2018-05-07
No:113/18, Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 45-ci sessiyasında çıxışı
5-6 may 2018-ci il, Dəkkə, Banqladeş Xalq Respublikası

Bismillahir Rahmanir Rahim

Hörmətli cənab sədr,

Cənab Baş katib,

Zati-aliləri, xanımlar və cənablar,

Mən, "Davamlı Sülh, Həmrəylik və İnkişaf üçün İslam dəyərləri" mövzusunda sessiyanın yüksək səviyyədə təşkilinə görə Sədrə və İƏT-in Baş Katibinə səmimi təşəkkürümü bildirmək istərdim. Fürsətdən istifadə edərək nümayəndə heyətimizə göstərilən qonaqpərvərliyə görə Banqladeş Hökumətinə və xarici işlər nazirləri şurasının 44-cü sessiyasının sədri qismində gördüyü işlər üçün Kot dİvuar Dövlətinə təşəkkürümü bildirirəm.

Fürsətdən istifadə edərək İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Ahmed Əl-Otaimen və İƏT Üzv Dövlətlərinə cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə ünvanlanmış təbriklərə görə təşəkkür edirəm

Hörmətli həmkarlar,

İslam dünyasının ağrılı məsələlərindən biri dünyada ən böyük qaçqın böhranı olan Rohinqya Müsəlmanlarının vəziyyətidir. 2017-ci ildə Azərbaycan kütləvi zorakılıq və etnik təmizləmənin nəticəsindən əziyyət çəkən Rohinqya müsəlmanlarına 100 ton humanitar yardım ayırmış ilk ölkələrdən biridir və biz ehtiyacı olanlara yardım göstərməkdə davam edəcəyik.

Azərbaycan bir sıra İƏT üzv dövlətlərində daha böyük təhlükəsizlik problemlərinə, bəzi regionlarda siyasi qeyri-sabitliyə, geniş miqyaslı deportasiya və misli görünməmiş humanitar böhrana səbəb olan müharibələr və silahlı münaqişələrdən dərin narahatlıq keçirir.

Azərbaycan, xüsusilə Fələstin, Cəmmu və Kəşmir və Avropada müsəlman azlıqları üzrə İƏT Kontakt qrupları olmaqla, digər İƏT üzv ölkələri ilə birlikdə üzv olduğu Kontakt qruplarının fəaliyyətini intensivləşdirmək üçün səylərini davam etdirəcəkdir.

İsrail-Fələstin sərhədində baş verən qanlı qarşıdurmalar bizim dərin narahatlığımıza səbəb olur. Biz, üzv dövlətlər və İƏT, bu qarşıdurmaları dayandırmaq üçün mümkün qədər səy göstərməliyik. Əvvəllər olduğu kimi, Azərbaycan bu məsələyə öz töhfəsini verməyə hazır olduğunu bəyan edir və biz Fələstin məsələsinin ədalətli və davamlı həlli üçün həmrəyliyimizi və davamlı dəstəyimizi təsdiqləyirik. Azərbaycan Şərqi Əl-Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

2017-ci ilin 20-21 iyul tarixlərində Azərbaycan BMT-nin Fələstin Xalqının Ayrılmaz Hüquqlarının İcrası üzrə Komitəsi və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “Qüds Məsələsi üzrə Beynəlxalq Konfrans”a ev sahibliyi etmişdir. Konfransın yekunu olaraq təşkilatçılar adından qəbul edilmiş Kommunikede Əl-Əqsa məscidinin bağlanması və orada ibadətə qoyulan məhdudiyyətlər qınanılmışdır.

3-6 aprel 2018-ci il tarixlərində, Qoşulmama Hərəkatı Üçlüyünün (Troika) üzvü qismində Azərbaycan “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin 18-ci aralıq nazirlər konfransına ev sahibliyi etmişdir. Bu tədbir çərçivəsində həmçinin, Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilmişdir. Bakı Bəyannaməsinin yekun sənədində, pozuntulara tamamilə son qoymaq üçün ciddi, kollektiv səylərə çağırışlar təkrar olunmuşdur.

Biz həmçinin, 2018-ci ilin sonunda Bakıda Fələstin Dövlətinin Asiyada akkreditə olunmuş səfirlərinin illik toplantısına ev sahibliyi etməyi planlaşdırırıq. Hesab edirəm ki, bu, Fələstin xalqı və dövlətinin mövcud problemlərinin müzakirəsi üçün əlverişli imkan yaradacaq.

Hörmətli həmkarlar!

Gələcək inkişafımız gənc nəslin təhsili və sağlamlığına, onların məşğulluğuna bağlıdır. 17-19 Aprel 2018-ci il tarixində İƏT üzv dövlətlərinin nümayəndələri xüsusilə İƏT üzv ölkələrində qlobal inkişaf gündəmində gənclərin və idman məsələlərinin "İƏT-in 2025-ci il üzrə Fəaliyyət Proqramı" tərəfindən prioritetləşdirilməsindən ilhamlanaraq İslamın sülh dini olduğunu bir daha bəyan edən və gənclərin inkişafının əhəmiyyətini, ümumilikdə müsəlman icmaları arasında inkişaf, sülh və təhlükəsizliyin təşviq edilməsində gənclərin rolunun artırılmasının vacibliyini vurğulayan Bakıda Gənclər və İdman Nazirlərinin İslam Konfransının 4-cü sessiyasında iştirak edib.

Əziz qardaşlar!

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20% -i, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal olunduğu, həmçinin təxminən bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi təsdiq olunmuş faktdır. Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələr qəddar şəkildə məhv edilmiş və təhqirə məruz qalmışdır. Ermənistanı açıq şəkildə işğalçı kimi tanıyan BMT və onun Təhlükəsizlik Şurası və İƏT qətnamələri işğalçı ilə münasibətlərin inkişaf etdirilməsini istəyən bütün müsəlman ölkələrinə əsas mesaj olmalıdır, çünki Ermənistanın işğalçı siyasəti yalnız Azərbaycanın dini və mədəni irsinə deyil, ümumiyyətlə İslamın tarixi və mədəni irsinə qarşı bir hücumdur.

İƏT-ə üzv ölkələrinin İƏT Nazirlər qətnamələrində əks olunmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə güclü və ədalətli mövqeyinə görə təşəkkür edirəm.

Hörmətli Həmkarlar!

Azərbaycan bütün dünyada İslam dəyərlərini təşviq etmək üçün ardıcıl işləyərək Fransanın məşhur Luvr muzeyində İslam İncəsənəti Bölməsinin təşkilinə fəal şəkildə töhfə vermiş və Vatikanda sərgisini nümayiş edilən ilk müsəlman ölkəsi olmuşdur. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. 2018-ci ildə daha bir qədim Azərbaycan şəhəri olan Naxçıvan bu fəxri ada layiq görülmüşdür. 2018-ci il iyunun 20-də Naxçıvan şəhərində İƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə "Naxçıvan, İslam Mədəniyyətinin Paytaxtı-2018" adlı tədbirin açılış mərasimi keçiriləcək.

Çıxışımın sonunda, fürsətdən istifadə edərək 21 dekabr 2017-ci il tarixində İƏT-in qərargahında Bakının "Expo-2025" -ə ev sahibliyi etmək üçün namizədliyinə dair təqdimatın keçirilməsi üçün yaxın əməkdaşlığa görə İƏT-ə təşəkkür edir və ümmətimizə davamlı inkişaf, güclü həmrəylik, sülh və sabitlik arzulayıram.

Təşəkkür edirəm.

Essalamu aleykum va rahmatullahi va berekatuhu






növbəti xəbər əvvəlki xəbər