2018-05-04
No:112/18, Azərbaycan, Türkiyə və Ukrayna Xarici İşlər Nazirlikləri arasında birinci üçtərəfli siyasi məsləhətləşmələr keçirilib
4 may 2018-ci il tarixində Bakıda Azərbaycan, Türkiyə və Ukrayna Xarici İşlər Nazirlikləri arasında birinci üçtərəfli siyasi məsləhətləşmələr keçirilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan, Türkiyə və Ukrayna xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov, Ümit Yardım və Vasiliy Bodnar rəhbərlik etdi.

Görüşdə ikitərəfli əsasda üç ölkə arasındakı münasibətlərin mövcud səviyyəsi yüksək qiymətləndirildi və üçtərəfli formatda siyasi məsləhətləşmələrin yeni əməkdaşlıq imkanları yaradacağına və ölkələrimiz arasındakı ənənəvi dostluğu və tərəfdaşlığı daha gücləndirəcəyinə əminlik ifadə olundu.

Siyasi məsləhətləşmələr zamanı tərəflər beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bu ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə etdilər. Tərəflər həmçinin, beynəlxalq və regional məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi apardı və nəqliyyat, enerji, iqtisadi-ticarət, təhsil, turizm və terrorizmə qarşı mübarizə də daxil olmaqla digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etdilər.

Üçtərəfli siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsi və bu formatda əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi barədə razılıq əldə olundu.


növbəti xəbər əvvəlki xəbər