hərəkatı Bandunq prinsiplərinə sadiq qalmağı təmin edərək beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayıb. Dünyanın üzləşdiyi sülh və təhlükəsizliyə qarşı təhdidlər beynəlxalq hüquqi sistemin gücləndirilməsinə və münaqişələrin qarşısını almaq və həll etmək üçün bütün səviyyələrdə ikiqat səylər göstərməyə çağırır. Bu xüsusda, dövlətlərarası münasibətlərdə rəhbər tutulan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə və onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət olunması vacibdir.

Ərazi əldə edilməsi üçün güc tətbiq olunmasının yolverilməzliyi prinsipi və beynəlxalq hüququn ciddi pozuntuları nəticəsində yaranmış vəziyyətlərin tanınmaması öhdəliyi universal şəkildə və qeyd-şərtsiz tətbiq olunmalı və gücləndirilməlidir.

Nəzərdən keçirilən mövzu ilə bağlı Azərbaycanın mövqeyi məlumdur və bu mövqe ölkənin digər amillər arasında, silahlı təcavüz, etnik təmizləmə və qanunsuz xarici hərbi işğala məruz qalma təcrübəsindən qaynaqlanır.

Venesuelanın Margarita adasında 2016-cı ilin sentyabrında keçirilən NAM XVII sammitində dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə (Qət/ № 822, 853, 874 və 884) rəğmən, Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyə təhdid yaratmaqda davam etməsinə öz təəssüflərini ifadə etdilər. Bu həmrəylik Hərəkatın bir daha təcavüz, xarici hərbi işğal və etnik təmizləməyə qarşı böyük sədaqətini nümayiş etdirdi.

Təəssüf ki, Ermənistanla  Azərbaycan arasında münaqişənin həlli ilə bağlı bu gün sizinlə bölüşmək üçün yaxşı xəbərim yoxdur. Ermənistanın yeni rəhbərliyi ziddiyyətli və məsuliyyətsiz bəyanatlar verərək münaqişənin sülh yolu ilə həllində istəksizliyini nümayiş etdirir. Belə təxribatçı yanaşma, danışıqlar prosesində müsbət inkişaflar əldə etməyə xidmət etməyəcək və yerində gərgin olan vəziyyəti daha da pisləşdirəcəkdir.

Biz beynəlxalq ictimaiyyəti beynəlxalq hüquq normalarına uyğun hərəkət etməsi və Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini həyata keçirməsi üçün Ermənistana güclü ismarış göndərməyə çağırırıq.

Əziz dostlar,

Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının növbəti Zirvə toplantısı 2019-cu ilin 14-15 iyun tarixlərində Bakıda keçiriləcək. Sammit çərçivəsində 10-11 iyun 2019-cu il tarixlərində Baş Katiblərin Hazırlıq Yığıncağı və 12-13 İyun 2019-cu il tarixlərində Nazirlərin Hazırlıq Yığıncağı keçiriləcəkdir. Bu bizim üçün 2016-cı ilin sentyabrında Venesuela Bolivar Respublikasının Margarita adasında keçirilən dövlət və hökumət başçılarının görüşü və o vaxtdan etibarən keçirilən nazirlərin görüşündən sonra gördüyümüz işlər nəticəsində əldə etdiyimiz tərəqqini qiymətləndirmək üçün gözəl bir fürsət olacaq.

Bakı sammiti ilə Azərbaycan Hərəkatın sədrliyini üzərinə götürəcəkdir. Növbəti sədr qismində biz müharibəyə qarşı və sülhsevər qüvvə kimi Hərəkatın rolunun gücləndirilməsi və BMT-nin Nizamnaməsi və Bandunq prinsiplərinin dəstəklənməsi, həmçinin Birləşmiş Millətlər Təşkilatı ilə çoxtərəfli əlaqələrin təşviq edilməsi, qorunması və gücləndirilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik.

Azərbaycan Hərəkata sədrliyini bütün üzv ölkələr üçün kritik bir dövrdə qəbul edir və bu, müasir dünyanın çağırışlarına uyğun və effektiv reaksiyalarımızı tələb edir. Azərbaycanın Hərəkata sədrliyi Bandunq prinsiplərinin (2020) 65 illiyi və NAM-in yaranmasının 60 illiyi (2021) ilə üst-üstə düşəcəkdir. Hər iki ildönümü bizə bu günədək əldə edilmiş nailiyyətlərdən bəhrələnmək və qarşılaşdığımız çoxşaxəli və ortaya çıxan problemlərə üzv dövlətlərin ümumi baxışı və birləşdirilmiş gücü ilə necə cavab verməli olduğumuzu əks etdirmək üçün mükəmməl bir məqam olacaq.

Təşəkkür edirəm.

növbəti xəbər əvvəlki xəbər