2018-05-27
No:135/18, Xarici işlər naziri Elmar Məmmədyarov və Fransa Respublikasının xarici işlər naziri Jan-Iv Lö Drianın birgə mətbuat konfransı
Elmar Məmmədyarov: Xanımlar və cənablar, hörmətli media mənsubları,

Bildiyiniz kimi Fransa Respublikasının xarici işlər naziri Jan-Iv Lö Drian Azərbaycanda rəsmi səfərdədir.

- Bu gün biz ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, ticarət kimi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdik. Cənab nazir Jan-Iv Lö Drian cənab Prezident İlham Əliyevlə bugun səhər görüşüblər və iki saata yaxın danışıqlar aparıblar. Ümumiyyətlə, 1997-ci ildən etibarən Fransa xarici işlər nazirinin ilk rəsmi səfəridir.

Bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini təntənəli qeyd edir və Fransanın da burada rolu vardır. . Belə ki, Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il 11 yanvarda de-fakto tanınması həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə 100 nəfər gənc tələbə təhsil almaq üçün xaricə göndərilib. Onların sırasında 50-ə yaxın azərbaycanlı tələbə Fransanın müxtəlif elm ocaqlarında təhsil alıb. Azərbaycanlı tələbələr Paris Universiteti, Nansi Universiteti, Lion Universiteti, Tuluza Ali Texniki Məktəbi, Nansi Ali Toxuculuq məktəbində gəmiqayırma, tibb, fizika-kimya, geologiya və s. müxtəlif ixtisaslara yiyələniblər.

Bu gündə Fransa və Azərbaycan arasında təhsil sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Bu xüsusda Birgə Azərbaycan-Fransız Universitetinin təsis edilməsinin mühüm əhəmiyyəti vardır.

Həmkarımla Azərbaycanın xüsusi imtiyazlı rejim əsasında fəaliyyət göstərən sənaye parklarında və sənaye məhəllələrində Fransa şirkətlərinin iştirakı və birgə istehsalat müəssisələrinin yaradılması məsələlərini müzakirə etdik. Hal-hazırda Fransanın 50-dən artıq şirkəti Azərbaycanda fəaliyyət göstərir. Onların arasında ilk növbədə enerji sahəsində TOTAL Şirkətidir. “ARİANESPACE” şirkəti Azərbaycanın ilk kosmik peykinin buraxılmasında iştirak edib. Digər şirkətlər, məsələn Fransa istehsalı olan “BakuBus” avtobusları Azərbaycanda fəaliyyət göstərirlər.

Həmçinin, həmkarımla həm tək təkbətək, həm də geniş tərkibli görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə etdik. Biz ümidvarıq ki, Fransa ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ilə birlikdə münaqişənin tezliklə həll olunması və regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün səylərini artıracaqdır.

Avropa İttifaqı ilə bağlı müzakirələr apardıq. Bilirsiniz ki, Azərbaycan əməkdaşlıq sazişini müzakirə edir və bu danışıqlarda xeyli irəliləyişlər var. Əlbəttə ki, Aİ üzv ölkəsi kimi, Avropa İttifaqı qurumları ilə əlaqələrimizin inkişafında Fransanın dəstəyinə ümidvarlığımı ifadə etdim.

Təşəkkür edirəm.


növbəti xəbər əvvəlki xəbər