2017-10-25
No:302/17, Xarici işlər naziri Elmar Məmmədyarov İtaliya xarici işlər naziri Angeliono Alfano ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov 24-25 oktyabr 2017-ci il tarixində Palermoda keçirilən ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano ilə görüşüb.

Görüşdə Azərbaycan və İtaliya arasında qarşılıqlı anlaşma, dostluq və dialoqa əsaslanan münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edildi və əlaqələrin daha da dərinləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı.

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano Elmar Məmmədyarovun konfransda iştirakını yüksək qiymətləndirdi və buna görə təşəkkür etdi. O, Azərbaycanı İtaliyanın etibarlı tərəfdaşı adlandırdı, həmçinin, dünyəvi və mötədil ölkə olan Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiklərini dedi.

İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu qeyd edən Elmar Məmmədyarov, İtaliyanın ölkəmizin Avropa İttifaqında ən mühüm tərəfdaşlarından olduğunu diqqətə çatdırdı.

Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və bu xüsusda TANAP və TAP layihələrinin strateji əhəmiyyətini qeyd etdilər. İtaliya xarici işlər naziri ölkəsinin qaz təchizatının şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsində TAP layihəsinin əhəmiyyətini vurğuladı.

Görüş əsnasında iki ölkə arasında iqtisadiyyat, ticarət, mədəniyyət, elm-təhsil, turizm və digər sahələrdə əməkdaşlığın hərtərəfli inkişafı məmnunluqla qeyd olundu.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan son danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov, nizamlanma ilə bağlı ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktına əsaslanan ədalətli mövqeyini bir daha bəyan etdi. O, Avropa İttifaqının Təhlükəsizlik Strategiyasında təsbit olunduğu kimi dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğuladı.

Angelino Alfano gələn il ATƏT-ə sədrliyi dövründə ölkəsinin prioritetlərinə toxunaraq İtaliyanın münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sülh yolu ilə həllinə yardım edə biləcək səyləri dəstəklədiyini dedi.

Görüşdə Azərbaycan – Avropa İttifaqı münasibətləri nəzərdən keçirildi, İtaliyalı nazir bu əməkdaşlığı dəstəkləməkdə davam edəcəklərini diqqətə çatdırdı. Nazir Elmar Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə davam etdirildiyini vurğuladı.

Nazir Elmar Məmmədyarov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, habelə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi haqqında məlumat verərək bu istiqamətdə əməkdaşlığın əlverişli perspektivlər vəd etdiyini dedi.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
növbəti xəbər əvvəlki xəbər