2017-11-30
No:347/17, Xarici işlər naziri Elmar Məmmədyarov Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarla görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov “Asiyanın Qəlbi”-İstanbul Prosesi çərçivəsində Bakıda keçiriləcək VII Nazirlər Konfransında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Hindistan Respublikasının xarici işlər üzrə dövlət naziri Mobaşar Caved Akbarla görüşüb.

Görüşdə 2017-ci ilin Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlamətdar olduğu bildirilərək, ikitərəfli siyasi münasibətlərin irəlilədilməsi baxımından qarşılıqlı yüksək səviyyəli səfərlər mübadiləsinin, eləcə də bu vaxta qədər artıq 3 raundu baş tutmuş Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin davam etdirilməsinin vacibliyi vurğulandı.

Həmçinin, beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin son statusu barəsində qonağa məlumat verən nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bəyan etdi.

İkitərəfli iqtisadi münasibətlərin genişləndirilməsinə ehtiyac olduğunu vurğulayan tərəflər investisiya qoyuluşu, informasiya texnologiyaları, enerji, kənd təsərrüfatı, tikinti, əczaçılıq və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd etdilər. Bu xüsusda, Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini müsbət qiymətləndirdilər.

Həmçinin Hindistanın Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin tranzit imkanlarından faydalanmasının iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyi qeyd edildi və layihə üzrə Əlaqələndirici Şuranın iclaslarının əhəmiyyəti vurğulandı.

Görüşdə həmçinin “Asiyanın Qəlbi”-İstanbul Prosesinin regional dövlətlər arasında dialoqun gücləndirilməsi və etimadın qurulması baxımından əhəmiyyətli platforma olduğunu qeyd olundu.

növbəti xəbər əvvəlki xəbər