2018-05-03
No:110/18, Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ilə görüşüb
Görüşdə Azərbaycan və ABŞ arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu və ikitərəfli platformada əməkdaşlığın daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıldı.

E.Məmmədyarov qonaqlara Azərbaycanın xarici siyasət proritetləri, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılmış və gündəmdə olan genişmiqyaslı enerji layihələri, qeyri-neft sektorunun inkişafı istiqamətləri barəsində məlumat verdi.

Regionda sabitlik və təhlükəsizlik üçün başlıca təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində danışan E.Məmmədyarov beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə cəhdlərin yolverilməz olduğunu bildirdi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin də tələb etdiyi kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasının labüdlüyünü və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğuladı.

Nümayəndə heyətinin rəhbəri Robert Qudlat ABŞ-ın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini bildirdi və əməkdaşlığın müxtəlif sahələri üzrə əldə edilmiş uğurların yeni perspektivlər vəd etdiyini əlavə etdi.

Görüşdə həmçinin beynəlxalq və regional gündəliyin müxtəlif məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər