2018-06-05
No:141/18, Nazir Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovu qəbul edib
Etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edən səfir Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə Azərbaycan və Bolqarıstan arasındakı ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.

Nazir Elmar Məmmədyarov səfir Nikolay Yankova diplomatik fəaliyyətində uğurlar arzu etdi.

Görüşdə Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın strateji tərəfdaşlıq müstəvisində inkişafından və yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə edildi. Əsası qoyulmuş Cənub Qaz dəhlizi və onun tərkib hissəsi olan TANAP və TAP layihələrinin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradacağına əminlik qeyd olundu.

Nazir Elmar Məmmədyarov Bolqarıstanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dair davamlı mövqeyinin yüksək qiymətləndirildiyini vurğuladı.

Görüşdə ikitərəfli gündəliyə aid məsələlərə dair geniş fikir mübadiləsi aparıldı.


növbəti xəbər əvvəlki xəbər