2018-05-30
No:136/18, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniya Federativ Respublikası Bundestaqının üzvü Nikolas Löbeli qəbul etdi
29 may tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniya Federativ Respublikası Bundestaqının Xarici Əlaqələr, eləcə də Mədəniyyət və Mətbuat Komitələrinin üzvü, CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) fraksiyasından olan deputatı Nikolas Löbeli qəbul etdi.

Baden-Vürtemberq əyalətindən ilk dəfə parlamentə seçilmiş gənc Bundestaq üzvü N.Löbel, CDU/CSU fraksiyasında Qafqaz regionu üzrə məruzəçidir. O, məruzəçi olduğu ölkələrindən ilk səfərini məhz Azərbaycana həyata keçirməkdədir.
X.Xələfov ölkələr arasında yüksək səviyyəli siyasi dialoqdan məmnunluğunu ifadə edərək, bunun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini qeyd etdi.

N.Löbel ölkəmizə səfərinin Cumhuriyyətimizin 100 illiyi ilə üst-üstə düşdüyünü böyük maraq ilə bildirdi. Azərbaycanın Almaniya üçün vacib tərəfdaşlardan biri olduğunu vurğuladı. Ölkəmizin Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu xüsusilə qeyd etdi.

Tərəflər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirdi.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi və bu münaqişənin regional təhlükəsizlik və sabitlik üçün təhdid olduğu vurğulandı. N.Löbel münaqişənin həll olunmasında Avropa İttifaqının digər üzvləri ilə fəal işləyəcəklərini qeyd edərək, status-kvonun qəbuledilməzliyini bir daha bəyan etdi və ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğuladı. O, Almaniyanın münaqişənin sülh yolu ilə həllinə dəstək göstərəcəyini bildirdi.

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərinin müzakirəsi çərçivəsində X.Xələfov Avropa İttifaqı ilə müzakirə olunan yeni sazişin razılaşdırılmasının sona çatmaqda olduğunu bildirdi.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
növbəti xəbər əvvəlki xəbər