2018-03-09
No:057/18, Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan və Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələr üzrə yüksək səviyyədə inkişafından məmnunluq ifadə etdi. İki ölkənin regional məsələlər üzrə baxışlarının üst-üstə düşdüyünü, beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyini bildirən nazir Elmar Məmmədyarov, ölkələrimiz arasında iqtisadi, nəqliyyat və enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlığın mövcudluğunu və əhəmiyyətini diqqətə çatdırdı.

Nazir mart ayının 15-də Bakıda keçiriləcək Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündən bəhs edərək, bu görüşün ölkələrimiz arasında regional əməkdaşlığın hərtərəfli inkişafına təkan verəcək yeni format olduğunu bildirdi.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Levan İzoria Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə çox maraqlı və faydalı görüş keçirdiyini bildirdi. Strateji tərəfdaşlıq və dostluğumuzun regionun sabitliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir iki ölkə arasında müdafiə sahəsində çox geniş əlaqələrin və hərtərəfli fəaliyyət proqramının mövcudluğunu vurğuladı.

Görüşdə Azərbaycan və Gürcüstan arasında müdəfiə və təhlükəsizlik sahəsində əməkdaşlığın regional sülh və sabitliyin təmin olunmasına, xüsusilə ölkələrimizin iştirakı ilə reallaşan iri-miqyaslı nəqliyyat və enerji layihələrinin mühafizəsinin effektiv şəkildə təşkil olunmasına xidmət etdiyi bildirildi.
növbəti xəbər əvvəlki xəbər