2017-11-02
No:310/17, Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilərək qarşılıqlı səfərlərin əhəmiyyətindən söz açıldı. Tərəflər bu səfərin parlamentlərarası əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminlik ifadə etdilər.

Azərbaycan-İtaliya münasibətlərinin hazırkı vəziyyəti və onların inkişaf etdirilməsi yolları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılaraq iki ölkə arasında siyasi, iqtisadi, enerji, habelə mədəniyyət, turizm və təhsil sahələrində əməkdaşlığın hazırkı inkişaf səviyyəsinin xalqlarımızın maraqlarına cavab verdiyi qeyd olundu. Bu xüsusda, ölkələrimiz arasında mövcud siyasi və iqtisadi münasibətlərin yüksək səviyyəsi təqdir edilərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırıldı.

İtaliyanın Avropa İttifaqında Azərbaycanın mühüm ticarət tərəfdaşı olduğu qeyd olunaraq Cənub Qaz dəhlizinin vacib komponenti olan TAP layihəsinin strateji əhəmiyyətinətoxunuldu. TAP layihəsi çərçivəsində işlərin qrafikə uyğun olaraq vaxtında başa çatdırılacağına ümidvarlıq ifadə olundu. Linda Lanzillotta TAP layihəsinin İtaliya və Avropanın enerji təhlükəsizliyində mühüm rola malik layihə olduğunu bildirdi.

Nazir Elmar Məmmədyarov Bakının "EXPO 2025" namizəd şəhərlərdən olduğunu qeyd edərək son illər ərzində paytaxt Bakı və Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırdı.

Xanım Linda Lanzillotta Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfəsinin, dünyəvi dövlət olaraq yürütdüyü mötədil siyasətinin yüksək qiymətləndirildiyini vurğuladı.

Görüşdə həmçinin parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
növbəti xəbər əvvəlki xəbər