2018-09-07
No:194/18, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti 6-7 sentyabr 2018-ci il tarixlərində Litva Respublikasına səfər edib

2018-ci ilin 6-7 sentyabr tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Litva Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Litvanın Xarici İşlər naziri Linas Linkəviçyus, Hökumət kansleri Algirdas Stançonitis, Litva Seyminin Xarici əlaqələr komitəsinin rəhbəri Yuozas Bernatonis, Litva Prezidentinin siyasi məsələlər üzrə Baş müşaviri Neriyus Aleksiejunas, Seymdə Azərbaycanla dostluq qrupunun rəhbəri Baltik Assambleyasının Prezidenti Valeriyus Simulik ilə görüşlər keçirmişdir. Səfər zamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Litva Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr aparılmışdır. Məsləhətləşmələrdə Litva nümayəndə heyətinə Litva Xarici işlər nazirinin müavini Darius Skusəviçyus rəhbərlik etmişdir.

Görüşlər zamanı iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə, əməkdaşlıq-tərəfdaşlıq ənənələrinə əsaslandığı, bu münasibətlərin bu gün də uğurla genişləndirilməsi və dərinləşdirilməsi barədə müzakirələr aparılmış, ölkələrimizin ikitərəfli olduğu kimi, çoxtərəfli müstəvidə də aktiv və səmərəli səkildə əməkdaşlıq etdiyi bildirilmişdir.

Hər iki ölkənin müstəqilliyinin və dövlətçiliyin bərpasının 100 illik yubileyi qeyd edilmiş və müstəqilliyin bərpasından sonra ölkələr arasındakı münasibətlərin uğurlarla inkişafı vurğulanmışdır.

Görüşlər zamanı iki ölkə arasında iqtisadi əlaqələr müzakirə edilmiş, qeyri-neft sektoru, kənd təsərrüfatı, infrastruktur, informasiya texnologiyaları, mədəniyyət, təhsil, turizm, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün perespektivlər müzakirə edilmişdir. Hər iki ölkənin iqtisadi əməkdaşlıq üçün geniş imkanları əsasında hazırki ticarət dövriyəsinin artırılması zərurəti hər iki tərəfdən təsdiq edilmişdir. Hökümətlərarası İqtisadi-Əməkdaşlıq Komissiyasının növbəti iclasında bu məsələ ilə bağlı müvafiq təkliflərin müzakirə edilməsi, zəruri təqdbirlərin görülməsinin vacibliyi qeyd edilmişdir.  

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılmış, Avropa İttifaqının regional münaqişələrə münasibətdə vahid mövqedən çıxış etməsinin zəruriliyi vurğulanmış, mövcud münaqişələrin beynəlxalq hüquq normlarına uyğun olaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət və riayət edilməsi əsasında həll olunmasının labüdlüyü qeyd edilmişdir.

Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəyə verdiyi töhfə və NATO çərçivəsində səmərəli əməkdaşlığın davam etdirilməsi yüksək qiymətləndirilmişdir. Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq müqaviləsinin tezliklə razılaşdırılmasının başa çatdırılmasının əhəmiyyəti vurğulanmışdır. Həmçinin, Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyində Cənub Qaz Dəhlizi vasitəsilə töhfəsinin əhəmiyyəti qeyd edilmişdir.

Siyasi məsləhətləşmələr zamanı iqtisadi əməkdaşlığın vacibliyi bildirilmiş, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri və Azərbaycanın iştirak etdiyi digər beynəlxalq nəqliyyat qovşaqları haqqında məlumat verilmiş, bu yolların Litvanın və bölgə ölkələrinin Mərkəzi Asiya və digər Cənub ölkələrinə logistik çıxışları üçün əlverişliyindən danışılmışdır. Uğurla davam edən Cənub Qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi, Baltik, Qara dəniz və Xəzəri birləşdirən “Vikinq” nəqliyyat dəhlizi barədə fikir mübadiləsi aparılmışdır. Ölkə şirkətlərinin bu imkanlardan geniş istifadə etməsi müzakirə olunmuşdur.

Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Litva və Azərbaycan qurumları arasında uğurla davam etdirilən layihələrin icrası barədə məlumat verilmişdir. Oxşar layihələrin daha çox sahələri əhatə etməsinin arzu olunduğu qeyd edilmişdir.

Görüşlərdə həmçinin, regionda və dünyada baş verən siyasi hadisələrlə bağlı müzakirələr, hazırkı geosiyasi vəziyyətdə ölkələrimizin milli maraqlarına dair fikir mübadilələri də aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər