2017-09-13
No:244/17, Xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Kommunist Partiyası Mərkəzi komitəsinin Siyasi Bürosunun və Daimi Katibliyinin üzvü Trank Quok Vuonqla görüşüb

Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Kommunist Partiyası Mərkəzi komitəsinin Siyasi Bürosunun və Daimi Katibliyinin üzvü Trank Quok Vuonqla görüşdü.

Nazir Elmar Məmmədyarov Vyetnama rəsmi səfərinin ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf etdiyini xatırladaraq, ikitərəfli əməkdaşlığın inkişafından məmnun olduğunu bildirdi. Həmçinin, 2019-cu ildə Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfərinin 60 illiyinin qeyd ediləcəyini, bu, eləcə də Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama etdiyi səfərin ikitərəfli münasibətlərin formalaşmasında önəmli mərhələ olduğunu vurğuladı.

Nazir E.Məmmədyarov Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı və Yeni Azərbaycan Partiyasının üzvü Rauf Əliyevin də yer aldığını qeyd edərək, Yeni Azərbaycan Partiyası ilə Vyetnamın Kommunist Partiyası arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd etdi.

Daha sonra E.Məmmədyarov rəsmi səfəri çərçivəsində keçirdiyi səmərəli görüşlər barəsində həmsöhbətini məlumatlandırdı və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından geniş müzakirələrin aparıldığını bildirdi.

Xüsusilə iqtisadi əməkdaşlıq sahəsinə toxunan nazir E.Məmmədyarov Azərbaycanın Vyetnam ilə Avropa arasında nəqliyyat bağlantısı rolunu oynaya biləcəyini diqqətə çatdırdı və Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanlarından danışdı.

Trank Quok Vuonq Azərbaycan və Vyetnamı ənənəvi və uzunmüddətli dost ölkələr adlandıraraq, müxtəlif dövrlərdə ölkəsinə verdiyi dəstəyə görə Kommunist Partiyası adından Azərbaycana təşəkkür etdi. Həmçinin, mövcud əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd etdi.

Görüşdə ölkələrimiz arasında sərmayə qoyuluşu, enerji, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

növbəti xəbər əvvəlki xəbər