2017-10-20
No:297/17, Azərbaycan və Meksika arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlığa dair hökumətlərarası saziş imzalandı
"Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş"i imzalandı. Sazişi Azərbaycan Respublikası hökuməti adından xarici işlər nazirinin müavini Xələf Xələfov, Meksika Birləşmiş Ştatları hökuməti adından isə bu ölkənin Azərbaycandakı səfiri Rodriqo Labardini imzaladı.

X.Xələfov Azərbaycan və Meksika arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd etdi. O, 2017-ci ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edilməsilə əlamatdar olduğunu bildirərək bu illər ərzində Azərbaycan və Meksika arasında formalaşmış siyasi dialoqun məmnunluq doğurduğunu diqqətə çatdırdı.

Nazir müavini həmçinin, Azərbaycan və Meksika arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi.

X.Xələfov imzalanmış sazişin müvafiq sahələrdə əməkdaşlığın intensiv şəkildə inkişafına xidmət edəcəyinə əminliyini ifadə etdi. Bu istiqamətdə səylərin artırılması üçün iki ölkənin müvafiq qurumları arasında təmasların artırılmasının vacibliyini vurğuladı.

Azərbaycanın Meksika ilə iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edən nazir müavini bu sahədə qarşılqılı faydalı əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirdi. Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası diplomatiyanın xüsusi rolunu qeyd edən Xələf Xələfov iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi və bu xüsusda, Meksikanın qanunverici orqanı tərəfindən qəbul edilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar qətnamələrin qəbul edilməsini yüksək qiymətləndirdi.

Səfir Rodriqo Labardini ikitərəfli əlaqələrin bütün sahələrdə yüksələn xəttlə inkişaf etdiyini bildirərək, Azərbaycanla Meksika arasında mövcud ticarət dövriyyəsinin 3 dəfəyə qədər artdığını bildirdi.

Həmçinin o, 2016 ci ilin ikinci yarısında iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsinin keçirildiyini, bunun ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini diqqətə çatdırdı.

Səfir iki ölkə arasında mədəni əlaqələrin inkişafına toxunaraq, Səfirlik tərəfindən bu istiqamətdə təşkil edilmiş rəssamlıq sərgilərindən söz açdı. Bu xüsusda, o, Meksika rəssamlıq nümunələrinin yalnız Bakıda deyil, eyni zamanda, Azərbaycanın digər şəhərlərində nümayiş olunduğunu diqqətə çatdırdı.

Səfir imzalanmış sazişin iki ölkə arasında təhsil, elm, gənclər, mədəniyyət və idman kimi humanitar sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyinə və münasibələrimizin inkişafında böyük rol oynayacağına əminliyini ifadə etdi.
növbəti xəbər əvvəlki xəbər